• TƏHLİL

    17:31 29 dekabr 2022

Laçın-Xankəndi yolunda aksiyanın əks-sədası: Hədəfə doğru addım-addım - TƏHLİL

Artıq 18 gündür, azərbaycanlı eko-fəallar Laçın-Xankəndi yolu üzərində dinc etiraz aksiyası keçirirlər. Aksiyanın son məqsədi elə birinci gündən eynidir - Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji soyqırımın dayandırılması... Aksiya səbəbi ilə Laçın-Xankəndi yolunun Rusiya sülhməramlıları tərəfindən bağlanması nəticəsində Qarabağda qanunsuz şəkildə hasil edilən əlvan metal filizlərinin emal edilmək üçün Ermənistana göndərilməsi mümkünsüz olub. Nəticədə, bölgədəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti ötən gün mədən fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Şirkətin bəyanatında ekoloji ekspertizanın aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilməsi qərarına gəlindiyi də qeyd olunub.

Gülünc açıqlamadır. Azərbaycanın ərazisində Azərbaycanın razılığı, icazəsi, iştirakı olmadan kim, necə ekspertiza apara bilər? Həmin mədənlərdə monitorinqi yalnız Azərbaycanın dövlət qurumları aparmalıdır və aparacaq.

Baş verənlər azərbaycanlı eko-fəalların öz məqsədlərinə addım-addım çatdığını göstərir və proses son nəticə əldə olunanadək davam edəcək.

Bu məqamda “Base Metals” şirkəti nümunəsində erməni mədən şirkətlərinin ekologiya anlayışına, törətdiyi lokal və qlobal fəsadlara nəzər yetirmək faydalı olar.

“Base Metals” şirkəti işğal illərində Qarabağdakı qondarma “hökumət”in “vergi” gəlirlərinin təxminən 30-40 faizini təmin edib. Bu fakt həm də separatçı-terrorçuların bu illər ərzində Azərbaycanın necə zəngin yataqlarını taladığını göstərir.

Lixtenşteyndə qeydiyyatdan keçən bu erməni şirkəti Ermənistandakı faydalı qazıntı yataqlarının istismarı zamanı ətraf-mühitə vurduğu sağalmaz ekoloji zərərlərlə ad çıxarmış “Vallex Group” konqlomeratının törəməsidir. “Base Metals” 2002-ci ildən Heyvalı (Drmbon) kəndi yaxınlığındakı “Qızılbulaq” mis-qızıl yatağının da qanunsuz istismarında iştirak edib. Bir sözlə, dünən mədən fəaliyyətlərini dayandırdığını bəyan edən bu talançı şirkəti işğal dövründə “Arsax iqtisadiyyatı”nın çarxlarını hərəkətə gətirib. Qanunsuz mədən fəaliyyətlərini ekologiyanın barbarcasına istismarı üzərində dizayn etmiş “Base Metals” Azərbaycan əsgərinin Qarabağda təhlükəsizliyi təmin etməsindən sonra kabus yaşamağa başlayıb. Eko-fəalların aksiyası isə şirkəti praktiki olaraq iflic vəziyyətinə salıb.

“Base Metals” şirkətinin bu gün düşdüyü vəziyyətə əsasən deyə bilərik ki, yaxın gələcəkdə Qarabağda mövcud olan istənilən iqtisadi fəaliyyət Azərbaycan xalqının iradəsinə zidd olduğu halda varlığını qoruya bilməyəcək. Odur ki, separatçı əhval-ruhiyyədə olanların bir an öncə hərbi-siyasi reallığı tanıdığı kimi, iqtisadi reallığı da qəbul etməsi, ilk növbədə, Azərbaycanın erməni vətəndaşlarının rifahı üçün önəm daşıyır.

Ümumiyyətlə, bu cür qanunsuz iqtisadi fəaliyyətlər heç vaxt bir istiqamətdə olmur. Qanundan kənar mövcudluğu onları iqtisadi, sosial, siyasi, səhiyyə sahələrində də ənənəvi davranışlarını davam etdirməyə sövq edir.

Məsələn, Qarabağdakı mədənlərin qanunsuz istismarı son nəticədə, sadəcə, Azərbaycan xalqının sərvətlərinin talanması anlamına gəlməməlidir. Burada əldə edilən gəlirlər yalnız kimlərinsə qanunsuz şəkildə varlanması ilə nəticələnmir, eyni zamanda, Avropa Parlamenti nümunəsində olduğu kimi, bir sıra ölkə və təşkilatlarda illeqal lobbiçilik fəaliyyətlərini, korrupsiya əməliyyatlarını motivasiya edir. Son nəticədə isə itirən təkcə maddi sərvətləri talanmış Azərbaycan xalqı deyil, məmuru, ictimai institutları deqradasiyaya uğradılmış Qərbdir.

Sözügedən şirkətlərin eyni zamanda, külli miqdarda çirkli pulların yuyulması əməliyyatlarında da iştirak etdiyinə dair mötəbər hesabatlar var.

Problemin növbəti aspekti isə ictimai sağlamlıqla əlaqəlidir. Artıq çox yaxşı məlumdur ki, Ermənistanda fəaliyyət göstərən müxtəlif mədən şirkətləri erməni xalqının qatilinə çevrilib. Bu şirkətlərin Ermənistanı “xərçəng cənnəti”nə çevrilməsində başlıca rolu öz öhdələrinə götürüblər. “World Life Expectancy” araşdırma mərkəzinin hesabatına görə, Ermənistan artıq əhalinin sayına nisbətdə xərçəng xəstəliyindən ölənlərin sayına görə dünya birincisidir. Statistikaya əsasən, bu ölkədə hər 100 min nəfərdən 230-u xərçəngdən dünyasını dəyişir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında isə qeyd olunub ki, xərçəng xəstəliyi artıq Ermənistanda ikinci əsas ölüm səbəbidir və bütün ölüm hallarının 21%-i xərçəng xəstəliyi səbəbi ilə baş verir. Qeyd olunub ki, 2040-cı ilədək daha da artması gözlənilir.

Digər statistikaya əsasən, Ermənistanda 1990-cı illərdən sonra uşaqlar arasında xərçəng xəstələrinin sayı 4 dəfə artıb. Ermənistanlı ekspertlər bu qorxunc statistikanın başlıca səbəblərindən birinin mədən sənayesi olduğu qənaətindədirlər. Belə ki, süxurların emal edilməsində sianidin istifadə edilməsi, xrom, kadmium, qurğuşun, arsen, kimi zərərli kimyəvi maddələrin yüksək miqdarlarda konsentrasiyasının təhlükəsiz rezervlərdə toplanmaq yerinə çaylara axıdılması və ya torpağa sızdırılması son nəticədə əhalinin müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur, içməli suya və kənd təsərrüfatı torpağına qarışan zəhərli maddələr xərçəng də daxil olmaqla müxtəlif patologiyalara səbəb olur.

Əslində, erməni şirkətlərinin bu cür qanunsuz və barbar mədən fəaliyyətlərinə ermənilərin özləri də mütəmadi etirazlar edirlər. Məsələn, 2018-ci ildə və daha sonralar “Amulsar” yatağının da eyni üsullarla istismarına etiraz edən erməni eko-fəallarla polis arasında fiziki qarşıdurma belə olub.

Bütün bunlar erməni şirkətlərinin mədən sənayesinə yanaşmasını göstərən bəzi faktlardır.

Bundan başqa, Ermənistanın Azərbaycanın çaylarını da qəsdən zəhərli maddələrlə çirkləndirməsinə dair faktlar mövcuddur. Odur ki, Azərbaycan xalqının ermənilərin bu cür ekoloji terrorçuluğu davam etdirməsinə göz yumması mümkün deyil.

Lakin terrorçu tör-töküntülərinin mədənlərin istismarının dayandırmasına dair açıqlaması eko-aktivistlərin Xankəndi-Laçın yolunda aksiyasını dayandırması üçün heç cür əsas ola bilməz. Onlar öz məqsədlərinə çatana qədər dinc etiraz aksiyasını davam etdirəcək. Çünki aksiyada səsləndirilən tələblər hələ də yerinə yetirilməmiş qalır. Azərbaycanın dövlət orqanları mədənlərdə monitorinq aparmalı, illər ərzində qeyri-qanuni istismar nəticəsində Azərbaycana dəymiş ziyan müəyyən olunmalıdır. Bununla yanaşı, 30 il ərzində Azərbaycanın faydalı qazıntı yataqlarını, təbii sərvətlərini qeyri-qanunu istismar etmiş, talamış, zənginləşmiş şəxslər, şirkətlər bu əmələ görə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Moskvanın emissarı Vardanyan və digər separatçı tör-töküntüləri anlamalıdır ki, bir rus məsələndə deyildiyi kimi, “Bunlar hələ çiçəklərdir, giləmeyvələr qabaqdır”. Bundan sonra heç kim Azərbaycanın icazəsi, razılığı, xəbəri olmadan onun təbiətini, faydalı qazıntı yataqlarını, digər təbii resurslarını talayıb xaricə daşıya bilməyəcək. Getdi o günlər...

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR