• TƏHLİL

    15:40 27 avqust 2021

“Əfqanıstan düyünü” bu dəfə kimi bitirəcək? - TƏHLİL

Əfqanıstandan yenə də həyəcanlı xəbərlər gəlir, ölkə yenə də dünyanın diqqət mərkəzindədir. Yenə də terror, silahlı qarşıdurma, qətllər...

ABŞ və müttəfiqlərinin hərbi qüvvələrini Əfqanıstandan çıxarması qərarı ilə “Taliban”ın hakimiyyətə yiyələnməsi vətəndaş və etnik savaş daha da alovlanmaqdadır.

Əfqanıstan artıq uzun illərdir sabitliyin nə olduğunu bilmir, insanlar rahat həyat düzənini çoxdan unudublar. Maraqlısı budur ki, burda baş verənlər həm də bütün dünyanın rahatlığını pozub. Əfqanıstan düyünü heç bir çözülmür, çözülməsi də mümkün kimi görünmür.

Bu gün Əfqanıstanda baş verənlər ötən əsrin 90-cı illərini xatırladır. SSRİ hərbi qüvvələri Əfqanıstanı tərk etdikdən sonra sovet ordusuna qarşı döyüşmüş Şimal Alyansı qüvvələri - Əhməd Şah Məsud, Əbdürrəşid Dostum, həmçinin, Gülbəddin Hikmətyar, Bürhanəddin Rəbbani və digərlərinin hərbi birləşmələri 1992-ci ildə Məhəmməd Nəcibullanı devirdi. Lakin anti-sovet koalisiyasının hakimiyyəti uzun sürmədi və 1996-cı ildə “Taliban” hücum edərək Kabili ələ keçirdi, ölkədə şəriət hakimiyyətini bərqərar etdi. 2001-ci il 11 sentyabr hadisələrindən sonra isə Əfqanıstan və taliblər ABŞ-ın hərbi müdaxiləsi ilə üz-üzə qaldı və taliblər iqtidardan getməli oldu.

Lakin “Taliban”ın devrilməsi ilə də Əfqanıstana sülh gəlmədi. Ötən əsrin 70-ci illərindən növbəti fazaya daxil olan, daha çox SSRİ-ABŞ qarşıdurması ilə müşayiət olunan savaş bu gün də davam edir, nəticədə yaşayış məntəqələri dağıdılır, əhali kütləvi şəkildə (onların sayı milyonlarladır) Pakistana, İrana, Avropaya qaçır.

Savaş nəticəsində ölkədə ərzaq qıtlığı yaranıb, bir çox müəssisələr fəaliyyətini dayandırıb. Aclıq, dağıntı, qardaş qırğını əhalini fəlakət qarşısında qoyub. Bu da etnik, tayfa və siyasi qrupların silahlı mübarizəsinə arxalanan təməlçi radikal islamçı və millətçi cərəyanların mövqelərinin kəskin surətdə güclənməsinə səbəb olub.

Əfqanıstan artıq uzun illərdir, belə vəziyyətdədir. 1987-ci il yanvarın 15-də qəbul edilmiş "Əfqanıstanda milli barışıq haqqında" bəyannamə qısa zamanda effekt versə də, SSRİ-nin Əfqanıstandan çıxmasından sonra bu ölkədə heç də sülh bərpa olmadı. Əvvəlcə hakimiyyətə “Taliban” gəldi, 2001-ci ildə ABŞ-ın bu ölkəni işğal etməsi ilə demək olar ki, SSRİ-nin atdığı addımları təkrarladı. Bu gün ABŞ Əfqanıstanı tərk eləsə də, bu ölkənin təhlükəsizliyə heç kimin zamin olmasını istəmir.

Daxili didişmələr içində olan “Taliban” digər terrorçu təşkilatların da hədəfindədir. Beləliklə, terrorun baş xətti Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya köçürülür. ABŞ “Ərəb baharı”ndan sonra yeritdiyi siyasi xəttə cüzi dəyişiklik edir. “Ərəb baharı”ndan sonra Vaşinqtonun qurduğu İŞİD həm də terrorçuların yetişdirilməsi missiyasını yerinə yetirirdi. Mərkəzi Asiyadan (Özbək İslam Hərəkatı, Tacikistanda olan radikal islamçılar) Çindəki uyğurlara qədər müxtəlif qruplar “islam dövlətinin bayrağı altında” keçirilən təlimlər İŞİD-in geri çəkilməsindən sonra zəifləmişdi.

Bu gün artıq “Taliban” İŞİD-i əvəz edir. Özbəkistan, Qırğızıstan və Tacikistanı birləşdirən Fərqanə vilayəti terrorçuların nəzarətinə keçir. Suriyada Türkiyənin də yaxından iştirakı ilə məğlub edilən terrorçular taliblər qiyafəsində Əfqanıstanda zühur edir.

Bütün bunlar Vaşinqtona nəyə görə lazımdır? Bu sualın cavabı daha dərindir. ABŞ-Çin qarşıdurmasının getdiyi bir zamanda Çinin sərhədlərində terrorçuları yerləşdirmək Vaşinqtonun əsas planıdır. Digər tərəfdən, 2008-ci il maliyyə böhranından sonra dünyanın geosiyasi şərtlərinin dəyişməsi və Çinin fəal oyunçuya çevrilməsi, 2013-cü ildə Çin lideri Si Cinpinin “Bir kəmər, bir yol” layihəsini rəsmən elan etməsi, 2016-cı ilin sentyabr ayında Xançjo şəhərində keçirilən G-20 sammiti göstərdi ki, Çin və ABŞ arasında qarşıdurma açıq müstəviyə keçib. 2020-ci il pandemiyanın meydana çıxması ilə yeni dünya nizamının qurulması başlanılıb.

Bu gün Avrasiya məkanı dünyanın əsas diqqət mərkəzinə çevrilməkdədir. Vaxtilə SSRİ-yə qarşı Çindən istifadə edən Vaşinqton “Soyuq müharibə”dən sonra Pekinin səssiz böyüməsinin gələcək təhlükə olduğunu anladı və 2005-ci ildən sonra Çinlə mümkün toqquşma ssenariləri üzərində hazırlıqlar başlandı. Amerikalılar Çinə qurudan - Orta Asiyadan müdaxilənin nüvə təhlükəsi yaratdığını anlayırdılar, buna görə də Pekinin dənizdən mühasirəyə alınması strategiyası hazırlandı. ABŞ analitikləri belə hesab edirdi ki, dənizdən mühasirəyə alınmaqla Çin torpaqlarına birbaşa müdaxilə edilməyəcək, beləliklə, Pekinin nüvə təhlükəsi yarada biləcəyi ehtimalı sıradan çıxacaq, əvəzində əsas ixrac və idxal yolları bağlanaraq, ölkə “diz çökdürüləcək”. Xüsusilə Obama dövründə bu strategiyanın tətbiqi sürətləndi.

Ümumiyyətlə, “Taliban”ın qayıdışı Əfqanıstanda və bölgədə stabilliyi pozur. Mərkəzi Asiyanın cənub-şərq qapısı olan Əfqanıstan bu coğrafiyadan keçən və ən prioritet marşrut olan Orta Dəhlizin stabilliyini təhdid edir. Terrorun Mərkəzi Asiyaya - Çin sərhədlərinə daşınması Pekin üçün daxili problemlər də yarada bilər.

Bu ssenaridən uduşla çıxa biləcək ölkələrdən biri isə Türkiyədir. Ankara Əfqanıstanda ABŞ-ın planında iştirak edirmiş kimi görünsə də, strateji hədəflərinə doğru addımlayır. Azərbaycandan Mərkəzi Asiyaya, Mərkəzi Asiyadan Əfqanıstan üzərindən Pakistana uzanan coğrafiyada artıq Türkiyənin təsiri böyükdür. Türkiyə-Azərbaycan-Pakistan ittifaqı da bu planın tərkib hissəsidir.

Çinin “Taliban”la razılığa gələ bilmə ehtimalı da mövcuddur. Pekin “Taliban”ı “Bir kəmər, bir yol” layihəsində iştiraka razı salmağa çalışacaq. Əgər buna nail olsa, ABŞ-ın planını sıradan çıxaracaq, ciddi siyasi qazanc əldə edə biləcək.

İran isə məzhəb məsələsinə görə strateji düşməni olan “Taliban”ı “vurmağa” fürsət axtarır. Lakin xarici düşmənə qarşı taliblərlə iş birliyinə getmək ehtimalı da az deyil.

Burada bir məqama da diqqət etmək lazım gəlir. "Taliban” Əfqanıstanda və bölgədə gücləndikcə, Orta Asiya, xüsusən də Rusiya qoşunlarının yerləşdiyi Tacikistan qarışa bilər. Məqsəd isə "Taliban”la Rusiyanı üz-üzə qoymaq və Rusiyanı çökdürməyə hesablanıb. “Taliban”la Tacikistandakı Rusiya hərbi qüvvələri arasında qarşıdurma qaçılmaz görünür.

Ehtimal etmək olar ki, "Taliban” İran və Rusiya ilə qarşı-qarşıya gələcək. Bu baş verərsə, onun uzunmüddətli olacağını ehtimal edilə bilər. Bir sözlə, ABŞ yeni savaş tonqalını qalayıb. Bu oyunun qurbanları isə həddən ziyadə çox olacaq.

Ancaq bir nüans da diqqətdən qaçmamalıdır ki, ABŞ-ın Əfqanıstandan çəkilmək qərarı, eləcə də dünən ABŞ əsgərlərinin də həlak olduğu terror aktının baş verməsi Prezident Baydenin nüfuzuna ciddi təsir göstərib. C. Bayden Əfqanıstan məsələsi ilə Prezident kreslosunda ilk ciddi zərbəni qalıb. Artıq dünəndən ona qarşı impiçment elan olunması tələbləri belə səslənir. Əfqanıstanda baş verənləri Vyetnamda baş verənlərlə müqayisə edənlər də az deyil. Belə olan halda ABŞ-ın Vyetnamda üzləşdiyi məğlubiyyət və uğursuzluğun siyasi arenada yaradığı dəyişiklik və qalmaqalları Əfqanıstan məsələsində də görə biləcəyimizi ehtimal etmək olar. Bu isə C. Bayden və komandasına yaxşı bir şey vəd etmir. Ancaq onu da unutmaq olmaz ki, böyük siyasətdə üzdə olan gedişlərin arxasında nələrin dayandığını təxmin etmək o qədər də asan olmur. Odur ki, nəticə çıxarmağa tələsməyək. Görünən odur ki, Əfqanıstan ətrafında maraqlı proseslər baş verir. Bundan kimin karlı çıxacağını isə zaman göstərəcək.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR