"Normand dördlüyü" liderləri - Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Parisdə Yelisey Sarayında dekabrın 9-da keçirilən görüş təxminən 2 saat 20 dəqiqə davam edib.
Liderlər görüşün yekun sənədində Ukraynanın cənub şərqində bu ilin sonuna kimi atəşkəs rejiminin icra olunmasına tam dəstəklərini ifadə ediblər. Bundan başqa, sənəddə Donbasda 2020-ci ilin mart ayının sonuna kimi üç yeni məntəqədə qüvvələrin geri çəkilməsi nəzərdə tutulur. Sammit iştirakçıları “Ştaynmayer formulu” əsasında Ukraynanın Konstitusiyasına dəyişikliklərin edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Ümumilikdə "Normand dördlüyü"nün yekun bəyanatını üç hissəyə bölmək olar:
1. Münaqişə zonasında vəziyyətin sabitləşməsi üçün dərhal tədbirlərin görülməsi
3. Gələcək addımlar
Kommunikedə, həmçinin bildirilir ki, danışıqların yekununda liderlər XİN başçılarına və siyasi müşavirlərinə əldə olunmuş razılıqların həyata keçirilməsinin təmin olunmasını təklif ediblər. Liderlər qarşıdakı dörd ay ərzində bu formatda daha bir görüşün keçirilməsinə razılaşıblar.
Beləliklə, uzun sürən fasilədən - 3 ildən sonra "Normand dördlüyü”nün növbəti sammiti baş tutdu. Xatırladaq ki, Donbas münaqişəsindən sonra yaradılan "Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutmuşdu. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalmış, Rusiya və Ukraynanın heç biri güzəştə getməmişdi.
2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı "Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra "Minsk-2” razılaşması əldə edilib. Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb. Hazırda isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub və Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub. Donbas münaqişəsinin həlli istiqamətində bir sıra təkliflər irəli sürülüb.
Bu baxımdan dekabrın 9-da baş tutmuş "Normand dördlüyü” liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı.
Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparılıb. Müzakirələrdə əsas mövzular əsir və girovların qısa zamanda növbəti dəfə dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olub. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhədə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.
Ukrayna Ali Radasındakı "Avropa həmrəyliyi”, "Səs” və "Batkivşina” fraksiyaları isə artıq ölkə prezidentini sərt tənqid edir, onun "qırmızı xətti” keçdiyini vurğulayırlar. Zelenskinin rəqibləri hesab edirlər ki, qəbul edilən qərarlar Ukraynanın milli maraqları və Avropaya inteqrasiya kursuna ziddir.
Artıq müxalifət fasiləsiz etiraz aksiyaları ilə hədələyir.
Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Markon bəyan ediblər ki, Avropanın maraqları çərçivəsində Donbas münaqişəsi ətrafında Rusiya ilə birbaşa dialoq arzu olunandır.
Kiyev və Moskvanın qarşılıqlı addımlarına baxmayaraq, Ukraynanın şərqində gərginlik hələ də qalmaqdadır. Ukrayna müxalifəti baş verənlərdə məsuliyyəti Rusiyanın üzərinə qoyur. ABŞ və Aİ razılaşmanın şərtlərinə əməl etmədiyinə görə Rusiyaya sanksiyalar tətbiq edir.
“Normand dördlüyü” çərçivəsində əldə olunan razılaşmaya görə, Donetsk və Luqanskda seçkilərin Minsk sazişinə uyğun keçirilməsinə nəzarəti Rusiya tərəfi üzərinə götürüb. Üsyançı bölgələri əhatə edən Donbas əyalətində fəaliyyət göstərən ictimai-siyasi xadimlərin Ukrayna hökuməti tərəfindən amnistiyası ilə bağlı danışıqlar isə bir nəticə verməyib. Bu məsələdə prinsipiallıq göstərən Rusiya bölgədə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi xadimlərin legitimliyinin rəsmi Kiyev tərəfindən tanınması və təhlükəsizliyinin təmin olunmasına çalışır.
Parisdə keçirilən danışıqların əsas mövzularından biri də cəbhə bölgələrində silahların azaldılması, 100 mm kalibrədək olan silahların təmas xəttindən uzaqlaşdırılmasıdır.
Məlumdur ki, ABŞ başda olmaqla Qərb dövlətləri Krımın işğalına görə Rusiyaya siyasi və iqtisadi sanksiyalar tətbiq edib. Lakin Qərb liderlərinin Krım məsələsinə getdikcə azalan marağı diqqəti cəlb edir. "Normand formatı"nda danışıqlardan sonra Qərb siyasətçiləri bildirib ki, Ukraynanı ərazi böhranının həlli gözləyir, lakin bu, Krımı yox, indiki halda ölkənin digər bölgələrini əhatə edir.
Son danışıqların nisbətən mülayim atmosferdə keçməsində müzakirələr ərəfəsində Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qış dövründə Rusiyadan qazın idxalı üzrə razılığın əldə olunmasının da mühüm rolu var. Rusiya Ukraynaya satdığı qazın qiymətində 20 dollar güzəştə gedərək 1000 kub/metrə görə 230 dollar müəyyənləşdirib. Yaxın aylarda Ukraynanın "Qazprom"dan 500 milyon dollar dəyərində 2 milyard kub/metr həcmində qaz alacağı gözlənilir. Bu vəsaitin ödənməsi məqsədilə Aİ-nin maliyyə qurumları Ukraynanın "Naftoqaz" şirkətinə həmin məbləğdə kredit ayıracaq. "Qazprom" isə qışda qazın Ukraynadan tranzitində problemlərin yaranma ehtimalını istisna etməyib. Beləliklə, bu dəfə də iqtisadi amillər önəmli rol oynadı. Rəsmi Kiyev prosesi danışıqlar yolu ilə tənzimləmək niyyətindədir. Lakin Prezident Zelenskini qarşıda yeni “Avromeydan” gözləyə bilər…
APA Analytics