• TƏHLİL

    17:07 11 fevral 2022

İnnovativ texnologiyalara əsaslanan ordu qurmağın Türkiyə modeli - TƏHLİL

Bu gün dünyanı ən çox məşğul edən məsələ COVİD-19 pandemiyası olsa da, geosiyasi münasibətlər sistemində gərginliyin getdikcə artması, hətta bəzi ekspertlərin bunun üçüncü dünya müharibəsi ilə nəticələnə biləcəyinə dair proqnozları proseslərin heç xoş olmayan yöndə inkişaf etdiyini göstərir. Böyük dövlətlərin dünyanın müxtəlif qaynar nöqtələrində maraqlarının toqquşması və öz iddialarından geri çəkilməmələri təhlükənin daha da real olduğunu düşünməyə əsas verir. Bu gün bu proses Ukrayna ətrafında gedir. ABŞ, Qərb ölkələri və Rusiya Ukrayna poliqonunda savaşa hazır duruma gəlib.

İstər Ukrayna, istərsə də digər nöqtələrdə gərginliyin aktiv fazaya keçmə ehtimalı istər-istəməz ən kiçiyindən böyüyənə qədər ölkələrin öz silah arsenalını daha zənginləşdirməsi zərurətini ortaya qoyur.

Belə olan halda isə ortaya təbii sual çıxır: Hansı silahlarla?

XXI əsr özü ilə yeni texnologiyalar, “nou-hau” qaydalarını gətirdi. Artıq elm, sənaye, istehsal sahələri durmadan bu yöndə inkişaf edir. Təbiidir ki, bu qaydalar silah sənayesinə də təsirsiz ötüşə bilməzdi. Artıq böyük ölkələr öz ordularını yeni texnologiyalar əsasında hazırlanmış silah və texnika ilə təchiz etmək barədə düşünürdü. Məqsəd daha az insan itkisi ilə daha böyük nəticələr əldə etmək idi. Bu sahədə bir çox ölkə, o cümlədən ABŞ, İsrail, Rusiya, Çin və Qərb dövlətləri ilk vaxtlar liderliyi ələ alsa da, proseslərin sonrakı mərhələsində Türkiyə istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) ilə önə çıxdı. Artıq PUA-lar XXI əsrin birinci yarısının ən vacib silah sistemlərindən biri halına gəlib.

Müxtəlif dövlətlər innovativ texnologiyalara əsaslanan ordu modelinə üstünlük verdiyi bir vaxtda Türkiyənin əldə etdiyi nəticələr həqiqətən heyrətamizdir. Bu gün bütün dünyanın “Bayraktar”lardan danışması Türkiyənin bu sahədə nəyə nail olduğunun bariz sübutu deyilmi?

Yuxarıda qeyd olunduğu kimi, müxtəlif dövlətlər innovativ texnologiyalara əsaslanan ordu modelinə üstünlük verir. Müasir dövrdə dünyanın aparıcı orduları canlı qüvvədən istifadəyə yox, pilotsuz, ekipajsız maşın və uçan aparatlar, kosmik texnologiyalara üz tutur. Burada bir neçə məqam üzərində dayanmaq lazım gəlir: Əsas məsələ təbii ki, insan itkisinin qarşısının alınmasıdır. Digər məsələ odur ki, döyüşlərdə canlı qüvvədən istifadə xərc baxımından da əlverişli deyil. Hərbçinin həlak olması bir kənara, döyüşdən sonra müxtəlif xəsarətlər, psixoloji sarsıntılar, post-travmatik sindromlara məruz qalanları yenidən döyüşə hazırlamaq çox böyük xərc tələb edən prosesdir. Odur ki, optimal çıxış yolu kimi yeni nəsil hərbi innovasiyaların tətbiqi məsələsi ortaya çıxır. Buna nail olmaq üçünsə hərbi innovasiyalarda süni intellektin istifadə olunması gündəmin tələbinə çevrilir.

Təbiidir ki, dünyanın güclü orduları sırasında olan Türkiyə Silahlı Qüvvələri də bu prosesdən geri qala bilməzdi.

