Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi gerçəyi bəzi Qərb ölkələrinə hələ də rahatlıq vermir.
Bu ölkələr arasında Fransa xüsusilə fərqlənir. Hər zaman Ermənistana özəl münasibət bəsləyən rəsmi Paris istər 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmadan, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ciddi narahatlıq keçirmiş, regionda diplomatik aktivliyini artırmış və Ermənistana açıq simpatiyasını büruzə vermişdi.
Məsələn, Fransanın Azərbaycandakı səfiri Zakari Qross 2020-ci il dekabrın 7-də, 44 günlük Vətən müharibəsinin bitməsindən təxminən 1 ay sonra “Twitter“də (indiki “X”) belə bir paylaşım etmişdi:
“Fransa beynəlxalq hüququ, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun prinsiplərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”.
Amma 2022-ci ilin avqustunda ABŞ və Fransanın Azərbaycandakı səfirləri rəsmi dəvət olsa da, Şuşada keçirilən tədbirə getməmişdilər. Təbii ki, Şuşaya getməyən səfir Zakari Qross bu qərarı özü verməyib və Fransa Xarici İşlər Nazirliyindən gələn təlimatla hərəkət edib.
Dissonans doğuran da məhz özünü Avropada demokratiyanın beşiyi adlandıran, beynəlxalq hüququ tanıdığını bildirən 5-ci Respublikanın sözlə əməlinin düz gəlməməsidir.
Bu dissonans 2020-ci il noyabrın 25-də Fransa Senatının hökumətə Qarabağdakı keçmiş qondarma rejimin “müstəqilliyi”ni tanımasına çağırış edən qətnamə qəbul etməsi, 2021-ci ilin dekabrında “Respublika” partiyasından Fransadakı o zamankı prezident seçkilərində namizəd olan Valeri Pekressin, bir neçə senator və deputatın rəsmi Bakının icazəsi olmadan Qarabağa qanunsuz səfər etməsi, Paris meri Ann İdalqo başda olmaqla, bır sıra şəhər merləri və siyasətçilərin Azərbaycanın ərazi bütövlüyünə qarşı, separatizmi və işğalı dəstəkləyən açıqlamaları ilə daha da güclənir.
Həmin açıqlamalar bu gün də verilir, Fransa hələ də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmasını qəbullanmır.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə də bu məsləyə toxunmuşdu. Dövlət başçısı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən bəzi Qərb ölkələrinin, xüsusən də Fransanın narahat olduğunu söyləyib.
“Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”, - Prezident deyib.
Doğrudan da, Fransa destruktiv siyasəti ilə regionda yeni eskalasiya axtarır. Rəsmi Paris yeni münaqişəni alovlandırmaq və Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi aktorlardan biri olmaq üçün rəsmi İrəvana silah satışına başlayıb.
Ermənistana 24 ədəd “Bastion” zirehli avtomobili verməsi, daha 26-sını verəcəyini elan etməsi, 3 ədəd “GM200” radarı satması və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükünə dair anlaşma memorandumu imzalaması bu planın tərkib hissəsidir.
Görünən odur ki, rəsmi Paris Cənubi Qafqazda 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etmir, bölgədə qüvvələr balansını dəyişməyə çalışır. Amma Azərbaycanın yaratdığı bu reallığı dəyişmək üçün rəsmi Parisin nə hərbi, nə siyasi və iqtisadi potensialı var, nə də Ermənistanın yeni eskalasiyaya başlamaq gücü var. Rəsmi İrəvan, o cümlədən Baş nazir Nikol Paşinyan yaxşı anlayır ki, regional hərbi-siyasi balans 50 zirehli avtomobil, 3 radar sistemi, yaxud gələcəkdə veriləcək digər silahlarla dəyişə biləcək qədər kövrək deyil. Əksinə, 2020-ci ilin noyabrından bəri Azərbaycanla Ermənistan arasında qüvvələr nisbəti birdəfəlik dəyişib və bu fərq hər gün artmaqdadır.
Nikol Paşinyan da Fransadan fərqli olaraq, yaxşı anlayır ki, Azərbaycana qarşı növbəti təcavüz cəhdi Ermənistanın dövlət kimi mövcudluğunu sual altına alacaq və buna görə mövcud situasiya ilə razılaşıb.
Burdan bir nəticə hasil olur ki, Fransanın Azərbaycana qarşı diplomatik hücumları ona heç nə qazandırmır və regional nüfuzuna, təsir imkanlarına ciddi xələl gətirir. Gec-tez Fransa Cənubi Qafqazdakı yeni reallıqla barışmağa məhkumdur. Amma bu barışma prosesinin sürəcəyi zaman həm də Fransanın itirəcəyi faydalı əməkdaşlıq imkanları deməkdir.
APA Analytics