• TƏHLİL

    16:39 25 noyabr 2019

Əli İnsanovun “ölü doğulmuş” partiyası - TƏHLİL

Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxandan sonra yaratmağı planlaşdırdığı siyasi partiya ilə bağlı ilk addımı atıb. 24 noyabr 2019-cu ildə siyasi həmfikirləri ilə birlikdə toplantı keçirib, “Haqq Ədalət Partiyası”nın təşkilat komitəsinin formalaşdırdığını elan edib. Təşkilat komitəsində Əli İnsanovun özündən və İsfəndiyar Vahabzadədən başqa tanınmış heç kim yoxdur. Hətta artıq adı çəkilən şəxslərdən biri - Qətibə Qayıbova onun adından sui-istifadə olunduğu barədə bəyanat yayıb.

Bu gün özünü mövcud iqtidara alternativ elan edən, vaxtilə iqtidar “mətbəxi”nin “baş aşpaz”larından olan cənab İnsanovun hikkəli, qəzəbli və iddialı bəyanatları siyasi müşahidəçilərin xüsusi ajiotajına səbəb olmadı. Onun partiya yaratmaq barədə verdiyi elana reaksiyalar da daha çox mənfi və tənqidi notlardadır. Əli İnsanovun keçmişini unutmayanlar hər addımında olduğu kimi, bu dəfə də əməllərini üzünə çırpmaqla, “demokrat donuna” girməsinin qeyri-mümkünlüyünü növbəti dəfə ona xatırlatdılar. İstər siyasi dairələrin, istərsə də sadə insanların münasibətindən çıxan nəticə odur ki, Əli İnsanovun yaratmaq istədiyi partiya “ölü doğulmuş uşaqdan” fərqlənməyəcək.

Əslində, İnsanov orta statistik müxalifətçi obrazına bənzəmir. Bahalı geyimi ilə diqqəti çəkən sabiq nazir olduqca qəzəbli görünür. O, siyasi strategiya qurmağa da hazır deyil. Bu baxımdan, “Əli İnsanov nə istəyir” sualına cavab axtarmaq lazım gəlir.

Bu gün ölkədə və dünyada cərəyan edən proseslər fonunda yeni siyasi qurumlar yaranması da aktualdır. Azərbaycan siyasətində yeni siyasi kursa üstünlük verilir. “Neft-qaz siyasəti” sona çatır, demokratik açılım zərurəti yaranır, hakimiyyət dəhlizlərinə yeni simalar gətirilir. Bütün baş verənlər fonunda görünən budur ki, ölkənin birinci şəxsi xalqla birbaşa təmaslara daha çox üstünlük verir. Prezident gərginliyi azaltmaq, xarici təhdidləri dəf etmək üçün “daha çox demokratiya” siyasi kursuna üstünlük verir və hüquq müdafiəçilərinin “siyasi məhbus” adlandırdığı şəxsləri azad edir. Belə məqamda heç bir siyasi məhbus siyahısında adı olmasa da, Əli İnsanov da əfv edilir.

Sabiq nazir əfv edilən kimi, siyasi hakimiyyətə qarşı sərt çıxışlar etməyə başladı, lakin onun təkbaşına verdiyi bəyanatlar heç bir ciddi reaksiya doğurmadı.

Baxmayaraq ki, sabiq nazir bir zamanlar təhqir və təhdid etdiyi müxalifətçilərlə eyni “dəyirmi masa” arxasında əyləşərək, özünün imicini təmizləməyə çalışdı. Hiss edildi ki, o bu müstəvidə özünü komfortda hiss etmir. Digər tərəfdən, Əli İnsanovun bir müxalifətçi kimi siyasətə gəlişi “inhisarçı müxalifəti”n də maraqlarına cavab vermir. Odur ki, belə bir sual aktual oldu - İnsanov müxalifətçilərlə eyni təşkilatda uzun müddət fəaliyyət göstərə bilərmi? Qısa müddətdən sonra İnsanov müstəqil fəaliyyətə başlayacağını bəyan etdi və “lümpen müxalifət”lə bir sırada dayanmaq istəmədiyini nümayiş etdirdi. Öncədən də bəlli idi ki, ambisiyalarının böyüklüyü nəticəsində 14 illik həbsə cəzası çəkən İnsanov çətin ki, lümpenlərlə bir təşkilatda dayanmağa razı olsun. Onun yanaşması bir əyalət müsavatçısı və yaxud cəbhəçisindən fərqlidir. Onlarla eyni “dəyirmi masa”da əyləşmək sabiq nazirə müxalifətçi imici qazanmaq üçün lazım idi. Bu dəfə də İnsanov müxalifətdən istifadə etdi və dərhal onları bir kənara atdı.

Əslində, müxalifəti staqnasiya vəziyyətindən vaxtilə hakimiyyət dairələri ilə çox yaxın münasibətdə olan yazıçı Rüstəm İbrahimbəyovun gəlişi də xilas edə bilmədi. İnsanov isə İbrahimbəyov deyil, öz kobudluğu ilə seçilən sabiq nazir yeri gələndə “konkret rədd ol” deyə bilir. O, öz partiyasını yaratmaqla da Əli Kərimli, eyni zamanda İsa Qəmbər-Arif Hacılı cütlüyünə “konkret rədd ol” dedi.

Əli İnsanov korrupsiya piramidasının əsas sütunlarından biri hesab edilib. Onun səhiyyə sistemini rüşvət yuvasına çevirməsi də unudula bilməz. Əli İnsanov həbsdən çıxar-çıxmaz təngnəfəs “Yaşasın Amerika, yaşasın Tramp” deməklə iddiasını ortaya qoydu və açıq mesaj verdi - mən heç kəsə qoşulmuram, gəlin mənə qoşulun.

Cəmiyyətdə isə korrupsioner və rüşvətxor, eyni zamanda yerlibaz və despotik obrazı olan Əli İnsanovun bu iddiaları qıcıq doğurur. Elə bu baxımdan, sosial şəbəkələrdə sabiq nazirə qarşı hər kəs açıq tənqid mövqeyini gizlətmir. İqtidara və müxalifətə münasibətindən asılı olmayaraq, hər kəs adı korrupsiya və rəqiblərinə qarşı amansız savaşda hallanan bu odioz fiquru sərt tənqid edir. Əli İnsanov siyasətə qayıdışını elan edən kimi müxtəlif düşərgələrdən zərbələr almağa başladı. Ehtimal etmək olar ki, bu zərbələr İnsanovun başını o dərəcədə qatacaq ki, onun indiki iddiası yavaş-yavaş müxalifəti söyməklə əvəzlənəcək və sabiq nazir siyasətə gəldiyi kimi də tələsik evinə dönəcək.

İnsanov heç bir vaxt müxalifətə və əks fikrə rəğbəti ilə seçilməyib. Əksinə, o, amansız və qəddar biri kimi tanınıb. Əslində, Prezident İlham Əliyevin hakimiyyətə gələndən apardığı siyasət İnsanov düşüncəsində olan məmurların sonunu yaxınlaşdırmaq üçündür. Lakin artıq İnsanov kimi tipajlara hakimiyyət dəhlizlərində yer yoxdur. Hazırda tam fərqli strategiya formalaşıb və bu baxımdan, sabiq nazirin uğur modelinə imza atmaq perspektivi də inandırıcı deyil.

Əli İnsanov mənfi tipajdır. Korrupsiyaya uğrayan, kobud, qaba, qisasçı simadır. 14 illik həbs cəzasını “siyasi məhbus” kimi deyil, az qala “qanuni oğru” kimi çəkdiyini bəyan edən İnsanov bir liderdən daha çox, əşirət başçısına bənzəyir. “Demokratiya anlayışı” sabiq nazir üçün qəbuledilməzdir. İnsanov istəmir ki, onun sözünün qarşısında kimsə fərqli söz desin. Sabiq nazirin qisasçılıq eşqi ilə yaşaması beynəlxalq təşkilatların da nəzərindən qaçmır. Təsadüfü deyil ki, heç bir ciddi təşkilat nümayəndəsi sabiqin nazirin “qapısını” döymür.

Bu gün beynəlxalq təşkilatlar və Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Prezident İlham Əliyev demokratik açılım istiqamətində real addımlar atır. Onun struktur və kadr dəyişiklikləri, işgüzar dairələrin, o cümlədən kiçik və orta biznes kimi mühüm komponentin vergi, korrupsiya yükünün azaldılması sahəsində son addımları demokratik təşkilatlar tərəfindən də dəstəklənir.

İctimai rəy də artıq əvvəlki illərdən fərqlənir. Prezident Əliyev əvvəlki metodlarla idarəetməni post-neft dövrü üçün gərəksiz hesab edir və bürokratik aparatı dağıdır. İnsanov isə alternativ kimi yenidən bürokratiya formalaşdırmağı təklif edir. Bütün bunlar isə onun siyasi portretinə belə bir ştrix əlavə etməyi zəruri edir - demokratiyanın düşməni. Əslində, İnsanov ilə bağlı deyilənlər həddən ziyadə şişirdilir. Onun iddialarına baxmayaraq, qarşıda sabiq naziri bir təqaüdçü ömrü gözləyir...

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR