Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş ərazilərə növbəti dəfə edib.
Dövlət başçısı bu dəfə Füzuli və Xocavənd rayonlarında olub, Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb və çıxış edib.
Hadrud qəsəbəsi 44 günlük Vətən müharibəsinin qırılma nöqtələrindən sayılır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrud əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.
Qeyd etmək lazımdır ki, bu əməliyyat təsadüfi planlaşdırılmayıb. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Bu baxımdan, Prezident İlham Əliyevin Hadrutda Azərbaycan bayrağını qaldırmasının çox böyük rəmzi mənası var.
Prezident Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldırarkən qəsəbənin önəmini belə vurğuladı: “Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.
Ali Baş Komandan İlham Əliyevin açıqlamasından da göründüyü kimi, Hadrutun terrorçu qruplardan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hərbi-strateji plan hazırlanıb və əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəqiq hərbi plana malik olub və bu strateji plana görə Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, daha sonra isə Hadrutun azad edilməsi əməliyyatına start verilib. Bu qəsəbənin işğaldan azad edilməsi nəticəsində Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk edib, lakin bunu öz xalqından gizlətməyə çalışıb.
Prezident İlham Əliyev bu məsələyə toxunaraq, erməni yalan təbliğatının da iflasa uğradığını göstərib: ”Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər, eyni zamanda Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı? Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir. Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.
Prezident Əliyev Hadrut qəsəbəsinə səfəri zamanı qazandığımız qələbəni belə qiymətləndirdi: “Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi”.
Prezident Əliyevin çıxışında toxunduğu bir məqam xüsusilə diqqəti çəkir - Azərbaycan Ordusu mülkü erməni əhalisini hədəf seçməyib və yalnız terrorçulara qarşı əməliyyat keçirib. “Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”, - deyə Prezident Hadrudakı çıxışında qeyd edib.
Bu, Azərbaycan xalqının mənəvi dəyərlərinin nə qədər yüksəkdə olduğunun bariz nümunəsidir. Ali Baş Komandanın da qeyd etdiyi kimi, Azərbaycan əsgəri heç vaxt mülki erməni əhalisinə atəş açmayıb, onun hədəfi heç vaxt mülki ermənilər, dinc əhali olmayıb. Ermənistan hakimiyyəti isə ötən əsrin 90-cı illərində olduğu kimi, bu dəfə də məhz dinc azərbaycanlıları terrora məruz qoydu. 44 günlük savaş ərzində ermənilər Gəncədə, Bərdədə, Tərtərdə, Mingəçevirdə və digər ərazilərdə mülki insanları qətlə yetirdilər. Bu, ermənilərin ilk anti-insani və hərbi cinayətləri deyildi. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada dinc sakinləri soyqırımına məruz qoyan Ermənistan bu dəfə də mülkü əhalini hədəf seçdi və Azərbaycan Ordusunun “dəmir yumruğu” nəticəsində ağ bayraq qaldırmağa məcbur oldu. 44 günlük anti-terror əməliyyatı zamanı, baxmayaraq ki, ermənilər Azərbaycanın mülkü əhalisini hədəf seçirdi, Bakı ermənilərin mülkü sakinlərinə qarşı humanist addımlarını davam etdirdi, onlara humanitar dəhliz verməklə yanaşı, girovlara tibbi xidmət göstərərək, onları öz ailələrinə təhvil verdi. Azərbaycanın bu humanist addımlarını dünya mediası da diqqətdən kənarda saxlamadı və Azərbaycanın yalnız hərbi baxımdan üstün olmadığını, eyni zamanda humanizm müstəvisində də ön sırada getdiyini vurğuladı.
Azərbaycan 44 günlük müharibədə yalnız hərb müstəvisində qələbə qazanmadı. Eyni zamanda, 30 il ərzində erməni vandalizminin qurbanı olan ərazilərimin bərpası ilə bağlı plana malik olduğunu göstərdi.
Səfər zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin icrasına başlanılmasının anonsunu da verdi: “Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq”.
Dövlət başçısı bir daha bəyan edib ki, bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, bu yerlərə həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.
Təsadüfi deyil ki, Prezident işğaldan azad edilmiş ərazilərə hər dəfə səfər edərkən, hansısa infrastruktur layihəsinin təməlini qoyur, hansısa layihənin açılışını edir. Budəfəki səfər zamanı da dövlət başçısı Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoydu. Müharibənin bitməsindən cəmi 4 ay keçməsinə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlayıb, bu yolların çəkilişi isə quruculuq işlərinin daha da sürətli aparılmasına imkanlar yaradacaq.
Prezident İlham Əliyev səfər zamanı Hünərli və Tuğ kəndlərindəki Alman məbədlərinə də baş çəkib, erməni vandallarının qədim kilsələri özününküləşdirməyə cəhd etdiklərini bir daha bütün dünyaya bəyan edib, “Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin - alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar”, - deyə bildirib.
Dövlət başçısı vurğulayıb ki, Hünərli və Tuğ kəndlərindəki Alban məbədləri də bərpa olunacaq, udi qardaşlarımıza qaytarılacaq. Azərbaycan dövlətinin bu Alban məbədlərini bundan sonra qoruyacağını qeyd edən Prezident ölkəmizdə bütün dinlərə, bütün inanclara, bütün etiqadlara hörmətlə yanaşıldığını, müxtəlif dinlərə aid məbədlərin fərq qoyulmadan mühafizə olunduğunu, bərpa edildiyini bir daha bildirərək, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı dövlət olduğunu, multikultural dəyərlərə üstünlük verdiyini dünyaya çatdırdı.
Azərbaycan Prezidentinin bu səfərini əlamətdar edən məqamlardan biri də onun Azıx kəndinə getməsi oldu.
Azıx mağarasının dünyanın ən qədim insanının yaşayış yerlərindən biri olduğunu bildirən dövlət başçısı buranın Azərbaycan tarixinə məxsus olduğunu deyib, Azıxı tarixi sərvətimiz adlandırıb. Prezident Ermənistan bu mağarada da qanunsuz olaraq işlər apardığını, xaricdən qanunsuz olaraq alimlər gətizdirdiyini, onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurduğunu bildirib, bu ziyanın hamısını ödəyəcəklərini, onları buna məcbur edəcəyimizi bəyan edib.
Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan qələbə qazanmaq üçün müharibədə olduğu qədər işğaldan azad olunmuş ərazilərin bərpası və qurulmasında, eyni zamanda həmin ərazilərdəki mədəniyyət, tarixi-dini abidələrin bərpası və qorunmasında da qətiyyətlidir.
Hər kəs həqiqəti bilməli və görməlidir. Dövlət başçısının dediyi kimi: “Kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, cavabını alacaq, necə ki, bu günə qədər alıb”.
APA Analytics