İdlibdə Suriya ordu birləşmələrinin Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə endirdiyi aviasiya zərbələri nəticəsində 33 türk əsgəri şəhid olub. Bəşər Əsəd hakimiyyəti bunu cavab addımı adlandırıb. Xatırladaq ki, fevralın 10-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əsədə tabe olan Suriya ordusu birləşmələri 1709 itki verib. Türkiyə ordusu həmçinin 55 tank, üç helikopter, 18 zirehli maşın və 29 top məhv edib. İdlib vilayətində Bəşər Əsədə sadiq ordunun hava zərbələri nəticəsində Türkiyənin 33 hərbçisinin şəhid olmasından sonra Türkiyənin Silahlı Qüvvələri genişmiqyaslı əməliyyata başlayıb. İdlib vilayətinin cənubunda Bəşər Əsəd ordusunun mövqelərinə uçan pilotsuz aparatlardan (UPA) aviazərbələr vurulmaqla yanaşı, reaktiv artilleriya qurğularından da atəşlər açılıb. Türkiyənin 33 əsgərinin şəhid olması ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verib. “İdlibdəki suriyalı terrorçular “gərginliyi azaltma bölgəsi”ndə irimiqyaslı hücumlar təşkil etməyə hazırlaşır. Türkiyə əsgərləri bu bölgədə olmamalı idi. Bölgə Suriya ordusunun qırıcıları tərəfindən vurulub. Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib. Türkiyə ordu birləşmələrinin olduğu yerə hücum etmədik. Rusiya Türkiyənin itkilərindən xəbər tutduqdan sonra atəşkəslə bağlı hər şeyi etdik”, - Rusiya MN-dən bildirilib. ABŞ Dövlət Departamenti isə İdlibdə Əsəd rejiminin Türkiyə əsgərlərinə etdiyi hücumu qınayan bəyanat yayıb. Bəyanatda deyilir: “Prosesləri izləmək və mövcud vəziyyət haqda daha dəqiq məlumat əldə etmək üçün Türkiyə rəsmiləri ilə əlaqə saxlayırıq. NATO müttəfiqi Türkiyənin yanındayıq və Əsəd rejimi, Rusiya və İranın dəstək verdiyi qüvvələri bu alçaq hücumlara dərhal son verməyi çağırırıq. Prezident Tramp və dövlət katibinin dediyi kimi, bu böhranda Türkiyəyə ən yaxşı necə dəstək verə biləcəyimizə dair alternativlər axtarırıq”. Son hərbi əməliyyat yenidən belə bir sualı aktual edir? Suriyada nə baş verir və Ankaranın bu bölgədə iştirakı hansı zərurətdən yaranıb? Vurğulayaq ki, Ankaranın başlıca hədəfi İdlibə və qonşu ərazilərə nəzarəti qoruyub saxlamaqdır. Bu missiya tam uğursuzluğa düçar olsa, Türkiyənin vəziyyəti ağırlaşa bilər, odur ki, Ankara qətiyyət nümayiş etdirir. Rusiyanın da İdlibə girəcəyi qaçılmaz idi. Lakin bir məsələni də təhlil etmək lazım gəlir. Suriyada vətəndaş müharibəsinin bacardıqca uzun müddət davam etməsi Vaşinqtonun planlarını pozur. Türkiyə istəyinə müəyyən mənada çatdı - Qamışlı istisna olmaqla, bütün sərhəd boyu 30 km dərinlikdən YPG-nin çıxarılmasını təmin edə bildi. Eyni zamanda ABŞ-dan sonra Rusiya ilə də müqaviləyə legitimlik qazandırdı. Həmçinin bundan sonra Suriya ilə bağlı ABŞ-la danışıqlar aparmaq məsuliyyətindən özünü azad etdi. Rusiya bu müqavilə ilə ABŞ-ı oyundan kənar qoydu. İran zatən oyundan kənar vəziyyətdə idi. Əsədin Ərdoğanla razılığa gəlmək və Rusiyanın dediyini etməkdən başqa seçimi qalmamışdı. Lakin İdlibdəki son əməliyyat Ankara və Dəməşq razılaşması perspektivini heçə endirir. Suriyanın şimalına nəzarət Rusiyaya keçəndə bəlli idi ki, Kremllə Ankaranın maraqları toqquşacaq. Rusiya və Putin arasında bir qədər öncə imzalanmış müqavilənin Türkiyə üçün ən təhlükəli maddəsi ondan ibarət idi ki, Türkiyə və ABŞ terrorla mübarizə əməliyyatlarını yalnız terrorçu ünsürlərlə, bu ünsürlərə məxsus sığınacaq, blokpost, silah, texniki vasitələrinin hədəf alınması ilə bağlı birgə qərar verilməsini razılaşdırır. Məsələ ondadır ki, Türkiyə YPG-ni terrorçu təşkilat kimi tanıyır, ABŞ yox. Amma Türkiyə "yalnız terrorçu ünsürlərə" zərbə endirə bilər, üstəlik bunu mütləq ABŞ-la razılaşdırmalıdır. Bu maddə Türkiyənin əl-qolunu bağlayır və gələcəkdə onun əleyhinə istifadə oluna bilər. ABŞ buna nail oldu. Lakin Kobani üçün Türkiyədən alınan qarantiya, Menbiçə və Kobaniyə yerləşməsinə icazə verilən Əsəd və rus qoşunlarının Türkiyənin Fəratın şərqi və qərbi arasında kommunikasiya əlaqələrinin qarşısını aldı. Həmçinin şərqdə Qamışlı şəhəri mühüm önəm kəsb edirdi. Bununla bərabər, Türkiyənin Misaki Milli sərhədləri çərçivəsində Suriyaya ərazi iddiasının qarşısı alındı, Türkiyənin M4 xəttindən cənuba irəliləməsi dayandırıldı. "Qərbi Kürdüstan" yaxud "Böyük İsrail" dövlətinin özünü bərpası üçün şərait yaradıldı. Türkiyə şimalın kürd, xristian etnik tərkibini dəyişdirə bilməyə cəhd edə, gələcəkdə ərəblər bura köçürülə bilər. Amma artıq bu, ABŞ-ın diktəsindən asılı olacaq. Türkiyə getdikcə daha qəliz situasiya ilə üzləşir. Ankaraya 30 km-lik ərazinin yalnız bir hissəsinə nəzarət etməyə imkan verilir, ümumi nəzarət etməyə yox. Əslində, ABŞ Menbiçi Əsəd və Rusiyaya təhvil vermiş oldu. Menbiç M4 yolu Fərat çayından keçən körpülərlə birləşdirən əsas strateji şəhərdir. ABŞ-ın növbəti planı Əsəd və Ərdoğan arasında hərbi münaqişəyə nail olmaq idi və buna nail oldu. Lakin problem bununla bitməyəcək. "Barış bulağı” zonasında strateji yol və qəsəbələr bir neçə qüvvənin əlində olacaq. Bundan sonra Əsəd, İran, hətta ola bilsin Rusiya Türkiyəni o zonadan sıxışdırıb çıxarmaq üçün təzyiqlər edəcək, danışıqlar aparacaq. Türkiyənin ora yerləşdirdiyi qüvvələr arasında ciddi kommunikasiya problemi də mövcud ola bilər. Bütün hallarda Qərb və İsrailin istəyi münaqişənin davam etməsi idi və İdlibdəki son əməliyyatla buna nail olundu. Xatırladaq ki, Ərdoğanın “təhlükəsizlik zonası” təklifi 2012-dən mövcud idi. Məsələ odur ki, İsrailin planı Suriyanın 50 il ayağa qalxa bilməyəcək şəkildə viran edilməsi idi. İlk mərhələdə cihadçılar bu işi ələ gördü. Obamanın prezidentliyi dönəmində ABŞ xarici dövləti ora buraxmamışdı. İkinci mərhələ strateji M4 yoluna İran əleyhdarı sünni, yaxud NATO qüvvələrinin nəzarətinin təmin olunması idi. Obamanın hakimiyyətdən getməsinə az qalmış Türkiyə şimali Suriyaya girə bildi. "Fərat qalxanı" əməliyyatı Əsədin tuta biləcəyi ərazilərə qarşı əməliyyat idi. Daha sonra Afrinə, Rojovaya daxil olan Ankara çox gözəl bilirdi ki, türk ordusu Suriyada uzun müddət qalmayacaq. Beləliklə, Türkiyəyə M4 magistralından cənuba irəliləməyə icazə vermək istəmirlər. 2011-dən bu yana regionda bütün döyüşlər bu magistrala nəzarət etmək uğrunda gedir. İran-İraq və Suriyanın birləşdirən əsas yol məhz adıçəkilən magistraldır. Oradan da Livana gedir. İrandan başlayan yol Ərbil və Mosuldan keçib bu magistrala birləşir. Əsəd bu dəhlizin yalnız kiçik bir hissəsinə - Hələb ətrafı yola nəzarət edir. Bir sözlə, bölgədə proseslər hələ bitməyib və uzun müddət davam edə bilər. APA Analytics