Yaxşı məlumdur ki, hər bir silah və texnikanın effektivliyi müharibədə əldə olunmuş nəticələr əsasında bəlli olur. Real döyüşlər isə yuxarıda adı sadalanan ölkələrin istehsalı olan PUA-ların effektivlik göstəricisinin Türkiyə istehsalı olan PUA-larda müqayisədə aşağı olduğunu ortaya qoydu.

Türkiyənin PUA sistemi Türkiyə Silahlı Qüvvələrinin arsenalına 2015-ci ildə daxil edilib. Türkiyə Silahlı Qüvvələrinin döyüş dronlarından İraq, Suriya və Liviyada əməliyyatlarda aktiv istifadə olunub. Bu sistem qeyd olunan əməliyyatlarda hər nə qədər effektiv olduğunu göstərmiş olsa da, Türkiyə PUA-ları Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə ilə əfsanələşdi. Məhz Qarabağ müharibəsində nail olunan yüksək nəticə bütün dünyanın diqqətini Türkiyə İHA (insansız hava araçları) və SİHA-larına (silahlı insansız hava araçları) yönəltdi.

Bəs, Türkiyə PUA-larını bu qədər önə çıxaran nə idi? Aparılan müqayisəli təhlillər həqiqətən Türkiyə istehsalı olan dronların digər ölkələrin dronlardan kifayət qədər üstün olduğunu ortaya qoyur.

Təhlilin nəticələrinə keçməzdən əvvəl qeyd olunmalıdır ki, Türkiyə mütəxəssisləri bu nəticələrə gərgin əməyin sayəsində nail olublar. Türkiyədə 2007-ci ildə Taktik Pilotsuz Uçuş Aparatı Sisteminin İnkişafı Proqramına start verilib. Bu proqram çərçivəsində “Baykar Makina” şirkəti tərəfindən hazırlanan Bayraktar Taktik PUA Sisteminin uçuş testləri icra edilib, Bayraktar Taktik İHA Sistemi qarşıya qoyulan bütün hazırlıq meyarlarını uğurla yerinə yetirib.

Sınaq mərhələlərindən sonra 2012-ci ilin avqust ayına qədər aparılan ilkin dronqayırma işləri uğurla başa çatdırılıb və kütləvi istehsalın əsası qoyulub.

İlk prototip sistemlər 2013-cü ilin yanvarında hazırlanıb, bu sistemlərin uçuş sınaqlarına 2014-cü ilin martında başlanılıb. Testlər davam edərkən, kütləvi istehsala da start verilib.

“Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB2” operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş aparatları, eləcə də digər döyüş dronları gərgin əmək nəticəsində qısa müddət ərzində daha da təkmilləşdirilib. Türkiyə PUA istehsalında yeni-yeni addımlar atır. “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar Akıncı TİHA” və digər yeni nəsil silahların istehsalı buna misaldır.

İndi isə keçək müqayisəli təhlilə. Aşağıdakı cədvəldə müxtəlif ölkələrin istehsal etdiyi müxtəlif PUA-ların texniki göstəriciləri əksini tapıb. Aparatların “Maksimum hansı yüklə havaya qalxa bilər”, “Yüklü vəziyyətdə sürəti, “Fəaliyyət göstərmə həddi”, “Daşıdığı yükün çəkisi”, “Havada qalma müddəti və “Maksimum qalxma hündürlüyü” diqqətə çatdırılır:

Adı

İstehsalçı ölkə

Maksimum hansı yüklə havaya qalxa bilər

Yüklü vəziyyətdə sürəti

Fəaliyyət göstərmə həddi

Daşıdığı yükün çəkisi

Havada qalma müddəti

Maksimum qalxma hündürlüyü

Bayraktar Akıncı

Türkiyə

5,500 kq

240 km/s

7,500 km

1,350 kq

25 saat

12,192 m

Bayraktar TB2

Türkiyə

650 kq

130 km/s

150 km

150 kq

27 saat

5,500 m

CAIG Wing Loong

Çin

4,000 km

20 saat

5,000 m

CAIG Wing Loong II

Çin

4,200 kq

370 km/s

32 saat

9,900 m

CASC CH-3/3A

Çin

650 kq

220 km/s

960 km

60-80/180 kq

12 saat

4, 000 m

CASC CH-4B

Çin

1,300 kq

180 km/s

345 kq

40 saat

CASC CH-5

Çin

3300 kq

220 km/s

60 saat

9,000 m

MQ-1 Predator

ABŞ

130 km/s

1,250 km

24 saat

7,600 m

MQ-1C Gray Eagle

ABŞ

1,633 kq

360 kq

25 saat

8,839.2 m

MQ-9 Reaper

ABŞ

4,760 kq

313 km/s

1,900 km

1,700 kq

14 saat

15,420 m

Hongdu GJ-11

Çin

20,215 kq

1000 km/s

4,000 km

12,500 m

Kronshtadt Orion

Rusiya

1,000 kq

120 km/s

250 km

200 kq

24 saat

8,000 m

TAI Anka-S

Türkiyə

1,700 kq

204 km/s

1,448 km

350 kq

30 saat

9,144 m

TAI Aksungur

Türkiyə

3,300 kq

250 km/s

6,500 km

750 kq

60 saat

12,192 m

IAI Heron

İsrail

1,150 kq

207 km/s

250 kq

52 saat

10,000 m

Elbit Hermes 450

İsrail

130 km/s

300 km

180 kq

17 saat

5,500 m

Qeyd olunmalıdır ki, buradakı göstəricilər açıq mənbələrdən götürülüb. Ola bilər ki, gizli və hələ də açıqlanmamış mənbələrdə texniki göstəriciləri və imkanları daha da yuxarı olan PUA-lar var. Lakin bu mənbələrə giriş imkanı olmadığından əlimizdəki rəqəmlərlə kifayətlənməli və bunun əsasında fikir yürütməliyik.

Cədvəldə adı qeyd olunan ölkələrdən başqa, Kanada, Böyük Britaniya, Hindistan və daha bir neçə ölkə də PUA istehsalında böyük nailiyyətlər əldə edib. Lakin bu ölkələrin istehsalı olan PUA-ların sınaqlar zamanı və konkret hansısa döyüş əməliyyatlarında göstərdiyi nəticələr barədə məlumat olmadığından onlar bu cədvələ daxil edilməyib.

PUA istehsal edən ölkələrdən danışarkən İsraili xüsusi vurğulamamaq da düzgün olmazdı. İsrail artıq uzun illərdir, müxtəlif təyinatlı dronların istehsalı ilə məşğuldur. Lakin İsrail daha çox kamikadze dronların istehsalına görə dünyanın lider ölkəsi sayılır. İsrail istehsalı olan “Harop” müxtəlif müharibələrdə, o cümlədən Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsində dəqiqliyi ilə fərqlənib.


Kamikadze dronların təyinatı fərqlidir, onlardan yalnız bir dəfə istifadə edilir. Müqayisəsi aparılan, cədvəldə qeyd olunan PUA-lar isə çoxtəyinatlıdır. Onlar mərmi, partladıcı, digər təyinatlı yükləri daşıya, müxtəlif tapşırıqları yerinə yetirə bilir, bir dəfə istifadə edilən deyil. Odur ki, bu PUA-ların kamikadze dronlarla müqayisəsi doğru olmazdı.

Hazırda döyüş dornlarının istehsalına görə dünyanın aparıcı ölkələri ABŞ, Çin və Türkiyə hesab olunur. Ölkələr arasında, əsasən, taktiki-texniki xüsusiyyətlərin təkmilləşdirilməsi istiqamətində ciddi rəqabət gedir. Bu baxımdan taktiki-texniki xüsusiyyətlərinə görə daha çox diqqət çəkən PUA-ların təhlili aparılıb, cədvələ konkret döyüş nəticələri ortaya qoymuş PUA növləri daxil edilib.

Göstəricilər arasında “Maksimum yüksəklik”, “Fəaliyyət göstərmə həddi” və “Maksimum qalxma hündürlüyü” əsas parametr hesab olunduğundan nəticə etibarı ilə Türkiyə istehsalı olan PUA-ların digər ölkələrlə müqayisədə daha effektiv olduğunu görürük.

Türkiyə hərbi sənayesinin bir uğuru da odur ki, Türkiyə PUA komponentlərinin istehsalını, təchizat-zəncir prosesini tamamilə ölkə ərazisində yerləşdirmək məqsədini qarşısına qoyub.

PUA istehsalında, eləcə də hərbi sənayedə əsas məqamlardan biri də döyüş zamanı PUA-ların xərc baxımından nə dərəcə sərfəli olması, insan itkisi olmadan uğurlu hərbi əməliyyat icra etmək qabiliyyətidir.

Bu yerdə Avropa Xarici Əlaqələr Şurasının hazırladığı “Türkiyənin dron diplomatiyası Avropa üçün dərs olmalıdır” başlıqlı yazıda əksini tapmış bir fakt diqqəti çəkir. Yazıda qeyd olunur ki, Türkiyə PUA-ları həm ucuz, həm də effektlidir. Bir “Bayraktar TB2”-nin dəyəri təqribən 5 milyon dollardır.

ABŞ istehsalı olan bir “MQ-9 Reaper” PUA isə 20 milyon dollara başa gəlir.

“Türkiyə bundan əvvəl ABŞ, İsrail və Cinin hakim olduğu bir sektorda əhəmiyyətli rol əldə edir”, - deyə yazıda bildirilir.

Artıq qeyd olunduğu kimi, əksər ölkələrin Qarabağ müharibəsindən sonra Türkiyə PUA-larına marağı daha da artıb. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan, Qətər və Ukrayna ordusu da istifadə edir. Pakistan artıq Türkiyə ilə birgə öz dronunun hazırlanması prosesinə başlayıb. Nigeriya, Mərakeş və Türkmənistan Çin dronlarının az müddətdə istismarından sonra Türkiyə PUA-ları almağa başlayıb. Qırğızıstan da cənub sərhədlərini mühafizə etmək üçün Türkiyədən dronlar alacağını bəyan edib.

Bir məqam da vurğulanmalıdır ki, Türkiyə yeni nəsil silahlar istehsalında da Azərbaycanla yaxından əməkdaşlıq edir. Azərbaycan artıq bir neçə ildir ki, PUA istehsalına başlayıb. Bu sahədə Türkiyə ilə sıx əməkdaşlıq edir. Həm müasir texnologiyaların tətbiqi, həm mütəxəssis hazırlığı baxımından qarşılıqlı əməkdaşlıq gündən-günə dərinləşdirilir. Təsadüfi deyil ki, türk iş adamı, mühəndis, döyüş PUA-larının əsas istehsalçısı olan “Baykar Makina”nın ortağı olan Səlcuq Bayraktar bildirib ki, hazırda prototipi təkmilləşdirilən “Bayraktar TB3” silahlı PUA-nın 50 saatdan çox havada qala bilməsi üzərində işləyən qrupda azərbaycanlı mütəxəssislər də var.

Bundan başqa, bu il mayın 26-29-da Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı təşkil olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festival çərçivəsində bir çox müsabiqə, o cümlədən “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsi keçiriləcək. Məqsəd tələbələr arasında aerokosmik sahəyə və pilotsuz uçuş aparatlarına marağın artırılması, o cümlədən uçuş üzrə fundamental bilik və bacarıqları formalaşdırmaqdır.

Artıq beynəlxalq brendə çevrilən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri də Səlcuq Bayraktardır.

Türkiyə döyüş dronlarının istehsalı sahəsində yeni nailiyyətlər əldə etməyə davam edir. Qardaş ölkə yeni nəsil yüksək texnologiyalar tətbiq etməklə qazandığı uğurlarla dünyanın öncül hərbi sənaye ölkələri sırasında yer almaqdadır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR