44 günlük savaşda ağır məğlubiyyətə uğrayan Ermənistanda hakimiyyət böhranı davam edir. Savaş nəticəsində darmadağın olan Ermənistan ordusunu toparlamaq xeyli müşkülə çevrilib. Nikol Paşinyan hakimiyyətə gələndən bəri artıq 4-cü müdafiə nazirini təyin edir. Burada ən maraqlı məqam ondan ibarətdir ki, bu nazirlərdən üçü İrəvanın kapitulyasiya aktını imzalamasından sonra vəzifəsindən qovulub.
Paşinyan bütün məğlubiyyətləri ordunun üzərinə atmaq istəyir, ordu isə müqavimət göstərir, nəticədə müdafiə nazirləri bir-birini əvəz edir.
Vurğulayaq ki, bu günlərdə vəzifəsindən azad olunan müdafiə naziri Arşak Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul olub və bütün bunlar Paşinyanın onsuz da daralmaqda olan təsir dairəsini daha da kiçildib. Azərbaycan ərazilərinə qanunsuz səfər edən Karapetyanın Qara Göl ətrafında təxribatı, Azərbaycan mövqelərinin atəşə tutulması onunla yekunlaşdı ki, Azərbaycan Müdafiə Nazirliyi sərt xəbərdarlıq etdi - “buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq”.
N. Paşinyan anlayır ki, Azərbaycan tərəfi konkret addımlar atacaq və bu, İrəvan üçün fəlakətli sonluqla yekunlaşacaq. Odur ki, təxribatlara əl atan naziri dəyişmək məcburiyyətində qaldı. Görünən budur ki, Ermənistanda gündəmi yenə də Azərbaycan müəyyən edir.
N. Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etməsi bir həqiqəti növbəti dəfə sübuta yetirdi - İrəvan təxribatlarına davam edəcəksə, Ermənistan ordusunun qalıqları da məhv edilə bilər. Lakin bəllidir ki, Arşak Karapetyanı Suren Papikyanın əvəzləməsi Ermənistan üçün problemin həlli anlamına gəlmir. Suren Papikyanın hərbi təhsili və təcrübəsi yoxdur. Paşinyan müdafiə sistemini möhkəmləndirməyi düşünmür, özünə sadiq adamları irəli çəkmək istəyir, Qarabağ klanının bütün dayaqlarını məhv edir.
Lakin burada bir məqama da diqqət yetirmək lazım gəlir. Paşinyan Azərbaycan, Rusiya, Ermənistan liderlərinin görüşünə qədər üstünlük qazanma istəyirdi, odur ki, sərhəddəki təxribatlara əl atırdı. Cəhdləri nəticə verməyəndə isə o, bütün məsuliyyəti Karapetyanın üzərinə ataraq, məsuliyyətdən yaxa qurtarmaq istədi. Lakin Paşinyan qurduğu tələyə özü düşdü. Azərbaycan sərhəddə mövqelərini gücləndirdi, erməni hərbçilərin Azərbaycan Ordusu qarşısında növbəti dəfə diz çökməsi ölkədə hakimiyyətə qarşı ciddi etiraz yaratdı.
Digər tərəfdən, Rusiyaya yaxınlığı ilə tanınan Karapetyanı “sorosçu” Suren Papikyanla əvəzləməklə Paşinyan özünü Kremlin qəzəbinə tuş elədi. Artıq Paşinyanın Rusiyanın təklif elədiyi görüşə gəlməkdən başqa yolu qalmır.
Daha bir maraqlı nüans odur ki, son günlər baş verən erməni təxribatları 44 günlük savaşla proseslərin kənarına itələnən ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallaşması ilə müşayiət edildi. Həmsədrlər nəzarəti geri qaytarmağa çalışırlar, onlara yeni gərginlik lazımdır, lakin artıq Bakı BMT qətnamələrini özü həyata keçirib və həmsədrlərin “xortlaması”na da ehtiyac qalmayıb.
Azərbaycan 44 günlük savaşda zəfər qazanmaqla bölgədəki vəziyyəti tamamilə dəyişib. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi regionun strateji əhəmiyyətini daha da artıracaq. Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Artıq Minsk Qrupu kimi formatlar çox köhnəlib və onları reanimasiya etmək imkansızdır.
Əslində, sərhəddə baş verən gərginlik onu göstərdi ki, ən böyük problem Qarabağda tərksilah prosesinin həyata keçirilməməsidir. Hər an ermənilər yeni terror aktlarına əl ata bilər. Odur ki, Azərbaycan anti-terror addımları davam etdirmək hüququnu hələ də özündə saxlayır.
Ermənistan rəhbərliyi bunu anlamalı və özünü buna adekvat aparmalıdır. Həm Paşinyan, həm də onun yeni müdafiə naziri əvvəl buraxılmış səhvlərdən nəticə çıxarmalıdır. Ümid edək ki, bu, belə də olacaq, S. Papikyan sələfi Karapetyanın yanlışlıqlarından nəticə çıxaracaq. Əks halda, Azərbaycanın “sərt və təsirli” tədbirləri davam edəcək. Bu isə İrəvana yaxşı heç nə vəd etmir.
APA Analytics