Noyabrın 16-da dünyanın diqqəti yenidən Azərbaycan və Ermənistan arasında vəziyyətə yönəldi. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atdı.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə qəfil hərbi əməliyyata başladı. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum etdi.
Azərbaycan Müdafiə Nazirliyinin dünən verdiyi məlumata görə, genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
44 günlük müharibə nəticəsində ordusu darmadağın edilən Ermənistan dövləti nəyə və kimə arxalanaraq Azərbaycana qarşı ağlasığmaz təxribatlara əl atmaqdadır?
Xatırlatmaq yerinə düşər ki, Ermənistanda iki gün öncə son bir il ərzində dördüncü müdafiə naziri vəzifəsindən qovuldu. Son zamanlar Azərbaycana qarşı qeyri-adekvat və populist çıxışları ilə seçilən və qanunsuz olaraq Xankəndinə səfər edən Arşak Karapetyan işdən çıxarıldı, onun yerinə cari ilin iyun ayında baş tutan parlament seçkilərində Paşinyanın partiya qərargahının rəhbəri olmuş, seçkilərdə ona uğur qazandıran, hakimiyyətdə maliyyə və investisiya məsələlərində püxtələşən, vaxtilə əsgərlikdəki komandiri ilə ciddi münaqişəsi olmuş və həmin vaxt hadisə törədərək həbsxanaya düşmüş Suren Papikyan gəldi.
Azərbaycanın erməni ordusunu darmadağın etməsi nəticəsində son 1 ildə 4 nazir dəyişən Nikol Paşinyanın bu addımının əsas məqsədlərindən birinin onun orduya nəzarət mexanizmi axtarması, silahlı qüvvələrdə Rusiyaya yaxınlığı ilə seçilən rəhbər kadrların yeniləri ilə əvəzləməsi olduğu bildirilir.
Hər halda Ermənistan daxilində davam etməkdə olan anarxiya və xaos, sözsüz ki, bölgədəki sabitliyə ciddi şəkildə zərbə vurur. Görünən odur ki, bu gün Ermənistandakı iqtidar və müxalifət ayrı-ayrı məqsədlər güdsə də, nəticə etibarilə Azərbaycana qarşı təxribata söykənən siyasət aparmaq niyyətindədirlər. Müxalifətdəki revanşist gücləri kənara qoyaraq, hazırda erməni xalqının təmsilçisi statusunda çıxış edən Nikol Paşinyan hakimiyyətinin postmüharibə dövründə apardığı siyasəti təhlil etsək, İrəvanın əvvəlki illərdə olduğu kimi avantürist və qeyri-səmimi siyasət xəttini ortaya qoyduğunu görmüş oluruq.
Üçtərəfli Bəyanatın bəzi vacib müddəalarını hələ də yerinə yetirməyən Paşinyan son 1 ay ərzində apardığı siyasət nəticəsində danışıqlar prosesinə kifayət qədər ciddi zərbə vurdu. Erməni terrorçunun bir neçə gün əvvəl Şuşa ətrafında hərbçilərimizə qumbara ilə hücumu, həmin hadisədən əvvəl və sonra bir neçə dəfə qruplaşmış erməni silahlılarının Azərbaycan ordusu üzərinə hücumları təbii ki, vəziyyətin kəskin hal alacağının müjdəçisi idi. Əlbəttə, ermənilərin bu kimi təxribatları fonunda Üçtərəfli Bəyanatın qarantı rolunda çıxış edən Rusiya terrorçular və erməni silahlıları məsələsində bundan sonra belə halların təkrarlanmasına imkan verməməlidir. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən Azərbaycan ordusuna ediləcək istənilən hücumun məsuliyyəti birbaşa olaraq cavabdeh və qarant olan, sülhü təmin edən hərbçilərin hesabına yazılacaq.
İndiki məqamda görünən odur ki, Ermənistan həm Laçın dəhlizi və Şuşa, həm də Zəngəzur istiqamətində sərhəddə Azərbaycan ordusuna qarşı ciddi təxribat hazırlayıb.
Bu məsələyə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı toxunan Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atdığını “yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü” bildirib.
Görünən odur ki, Ermənistan rəhbərliyi 44 günlük müharibəyə qədər dövrdə olduğu kimi bu dəfə də təxribatlara əl ataraq, kimlərinsə onları qoruyacağına ümid edirdi. Bu o Ermənistandır ki, ötən ilin noyabr ayında dövlətçiliyi sual altına salınarkən Rusiyanın sayəsində məhv olunmaqdan xilas oldu. Dünənini tez unudan Ermənistandakı bəzi siyasətbazlar hazırda özlərini yalançı təhlükəsiz mühitdə hiss edərək Azərbaycanın və hətta Rusiyanın ünvanına sərt ifadələrdən istifadə edirlər.
Qalib dövlətin lideri Prezident İlham Əliyevin dəfələrlə lazımı addımlar atılacağı təqdirdə Ermənistanla sülh müqaviləsini müzakirə etməyə və imzalamağa hazır olduğunu bildirməsinə baxmayaraq, Azərbaycanın kommunikasiya və nəqliyyat xətlərinin açılmasına, eyni zamanda sərhədlərin delimitasiyasına, demarkasiyasına hazır olduğu bir vəziyyətdə rəsmi İrəvanın bu kimi addımları danışıqlar prosesinin pozulması məqsədi daşıyır.
Ümumilikdə son vaxtlar Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında baş verən hadisələr onu göstərir ki, iki ölkə arasında yeni dönəmin başlanması üçün mütləq şəkildə qarşılıqlı şəkildə ərazilərin tanınması prioritet olmalıdır. Dünən ermənilərin hərbi əməliyyatlar zamanı düşdüyü biabırçı vəziyyət və İrəvanın bir daha beynəlxalq münasibətlər sistemində təklənməsi fonunda Paşinyan hakimiyyəti ciddi nəticələr çıxarmalı, başa düşməlidir ki, təcili olaraq delimitasiya və demarkasiya prosesinə başlamaq onlar üçün bir nömrəli zəruri seçim olmalıdır. Məlum olduğu kimi, bu istiqamətdə Rusiyanın müvafiq strukturlarının vasitəçiliyi ilə uzun müddətdir bağlı qapılar arxasında danışıqlar aparılır.
Bəzi məlumatlar görə, bu danışıqlarda Azərbaycan və Ermənistan arasında yeni proseslərlə bağlı metodoloji və texniki məsələlərlə bağlı bütün suallar razılaşdırılıb və üç tərəf arasında yeni sənədlərlə bağlı qərar qəbul edilməli idi. Sərhədlərin və ərazilərin qarşılıqlı olaraq tanınması və nəqliyyat xətlərinin açılışını nəzərdə tutan razılaşmaların hələ də baş tutmaması, sözsüz ki, Ermənistan hakimiyyətinin apardığı qeyri-konstruktiv siyasətin nəticəsidir. Qeyd edilməlidir ki, Rusiya və Ermənistan KİV-ində gözlənilən üçtərəfli görüşlə bağlı yazılar getdiyi bir vaxtda Paşinyana yaxın media resursları və müxtəlif ictimai hərəkatlar vasitəsilə anti-Rusiya, anti-Putin çıxışlarına start verildi. Beləcə, Ermənistanın Baş naziri “sudan quru çıxmaq” istəyərək vaxt uzatmaq yolunu seçib, Laçın və Kəlbəcər istiqamətlərində təxribatlara əl atdı və üçtərəfli görüşdən qaçdı.
Buradan belə bir nəticəyə gəlmək olar ki, Moskva ilə razılaşdırılan yeni sənədlərlə bağlı fikrini dəyişən Nikol Paşinyan dünənki təxribatı ilə həm də Ermənistan ictimai rəyində Rusiyanın nüfuzdan salınması məqsədini güdür. Bu istiqamətdə Ermənistan Baş naziri müəyyən mənada hədəfinə çatmaqdadır. Belə ki, 16 noyabr və son təxribatlardan sonra erməni media və KİV-ində, siyasi partiyalar daxilində ciddi şəkildə Rusiya Prezidentinə qarşı çıxışların şahidi olmaqdayıq. Hətta məsələ o həddə çatıb ki, dünən axşam saatlarında Rusiyanın məşhur “Vladimir Solovyov ilə axşam” proqramında çıxış edən Robert Köçaryanın “Ermənistan” (“Hayastan”) partiyasının nümayəndəsi Rusiya rəhbərliyinin ünvanına sərt ifadələrdən istifadə etməkdən çəkinmədi.
Dünən hərbi əməliyyatların davam etdiyi vaxt ərzində sərhəd mövzusu ətrafında bilərəkdən şou yaradan Paşinyanın ətrafındakı sorocçu siyasi texnoloqlar əvvəlcədən proqnoz etdikləri kimi, Rusiya və KTMT-nin səssizliyi fonunda erməni cəmiyyətində Moskvaya qarşı nifrətin şiddətlənməsi üçün əllərindən gələni etdilər.
Hər halda, Ermənistanla Rusiya və bölgədə hegemon dövlətlər arasında davam etməkdə olan siyasi demarşlar Azərbaycanın lehinədir və rəsmi Bakı bu illər ərzində İrəvandan fərqli olaraq apardığı ayıq və yaxşı hesablanmış siyasəti nəticəsində bir-bir öz məqsədlərinə çatmaqdadır.
Son erməni təxribatları da Azərbaycanın hərbi-siyasi və diplomatik qələbəsi ilə başa çatdı, ölkəmizin üçtərəfli danışıqlar prosesində mövqeyini bir daha möhkəmləndirdi. Təsadüfi deyil ki, dünənki hadisələri şərh edən ABŞ dövlət katibi Entoni Blinken də “sərhədlərin demarkasiyasının vacibliyini” qeyd etdi.
Bunun əksi olaraq, danışıqlar prosesini iflic edən, yeni dialoq formatına ATƏT-in Minsk qrupunu cəlb etmək istəyən və geosiyasi yelləncəklərdə özünə yer tapmağa çalışan Nikol Paşinyan bir daha dəmir yumruğu Ermənistan ordusu timsalında öz üzərində görmüş oldu, eyni zamanda beynəlxalq ictimaiyyətin də mənfi reaksiyası ilə qarşılaşdı.
Ermənistan və onun rəhbəri hələ ki, qeyri-konstruktivlik, isterika, prosesi pozmaq üçün sərhəddə gərginlik yaratmaq, sərhədlərin delimitasiya və demarkasiyasına getməmək, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımamaq və bütün bunların yekunu olaraq sülh sazişi imzalamamaq yolunu seçib. Lakin əminliklə qeyd etmək olar ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan tarixi məqsədlərinə çatmağa davam edəcək, Ermənistan Bakının tələblərini yerinə yetirəcək.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov