• TƏHLİL

    12:05 18 avqust 2021

Ermənistan və havadarları Prezidentin bəyanatından nəticə çıxarmalıdır - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər və Laçın rayonlarında səfərdə olarkən Ermənistan və onun havadarlarına çox ciddi ismarıclar verdi.

İlk növbədə, qeyd etmək lazımdır ki, hər iki rayonun genişmiqyaslı döyüşlər olmadan azad edilməsi sözsüz ki, çoxsaylı itkilərin olmamasına gətirib çıxardı.

1990-cı illərin əvvəllərində Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ bölgələrinin işğal edilməsindən sonra Bakı və İrəvan arasında uzun müddət davam edən danışıqlarda erməni tərəfi Qarabağın dağlıq hissəsini Ermənistanla bağlayan Laçın və Kəlbəcər rayonlarının qaytarılmasını rədd edirdi, bunu mümkünsüz sayırdı. İşğal dövrünün sonlarına yaxın Ermənistan Kəlbəcər-Basarkeçər avtomobil yolunu inşa etmişdi. Səfər zamanı buna toxunan dövlət başçısı qeyd etdi ki, indi bu yoldan biz istifadə edirik. Dövlət başçısı söylədi ki, ermənilər üçüncü yolu da çəkmək istəyirdilər - Cəbrayıla gedən yol. Beləliklə, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Məqsədin qanunsuz məskunlaşma siyasəti aparmaq olduğunu qeyd edən Prezident bunun hərbi cinayət olduğunu dedi, bu məsələ ilə məşğul olan beynəlxalq qurumları, ilk növbədə, ATƏT-in Minsk qrupu bu məsələyə laqeyd yanaşmaqda qınadı. “ATƏT Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi. Onlar, hətta bu yolda da olublar, onu da görüblər və Cəbrayıl rayonunda nəzərdə tutulmuş yolun inşasına da etiraz bildirməmişdilər. O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq”, - deyə dövlət başçısı bəyan etdi.

Azərbaycan 44 günlük müharibə ərzində Ermənistanı diz çökdürərək işğalçı qoşunların bu “qovşaqları” tərk etməsinə nail oldu. Sözsüz ki, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi bölgədə Azərbaycanın coğrafi-strateji cəhətdən möhkəmlənməsinə gətirib çıxardı, eyni zamanda Kəlbəcər yüksəkliklərindən sərhədlərin digər tərəfi üzərində strateji üstünlük əldə edildi.

Cəmi 44 günlük müharibə nəticəsində əldə edilən zəfərlə “yenilməz erməni ordusu”, “qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri”, “Azərbaycanlılar vuruşmayacaqlar”, “ermənilər qədim tarixə və mədəniyyətə malikdir, “Qafqazda mədəniyyət ocağıdır” mifləri dağıdılaraq məhv edildi.

Qeyd etmək lazımdır ki, məğlubiyyətlə barışmaq istəməyən Ermənistanın darmadağın edilmiş ordusu son zamanlar yenidən bəzi xarici qüvvələrə güvənərək strateji məntəqələr, ələlxüsus Kəlbəcər-Basarkeçər sərhədi istiqamətində təxribatlarını davam etdirməkdədir. Bu məsələyə toxunan Prezident İlham Əliyev hər zaman olduğu bu dəfə də Azərbaycan tarixi adlarının və toponimlərinin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində vacib bəyanat verdi. Dövlət başçısı qeyd etdi ki, Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir: “Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.

Azərbaycan Prezidentinin Göyçə mahalı, Basarkeçər rayonu mövzusuna toxunması əslində təxribatçı Ermənistan və onun havadarları üçün bir xəbərdarlıqdır. Əgər kimsə gələcəkdə Azərbaycana Qarabağın dağlıq hissəsi ilə bağlı təzyiqlər edəcəksə, biz də Göyçəyə, Zəngəzura rəsmi şəkildə iddia qaldıracağıq. Unutmayaq ki, bu gün ermənilər Sovetlərin qurulmasının ilk illərində guya Dağlıq Qarabağın Kreml tərəfindən Azərbaycana verilməsini iddia edirlər. Hərçənd, tarixi sənədlərdə Qarabağın həm aran, həm də dağlıq hissəsi hər zaman Azərbaycanın bir hissəsi olub və bu bütün tarixi sənədlərdə var. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Lakin görünür, ermənilər hələ də Azərbaycana qarşı apardıqları informasiya müharibəsində “saxlanıldı” sözünü “verildi” sözü ilə əvəzləməyi apardıqları dezinformasiyanın əsas meyarı hesab edirlər.

Onlardan fərqli olaraq, Azərbaycan tərəfinin hər zaman tariximizin bir hissəsi olan torpaqları ilə bağlı səsləndirdiyi fikirləri tarixi sənədlərə, ədalətə və hüquqa söykənir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda dövlətin tərkibində olan Zəngəzur və Göyçə mahalları daxil olmaqla 114 min kv km əraziyə malik idi. Azərbaycan SSRİ-nin tərkibinə də bu ərazilərlə birlikdə daxil olmuşdu. 1920-ci illərdə isə bir çox rayonlar olduğu kimi, Göyçə və Zəngəzurun qərb hissəsi də birtərəfli qaydada, heç bir əsas olmadan Ermənistan SSR-in tərkibinə verildi. Hazırda MDB dövlətlərinin Sovetlər imperiyasına daxil olduğu və çıxdığı vaxtlardakı əraziləri məsələsinin siyasi diskursa çevrildiyi bir vaxtda ermənilərin XX əsrin 20-ci illərində baş verənləri vərəqləməsi Ermənistan dövlətçiliyini zərbə altına qoyacaq. Belə ki, SSR-yə daxil olarkən cəmi 9 min kv.km əraziyə malik olan Ermənistan SSRİ-nin tərkibindən çıxaraq 1991-ci ildə müstəqillik qazananda ərazisi 29 000 kv.km-dən artıq olub. Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən Ermənistan hələ də ölkəmizin digər torpaqlarına iddiasını davam etdirir, sərhəddə və Qarabağın dağlıq hissəsində təxribatçı siyasətini gücləndirməyi planlaşdırır. Bütün bunların fonunda Azərbaycan Prezidentinin Zəngəzur və Göyçə haqqında mütəmadi olaraq çıxışlar etməsi tarixi ədalətin bərpası istiqamətində mühüm addımdır və həm Ermənistan, həm erməni diasporu, həm də onların havadarları bu məqamı diqqətdən qaçırmamalıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarında olarkən “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq” fikirlərini səsləndirdi. Dövlət başçısının bu çıxışı, sözsüz ki, tarixi çıxışdır və Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandı.

Azərbaycan Respublikası Prezident İlham Əliyevin başçılığı altında bir-bir məqsədlərinə çatmaqdadır. 200 ilə yaxın vaxt ərzində ilk böyük qələbə əldə edən Azərbaycan sözsüz ki, tarixi ədaləti bundan sonra da bərpa edəcək, Qafqazı tarixdə olan siyasi mənzərəsinə qaytaracaq.

Ölkə başçısı hər iki rayona səfəri zamanı mühüm əhəmiyyət kəsb edən obyektlərin açılışında da iştirak etdi, yenidənqurma işləri ilə tanış oldu. Prezident İlham Əliyev bölgəyə səfərinin bu bəyanatla yekunlaşdırdı: “Kəlbəcər və Laçın rayonlarına səfərimiz başa çatır. Səfər çox uğurlu idi. Bir çox önəmli obyektlərin açılışını etdik, təməlini qoyduq. Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlər plan üzrə gedəcək və biz istəyimizə nail olacağıq.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”

Zaman da göstərir ki, Azərbaycan lideri heç bir bəyanatı elə-belə səsləndirmir. İndiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan istəyinə nail olacaq!

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR