Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.
Prezident İlham Əliyev isə bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.
Dövlət başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
Bu məlumatı qısa məzmunla ifadə etsək, Azərbaycan Prezidenti özünün və xalqın iradəsini ifadə edib, qətiyyətini nümayiş etdirib. Qısa və konkret şəkildə atəşkəsin bərpasının yolunun Azərbaycan torpaqlarının işğaldan azad olunması olduğunu qeyd edib.
Fransanın son günlərdəki tövrü
Ermənistanın bu il sentyabrın 27-dən başlayan hücumundan sonra Azərbaycan dinc əhalisinin təhlükəsizliyini təmin eləmək üçün genişmiqyaslı antiterror əməliyyatlarına başladı.
ATƏT-in həmsədr ölkələri təbii ki, bu prosesdən yenidən “narahat oldular” və bəyanatlar səsləndirməyə başladılar. Artıq oktyabrın 3-dür, son 7 gündə Azərbaycanın dinc əhalisindən 19 nəfər həlak olub, 61 nəfər yaralanıb. Ermənistan Silahlı Qüvvələri 175 yaşayış evini və 41 obyekti dağıdıb. Bunlar mülki əhalinin yaşadığı ərazidə, döyüşlə heç bir əlaqəsi olmayan insanlara dəymiş ziyandır.
ATƏT-in Minsk qrupu həmsədrləri isə “tərəfləri atəşi dayandırmağa çağırırlar”. Halbuki atəşi başlayan, dinc əhalini hədəf alan bir tərəfdir, yəni Ermənistandır. İstər hərbi, istər mülki addımları ilə qeyri-leqallıq edən Ermənistandır. Azərbaycan bu prosesdə leqaldır, beynəlxalq hüquq normalarını pozmur, ərazisində antiterror əməliyyatı keçirir, ərazisini terrorçulardan təmizləyir.
ATƏT-in Minsk qrupu həmsədrlərindən biri, Fransa isə prosesdə daha aktivdir. Əslində aktiv-qərəzlidir ifadəsi daha doğru olar.
Makron Azərbaycana, həmçinin, prosesdə Azərbaycana siyasi və beynəlxalq dəstək verən Türkiyəyə, hətta islam dünyasına qarşı radikal çıxışlarını beynəlxalq mediada edir, aqressiyasını gizlədə bilmir.
Fransa Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda yaranmış vəziyyəti müzakirə edərkən bu müzakirəyə Donad Trampın da qoşulmasını təklif etdi və
həmsədrlərin Dağlıq Qarabağdakı vəziyyətə dair birgə bəyanatla çıxış etməsinə nail oldu. O, Türkiyənin hərbi əməliyyatlarla bağlı bəyanatlarından narahatdır, Azərbaycanın Qarabağı hərbi yolu ilə geri qaytarmasına imkan verməyəcəklərini açıq bəyan edir.
Makron bir daha nümayiş etdirir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi nəinki ədalətlilik, heç tərəfsizlik də nümayiş etdirə bilmir. Halbuki Makron Fransa prezidentindən daha çox erməni diasporu rəhbəri mövqeyi tutmasaydı, beynəlxalq hüququn Azərbaycanın lehinə olduğunu qəbul edərdi.
Təcrübəli diplomat Metyu Brayza APA-ya müsahibəsində Makronun davranışlarını belə şərh edib: “Makronun bəyanatı şokedici idi. Əvvəlcə, ona görə ki, bunu deyən Minsk Qrupu həmsədri olan ölkənin lideridir. O, leqal vəziyyəti bilməlidir. Leqal olan isə odur ki, bura Azərbaycanın ərazisidir. İkincisi də ona görə ki, o canişin kimi, imperiya dərəbəyi kimi danışdı. Sanki Azərbaycan öz qərarlarını verə bilmir. Sanki Azərbaycan əks-hücum üçün suveren qərar qəbul edə bilmir və mütləq Türkiyə tərəfindən cəsarətləndirilməli və ya dəstəklənməlidir. Bu, həqiqətən də təkəbbürlülükdür. Mən düşünmürəm ki, bu doğrudur. Amma mən əminəm ki, Azərbaycanda hamı Türkiyənin dəstəyinə görə sevinir, lakin bilirsiniz ki, Azərbaycan öz qərarlarını özü verə bilir”.
Fransa Prezidentinin bu tövrü onun Minsk Qrupunun həmsədri kimi etimad limitini bitirdi. Azərbaycanın Dağlıq Qarabağ icması öz “Twitter” hesabında ibunu belə də yazdı: “Azərbaycan artıq Fransanı həmsədr ölkə kimi tanınmır”
Cənab Makron bu günlərdə həm də İslam dünyasına “savaş” açır. “Əl Cəzirə”nin məlumatına görə, Makron ötən cümə çoxdan gözlənilən müraciətini edib və "İslam bu gün bütün dünyada böhran içində olan dindir, bunu yalnız öz ölkəmizdə görmürük" cümləsini istifadə edib. Fransız müsəlman fəal Yasser Louati isə bu çıxışdan sonra "Twitter" səhifəsində yazıb: “Müsəlmanlara qarşı repressiya təhlükəsi var idisə, indi bu artıq reallıqdır”.
Fransız akademik Rim-Sarah Alaoune isə "Twitter"də yazıb: “Prezident Makron İslamı bu gün bütün dünyada böhran içində olan din kimi xarakterizə etdi. Nə deyəcəyimi də bilmirəm. Bu qeyd o qədər səfehcəsinədir (üzr istəyirəm) ki, başqa təhlilə ehtiyac yoxdur ... Narahat olduğumu gizlətməyəcəyəm”.
Belə... Bu da dözümlülük, tolerantlıq nümunəsi olan Fransanın rəsmi üzü olan Makron.
Makronun zəngi
ATƏT-in Minsk qrupu həmsədrləri, BMT Təhlükəsizlik Şurası üzvlərinin müzakirələri, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatların bəyanat və çağırışları göstərir ki, Dağlıq Qarabağ münaqişəsi hazırda dünyanın gündəmindəki əsas məsələdir. Bu, Prezident İlham Əliyevin və Azərbaycan xalqının iradəsinin nəticəsidir.
Prezident Əliyev dünya liderləri ilə telefon danışıqlarında qətiyyətini göstərir. Antiterror əməliyyatlarının davam edəcəyini, Azərbaycan ərazisinin azad olunacağı, Azərbaycan xalqı üçün təhlükə mənbəyi olan sonuncu terrorçu ərazilərdən çıxarılana qədər davam edəcəyini deyir.
Prezident “Əl-Cəzirə” kanalına müsahibəsində qeyd edib: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır”.
Dövlət başçısı daha sonra davam edir: “Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq”.
Və bu prosesin aparılması üçün plan da təklif edir: “Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, - diplomatiya işləyə bilər”.
Konkret və qəti!
İndi söz həmsədrlərindir!
APA Analytics