Azərbaycan və Türkiyə müxtəlif qoşun növlərinin iştirakı ilə geniş təlim keçirir. Hərbi təlimlərin miqyası, cəlb olunan qoşun növlərinin genişliyi onun sıradan hərbi təlim olmadığını göstərir.
Ssenariyə uyğun olaraq, hərbi manevrlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirir.
Təlimlərdə müasir döyüş üsullarından istifadə olunmaqla artilleriya, aviasiya və digər qoşun növləri tətbiq edilir, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra olunur.
İntensiv və professional şəkildə aparılan bu təlimlərin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiyini söyləmək olar.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyətinin birgə təlimləri izləmək məqsədilə Azərbaycana səfəri planı da təlimlərə verilən yüksək önəmin göstəricidir.
Əslində, bununla Türkiyə Azərbaycanla bağlı məsələlərdə heç kimdən çəkinmədiyini, hər zaman müttəfiqi və qardaş ölkənin təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini bir daha nümayiş etdirir.
Daha bir diqqət çəkən məqam təlimlərin arealı - Bakı ilə yanaşı, İranla sərhəd boyu Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə etməsi ilə bağlıdır.
Təlimlərin bu ərazilərdə keçirilməsi heç də təsadüfi sayılmamalıdır və Ankara ilə Bakının regionda de-struktiv siyasət aparan İrana açıq mesajı hesab olunmalıdır. Bir neçə ay müddətində Azərbaycanla sərhəddə 2 ayrı təlim keçirən İran Qarabağın 30 illik müvəqqəti işğalı zamanı öz şimal sərhədlərində belə hərbi aktivlik nümayiş etdirmirdi. Əksinə, rəsmi Tehran Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərə qədər daha çox İraq, Əfqanıstan və Körfəz ölkələri ilə dəniz sərhədlərində aktivlik nümayiş etdirirdi. Amma Cənubi Qafqazda geosiyasi durumun Azərbaycanın və Türkiyənin xeyrinə dəyişməsi fonunda rəsmi Tehran da öz yanaşmasını dəyişdi.
Özü də Azərbaycan-Türkiyə təlimləri İranın sınıq-salxaq, köhnə sovet texnikası, Araz çayı üzərində yalançı panton körpü salma ssenarisi ilə aparılmır. NATO-nun ikinci böyük ordusu müasir silahların tətbiq olunması ilə Azərbaycanla birlikdə Araz çayı sahillərində yeni nəsil müharibə qaydalarına uyğun geniş miqyaslı təlim keçirir. İranın bu təlimdən alacağı mesajlarla yanaşı, öyrənəcəyi şeylər də var. Heç olmasa, Arazın o tayından baxıb, müasir orduların necə təlim keçdiyini görsünlər, öyrənsinlər.
İranla bağlı məqamlara Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında aydın şəkildə toxunmuşdu. Dövlət başçısı İranın son 2 ildəki anlaşılmaz və bəzən açıq hədəyə keçən qonşuluq siyasətinə rəsmi Bakının hər zaman adekvat cavab verməyə hazır olduğunu söyləmişdi.
“İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”, - deyən dövlət başçısı situasiyanı olduğu kimi təqdim etmişdi.
Digər tərəfdən, İranın Ermənistanla bərabər keçirdiyi narahatlıq fonunda Azərbaycanın 44 günlük müharibədə Zəfəri və onun nəticəsi olaraq bölgəmizdə başlayan proseslər Azərbaycan - Türkiyə həmrəyliyinin nə qədər effektiv olduğunu göstərdi. Təbii ki, bunun ən bariz nişanəsi ilki ölkə arasında imzalanan Şuşa Bəyannaməsidir. Bu Bəyannamə Türkiyənin artıq, sadəcə, sözdə deyil, həm də əməldə bütünlüklə Azərbaycanın yanında olduğunun göstəricisidir. Azərbaycan-Türkiyə hərbi təlimləri, əslində, Şuşa Bəyannaməsinin yalnız kağız üzərində mətn deyil, real və işlək bir müqavilə, mexanizm olduğunu da növbəti dəfə isbat etdi.
Azərbaycan-Türkiyə birliyinin vacibliyi son zamanlar xüsusən gündəmdədir və bölgənin təhlükəsizliyində yox, məhz təhlükəyə sürüklənməsində maraqlı olan İranın ambisiyalarına qarşı effektiv “sakitləşdirici” rolunu oynayacaq.
Bu məqamda, dövlət başçısı İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransda geosiyasi proseslərə aydınlıq gətirən daha bir ifadəsini yada salmaqda fayda var.
Prezident Əliyevin “Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” sözləri bu gün Araz çayı sahillərində keçirilən Azərbaycan-Türkiyə hərbi təlimlərinin açıqlaması sayılmalıdır.
Bu gün Azərbaycan Ordusunun regionda, Türkiyə Ordusunun isə dünya miqyasında ən güclü ordulardan olduğuna dair kimsənin şübhəsi qalmayıb. Türkiyə istehsalı olan hərbi texnikanı almaq üçün “uzun növbə” yaranıb desək, yanılmarıq. Ankara isə hər zaman Azərbaycanı ən müasir silah və hərbi texnika ilə təmin edə biləcəyini daim bəyan edir. Azərbaycan Ordusunda Türkiyə Ordusu modelinin tətbiq edilməsi artıq son mərhələdədir.
Yəni, iki ölkə istər cənubdan, istərsə də digər istiqamətlərdən gələn istənilən təhdid və təhlükəyə qarşı vahid ordu ilə birgə cavab verməyə hazırdır. Azərbaycan-Türkiyə birliyi nəinki İran-Ermənistan, istənilən ittifaqa qarşı layiqincə cavab verməyə qadirdir.
Yaxşı olar ki, həm İran, həm də Azərbaycan və Türkiyəyə qarşı məkrli planlar qurmaq niyyətində olan digərləri gec olmadan sağlam qonşuluq və səmimi dostluq münasibətlərinə üstünlük versinlər. Bu, ilk növbədə onların özünün xeyrinədir.
APA Analytics