İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya, Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlarda əksini tapan ən mühüm məsələlərdən biri Cənubi Qafqazda regional kommunikasiya xətlərinin bərpası və yenilərinin yaradılmasıdır. Bu məsələ ilə bağlı müvafiq razılıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan son iki görüşdə də əsas diqqət mərkəzində yer alıb.
Regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası, yenilərinin yaradılması istiqamətində Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam şəkildə əməl edir, bu müstəvidə konkret fəaliyyət həyata keçirir. Bura Zəngəzur dəhlizinin açılması ilə bağlı nəzərdə tutulan öhdəliklər də daxildir. Təəssüf ki, Ermənistan Zəngəzur dəhlizi də daxil olmaqla regional nəqliyyat marşrutlarının nəzərdə tutulan vaxtda işə düşməsi ilə bağlı üzərinə götürdüyü öhdəlik və vəzifələrin icrasında ləngimələrə yol verir.
Azərbaycan Ermənistanın üzərinə götürdüyü öhdəliklərə laqeyd yanaşması, imzaladığı rəsmi sənədlərə müvafiq fəaliyyət həyata keçirməməsindən ən yüksək səviyyədə narazılığını ifadə edib. Bu məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən geniş şəkildə toxunub.
Həmin görüşdə dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir. “Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir”, - deyə Prezident Əliyev qeyd edib.
Prezident İlham Əliyev Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı da Ermənistanın müvafiq işlər görmədiyini bildirib. Vurğulayıb ki, bu istiqamətdə də Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub: “Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik”.
Ermənistanın regional kommunikasiya xətlərinin açılması ilə bağlı üzərinə götürdüyü rəsmi öhdəliklərdən yayınması, hər hansı praktiki addım atmaması Prezident İlham Əliyevin aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini, Azərbaycan, Ermənistan, Rusiya Baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın həmsədri Aleksey Overçukla görüşündə də başlıca müzakirə mövzuları sırasında yer alıb. Dövlət başçısı nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün Azərbaycan tərəfindən işlərin qrafikə tam uyğun şəkildə aparıldığını, ancaq Ermənistanın bu səpkidə heç bir işə başlamadığını Rusiya rəsmisinin də nəzərinə çatdırıb. Prezident Əliyev bununla əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlərin qrafikə tam uyğun şəkildə aparıldığını söyləyib. Bir daha qeyd edib ki, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib. Beləliklə, Azərbaycan həm Avropa İttifaqı, həm də Rusiyanı, bu fonda dünya ictimaiyyətini regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı mövcud vəziyyətə, Ermənistanın öhdəliklərindən yayınmasına dair tam şəkildə məlumatlandırıb. Bununla, Azərbaycan Ermənistanı beynəlxalq birlik, o cümlədən də regionda sülh mühitinin bərqərar olması, əməkdaşlıq münasibətlərinin qurulmasını istəyən, bunun üçün vasitəçilik edən Rusiya, Avropa İttifaqı qarşısında yenidən ifşa edir.
Dünya ictimaiyyəti bir daha şahidlik edir ki, regionda münasibətlərin normallaşmasına əngəl yaradan yeganə tərəf Ermənistandır. Bu ölkə yenə üzərinə götürdüyü hüquqi öhdəliklərə laqeyd yanaşır, sülh, əməkdaşlıq üçün vəzifələrinin icrasından yayınır. Halbuki, nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın üzərinə elə də ağır yük düşmür.
Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi cəmi 45 kilometrdir. Bu ərazidə avtomobil və dəmir yollarının inşası hər hansı ciddi çətinlik yaratmır. Bundan başqa, müvafiq tikinti işlərinin həyata keçirilməsi üçün Avropa İttifaqı Ermənistana maliyyə dəstəyi göstərməyə hazırdır. Zəngəzur dəhlizindən keçən yolların təhlükəsizliyinin təmini üçün də Ermənistan heç bir məsuliyyət daşımır. Çünki təhlükəsizlik məsələlərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları cavabdeh olacaq.
Mövcud şəraitdə Ermənistan, sadəcə, siyasi iradə nümayiş etdirərək nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində əməli addımlar atmalıdır. Bu, regionda əməkdaşlıq əlaqələrinin qurulması, sülhün bərqərar olması, eyni zamanda Ermənistanın öz gələcəyi üçün də vacibdir. Çünki, sülh və regional əməkdaşlıq olmadan Ermənistanın gələcəyi məhvə məhkumdur.
Ermənistanın 1570 kilometrlik dövlət sərhədinin 2/3-dən çoxu Azərbaycan və Türkiyə ilə kəsişir. Bu ölkənin Gürcüstan və İranla sərhədi isə məhdud ötürücülük imkanlarına malikdir. Buna görə də Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması Ermənistanın tənəzzüldə olan iqtisadiyyatı üçün yeganə nicat yoludur.
Ermənistan nəzərə almalıdır ki, İkinci Qarabağ müharibəsi və onun nəticələri regionda yeni reallıqlar yaradıb, Azərbaycanı daha qüdrətli ölkəyə çevirib. Bu kontekstdə Azərbaycanın regionda sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər dünya tərəfindən qəbul və təqdir edilir. Elə bunun nəticəsidir ki, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olan dövlətlər tərəfindən tam dəstək ifadə olunur.
Zəngəzur dəhlizinin açılması bu gün Rusiyanın, Türkiyənin, İranın, Çinin, ABŞ və Avropa İttifaqının xüsusi maraq dairəsində yer alır. Bu mənada Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı hər hansı müqaviməti və ya prosesi əngəlləmək, vaxtı uzatmaq cəhdi mənasızdır. Regionun lider ölkəsi olan Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı da istəyinə nail olacaq.
Bu il martın 11-də Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanması bunu bir daha təsdiqləyir. Azərbaycan bununla Ermənistanın şıltaq davranışlarına sonsuza qədər dözməyəcəyini nümayiş etdirərək, Naxçıvanla əlaqələrin qurulması üçün alternativ variantlara əl atır. Rəsmi Bakı bununla regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasında nə qədər maraqlı olduğunu bir daha göstərir.
Ermənistan isə anlamalıdır ki, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” onun növbəti dəfə regional layihələrdən kənarda qalacağının əyani sübutudur. Əslində, rəsmi Bakının məhz bu layihə üzərində dayanaraq, Ermənistanı daha bir regional layihədən məhrum etməsinə heç nə mane olmur. Bununla belə, Azərbaycan üzərinə götürdüyü öhdəliyə sadiqliyini, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasında və inkişafında səmimi şəkildə maraqlı olduğunu növbəti dəfə ortaya qoyaraq, prosesi davam etdirir. Lakin İrəvan nəhayət anlamalıdır ki, Azərbaycanın İranın ərazisi ilə reallaşdırdığı layihə, ilk növbədə, ona zərbədir. Baş verənlər bir daha göstərir ki, Prezident İlham Əliyevin ağıllı və düşünülmüş siyasəti Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ermənistan ya yaranmış fürsətdən istifadə edib, üzərinə götürdüyü öhdəliyi yerinə yetirib, qonşularla normal münasibətlər quracaq, regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin açılmasına töhfə verib, inkişaf edəcək, ya da bundan sonra da təcrid olunmuş vəziyyətlə, səfalət içərisində qalacaq. İndi seçim İrəvanın və erməni xalqınındır.
APA Analytics