• TƏHLİL

    11:16 29 oktyabr 2019

İqtidarda islahatlar və Arif Hacılının çağırışı - TƏHLİL

Ölkənin siyasi həyatında ciddi proseslər başlayıb. Aparılan struktur islahatları ilə yanaşı, kadr siyasətində yeni strategiya müşahidə edilir. Yaşlı məmurları gənclər əvəzləyir və bu zaman heç kəsə keçmiş xidmətinə görə güzəşt edilmir. Əslində, Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasi kurs bütövlükdə cəmiyyətə bir mesajdır - ölkənin ictimai-siyasi həyatında gənclərə yol açılmalıdır.

İqtidarın bu siyasi xətti yeni paradiqma dəyişikliyi kimi qəbul edilə bilər. Ehtimal etmək olardı ki, bir çox yaradıcı birlik də bu nümunədən bəhrələnəcək və artıq uzun illər boyunca sədr postunda əyləşənlər də istefaya gedəcək, öz yerlərini gənclərə verəcəklər. Onların bu addımı aparılan islahatlara gerçək dəstək anlamına gələ bilərdi.

Eyni yanaşma müxalif düşərgəsinə də şamil edilməli, yeni qüvvələrə, gənclərə yol açılmalı idi. Belə çağırışlar artıq uzun illərdir, elə müxalifətçilərin öz dilindən də səslənir. Lakin iqtidar opponentlərinin bəzi tanınmış simaları tam fərqli düşünürlər.

Belə ki, Müsavat başqanı Arif Hacılı özünün "Facebook" səhifəsində müxalifətin yeni birlik modelini təqdim edib. Gözləmək olardı ki, başqan gəncləri fəallığa çağıraraq, yaşlı nəsildən arxa plana keçməyi xahiş edəcəkdi. Lakin Arif Hacılı fərqli münasibət sərgilədi. Arif Hacılı sosial şəbəkədə yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb və partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.

Arif Hacılı sonra qeyd edib: “Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq Dəyirmi Masanın keçirilməsini təklif edirəm”.

Müsavat başqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb və sosial şəbəkədə ciddi müzakirələrə yol açıb. Adı korrupsiyada hallanan və hakimiyyətdə olduğu dönəmdə müxalifətə qarşı sərtliyi ilə seçilən sabiq səhiyyə nazirinin yeni qüvvə kimi təqdim edilməsi birmənalı qarşılanmayıb. Onu da vurğulayaq ki, Arif Hacılının yeni birlik formulu kimi təqdim etdiyi siyasətçilər artıq uzun illər boyunca siyasi müstəvidə olan və artıq təqaüd yaşı çatmış insanlardı. İqtidar öz dəhlizlərindən yaşı ötmüş insanlarla vidalaşırsa, müxalifətin yenidən köhnə siyasətçiləri reanimə etmək cəhdləri anlaşılan deyil. Müxalifət düşərgəsində reallıqları dərk edən kifayət qədər gənc nəsil nümayəndəsi var. Onların partiya rəhbərliyinə gətirilməsi və müxalifətdə önəmli simaya çevrilməsi üçün şərait yaradılmalıdır. Veteran müxalifətçilər bu prosesə yardım etməlidirlər.

Qeyd edək ki, hər bir ölkənin uğuru onun güclü iqtidarı və güclü müxalifətinin olmasındadır. Hakimiyyət güclü müxalifətin olmasında maraqlı olmalıdır, lakin müxalifətin də yenilənməyə ehtiyacı var, əks təqdirdə münasibətləri normallaşdırmaq çətinləşəcək.

Ümumiyyətlə, ölkədə və dünyada cərəyan edən proseslərin düzgün təhlili son dərəcə vacibdir. Əslində, hakimiyyətin başladığı yeni kadr islahatı köhnə zehniyyətin sıradan çıxarılması və onun yerinə islahatçı təfəkkürün gətirilməsini ehtiva edir. Məsələ ondadır ki, bu gün dünyada baş verən kataklizmlər fonunda Azərbaycanda da yenilənməyə ehtiyacı var. Söhbət iqtidar-müxalifət münasibətlərindən yox, köhnə düşüncə ilə yeni düşüncənin toqquşmasından gedir. Bu baxımdan, iqtidar yenilənirsə, müxalifətin də yenilənməsi dövrün tələbidir. Müxalifətin yeni birlik formulunun axtarışında bu amil xüsusilə nəzərə alınmalıdır. Əks təqdirdə, yenilənməkdə olan iqtidarla “90-cı” illərdən çıxa bilməyən müxalifətin münasibətlərini də tənzimləmək mümkün olmayacaq...

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR