Ermənistan Rusiya tərəfindən Metsamor Atom Elektrik Stansiyasının tikintisi və bərpası üçün ayırmış olduğu kredit xəttinin qalan balansından istifadədən imtina edib. Stansiyada qalan işlərin həyata keçirilməsi üçün Ermənistan hökuməti digər maliyyə mənbələrindən istifadə edilməsinin daha səmərəli olacağını düşünür. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan 7 may tarixində parlamentdə çıxışında bildirib. Daha sonra iyun ayının 9-da 2019-cu il büdcə layihəsinin icrası ilə bağlı parlamentdə aparılan müzakirələrdə də bu fikir bir daha səsləndirilib. Lakin ötən il dekabr ayında Papikyan Rusiyanın Ermənistandakı səfiri ilə keçirdiyi birgə mətbuat konfransında qeyd etmişdi ki, Metsamorun maliyyələşdirilməsinin uzadılması məsələsi müzakirə edilib və tərəflər bununla bağlı razılıq əldə edib. Bu isə onu göstərir ki, ilkin olaraq Ermənistan hökuməti Rusiyadan əldə etdiyi güzəştli krediti uzatmaq niyyətində olsa da, sonradan fikrini dəyişib. Kreditin uzadılmamasına baxmayaraq, yenidənqurma işlərinə əvvəl olduğu kimi “Rosatom”un tərkibində olan “Rusatom Servis” şirkəti nəzarət edəcək.
Metsamor Ermənistanda yeganə atom elektrik stansiyasıdır və 1970-ci illərdə tikilib. Stansiyanın fəaliyyəti 1988-ci ildə Ermənistanda baş vermiş güclü zəlzələdən sonra dayandırılıb. 1995-ci ildə isə ağır iqtisadi vəziyyətlə əlaqədar olaraq stansiyada olan nüvə reaktorlardan birinin (ikinci bölmə) fəaliyyəti bərpa edilib. Ermənistanın elektrik enerjisi istehsalında bu stansiya ən böyük paya sahibdir (40%). Stansiyanın idarə edilməsi və fəaliyyəti üzərində nəzarət Rusiyanın “Rosatom” dövlət şirkəti tərəfindən təmin edilir. Stansiyada işləyən ikinci bölmənin istismar müddəti 2016-cı ildə bitdiyindən Ermənistan yeni stansiya qurmaq niyyətində idi. Lakin yeni stansiyanın tikilməsinin çox baha başa gəlməsi (5 milyard ABŞ dolları) və bunun üçün də kifayət qədər maliyyə resursunun olmaması Ermənistan hökumətini fəaliyyət göstərən bölmənin yenidən qurulmasını həyata keçirmək məcburiyyətində qoyub. Bunun üçün Beynəlxalq Atom Enerjisi Agentliyindən icazə alınıb və yenidənqurma işləri başlayıb.
2014-cü ilin sonunda Rusiya ikinci bölmənin yenidən qurulması və xidmət müddətinin 2026-cı ilə qədər uzadılmasının təmin edilməsi üçün 270 milyon ABŞ dolları həcmində kredit və 30 milyon dollar qrant ayırmağa hazır olduğunu bəyan edib. 2015-ci ilin fevral ayında isə kreditin və qrantın əldə edilməsi üçün müqavilə imzalanıb. Kredit Ermənistana güzəştli şərtlərlə (illik 3%, maksimum 15 il üçün) verilib. Yenidənqurma işlərinin 2019-cu ildə bitməsi planlaşdırılsa da, hələ bitməyib və ayrılmış ümumi vəsaitin 107 milyon dolları istifadəsiz qalıb. Stansiyada turbin və generatorların dəyişdirilməsinə baxmayaraq, reaktorun özü ilə bağlı bir sıra yenilənmə işləri bitməyib, hansılar ki, stansiyanın xidmət müddətinin uzadılmasında əsas rola malikdir. Aprel ayından etibarən pandemiyanın yaratdığı problemlərlə əlaqədar olaraq stansiyada yenidənqurma işləri dayandırılıb. Rusiyalı mütəxəssislərin Ermənistana səfər edə bilməməsi isə işlərin daha uzun müddət təxirə salınmasına səbəb olacaq.
Müqavilənin uzadılmamasını Ermənistan rəsmiləri müxtəlif iqtisadi problemlərlə əlaqələndirirlər. Səsləndirilən fikirlərdən biri odur ki, indiyədək Ermənistan ayrılan kreditlərdən səmərəli istifadə etməyib və bu vəsaitlərdən istifadənin səmərəliliyinin artırılması stansiyanın qalan işlərinin maliyyələşdirilməsi üçün əlavə maliyyə mənbəsinin formalaşmasına imkan yaradacaq. Eyni zamanda Ermənistanın digər məqsədlər üçün əldə etdiyi, lakin istifadəsiz qalan kreditlərinin stansiyanın maliyyələşdirilməsi üçün istifadə ediləcəyi fikri də səsləndirilir. Bu fikirlərin səsləndirilməsinə baxmayaraq, əsas rola malik olan iqtisadi faktor Ermənistanın krediti qaytarmaq üçün müəyyən edilən vaxtı uzatmağa çalışmasıdır. Stansiyanın bərpa edilməsi üçün verilən kreditin geri qaytarılması 2020-ci ildən etibarən başlamalı idi. Ermənistan hökuməti kreditin qaytarılma vaxtının uzadılması üçün müraciət edib, lakin bununla bağlı razılıq əldə edilməyib. Bundan sonra Ermənistan hökuməti kredit müqaviləsini uzatmaqdan imtina edib. Bəzi mənbələrdə isə razılığın əldə edildiyi vurğulanır. Lakin Ermənistanın əvvəl müqavilənin uzadılmasına razılaşıb sonra imtina etməsi də onu göstərir ki, tərəflər arasında kreditin qaytarılma vaxtı və yeni şərtləri ilə bağlı fikir ayrılığı yaranıb. Əks halda hazırkı çətin iqtisadi vəziyyətdə Ermənistan güzəştli kreditdən imtina etməzdi.
Digər tərəfdən, apreldən etibarən stansiyada aparılan yenidənqurma işləri dayandırıldığından böyük ehtimal kreditin geri qaytarılması vaxtı çatanda stansiya hazır olmayacaq. Buna görə də Ermənistan bitməmiş işə görə borc qaytarmaq istəmir və borcun qaytarılma vaxtını uzatmağa çalışır. Əgər stansiyanın yenilənməsi prosesi daha uzun vaxt alarsa bu köhnə olduğu üçün stansiyanın fəaliyyətində problemlərin yaranmasına və ya onun fəaliyyətinin dayanmasına gətirib çıxara bilər. Bu isə elektrik enerjisinə olan tələbatın kəskin artığı qış aylarında artacaq tələbatın qarşılanmasında problemlərin yaranmasına səbəb ola bilər. Belə olan halda Ermənistan hökuməti həm elektrik enerjisi ilə bağlı problemlərlə qarşılaşmış olacaq, hansı ki, əlavə xərclərin yaranmasına səbəb ola bilər, həm də çətin iqtisadi durumda krediti qaytarmalı olacaq. Ona görə də Ermənistan hökuməti müqaviləni uzatmaq və Rusiyaya olan borclarını artırmaq istəmir. Digər tərəfdən isə Ermənistan hökuməti stansiyada yenidənqurma işlərinin nə vaxt bərpa ediləcəyi məlum olmadığından hələ ki, əlavə borclanmaya getmək istəmir.
Rusiyanın təklif etdiyi vəsaitlərdən istifadə edilməyəcəyi halda, stansiyada bərpa işlərinin hansı maliyyə resursları hesabına aparılacağı maraq doğurur. Dövlət nümayəndələri bu haqda müxtəlif fikirlər səsləndirib. Bəzi nümayəndələr maliyyə mənbəyi kimi dövlət büdcəsinin vəsaitlərindən, daha doğrusu büdcə vəsaitləri hesabına ayrılacaq kreditlərdən istifadə ediləcəyini bildirib. Lakin hazırda Ermənistanda yaranmış iqtisadi mühit büdcə vəsaitləri hesabına stansiyada işlərin davam etdirilməsinə imkan vermir. Büdcə gəlirlərinin azalması və iqtisadiyyata dəstək proqramlarının həyata keçirilməsi üçün ayrılmış vəsaitlər onsuzda büdcənin icrası ilə bağlı problemlərin yaranmasına və hökumətin xarici borclanmaya getməsinə səbəb olub. Eyni zamanda büdcə vəsaitləri hesabına verilən kreditlərin faiz dərəcəsi (8-10%) Rusiyanın təklif etdiyi güzəştli kreditin faiz dərəcəsindən (3%) bir neçə dəfə çoxdur. Ona görə də stansiyada yenidənqurma işlərinin büdcə vəsaitləri hesabına həyata keçirilməsi inandırıcı deyil. Səsləndirilən digər fikir isə maliyyələşmənin istifadə edilməmiş digər kreditlər vasitəsilə həyata keçiriləcəyidir. Bu barədə daha ətraflı məlumat verilməsə də, bu kreditlər böyük ehtimal xarici ölkə və təşkilatlardan əldə edilmiş kreditlərdir. Belə kreditlər verildikdə onun təyinatı və xərclənmə mexanizmi əvvəldən müəyyən edilir və əldə edildikdən sonra da onun təyinatı üzrə xərclənməsinə kredit verən tərəfindən nəzarət həyata keçirilir. Ona görə də kreditlərin istifadəsiz qalması və təyinatının dəyişdirilməsi istiqamətində səsləndirilən fikirlər təəccüb doğurur və bu fikirlərin bəhanə olaraq istifadə edilməsi istiqamətində şübhə yaradır.
Yenidənqurma işləri üçün istifadə ediləcək yeni maliyyə mənbələri ilə bağlı şübhəli və dəqiq olmayan fikirlərin səsləndirilməsi onu göstərir ki, Ermənistan hökuməti hansı mənbədən istifadə edəcəyi ilə bağlı hələ qərar verməyib. Bu da sözsüz ki, mövcud iqtisadi problemlər və maliyyə çatışmazlığı ilə bağlı ola bilər. Ermənistanın kreditdən imtina etməsinin Rusiya ilə münasibətlərə mənfi təsir edəcəyi iddia edilir. Lakin bu barədə danışan Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan qeyd edib ki, bu məsələ Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir edə bilməz və iki ölkə arasında dostluq münasibətləri davam etməkdədir.
Nəticə
Bütün qeyd etdiyimiz fikirlər onu deməyə əsas verir ki, müqavilənin uzadılmamasında kreditin ödəmə imkanlarının az olması və işlərin tam görülməməsi əsas rola malikdir. Hazırda mövcud olan iqtisadi şəraitdə Ermənistan stansiyada yenidənqurma işlərinin davam etdirilməsi üçün ən yaxşı halda xarici borc götürə bilər. Bu isə dəstək proqramlarının həyata keçirilməsi və büdcə kəsrinin bağlanılması üçün hökumətin götürməyə hazırlaşdığı xarici borcun həcminin daha da artmasına gətirib çıxaracaq. Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, hazırda dünyada pandemiya ilə əlaqədar olaraq yaranmış şəraitdə borc vəsaitlərinin cəlb edilməsi çətindir və hələ 2019-cu ildə Avropa İttifaqı Ermənistan üçün proqnozlaşdırılandan 60% daha az maliyyə vəsaiti ayırıb. Bu isə Metsamorda yenidənqurma işlərinin həyata keçirilməsi üçün digər maliyyə mənbələrindən istifadə imkanlarının nə dərəcədə az olduğunu göstərir. Ona görə də Ermənistan hökuməti kreditin yenidən ödənilməsi ilə bağlı yaranacaq problemlərə görə Rusiyanın güzəştli kreditindən imtina edirsə o zaman digər mənbələrdən borc götürmək də başqa iqtisadi problemlər yarada bilər. Eyni zamanda maliyyənin cəlb edilməsinin gecikməsi ilin sonunda əhalinin enerji təminatı ilə bağlı problemlərin yaranmasına yol aça bilər. Ona görə də istənilən halda cari ildə Metsamor ilə bağlı Ermənistanı problemlər gözləyir.