• TƏHLİL

    15:11 30 yanvar 2023

Nüvə silahlı İran dünyaya təhlükədir: Tehranın cilovlanması üçün bütün variantlar təcili işə düşməlidir - TƏHLİL

İrandakı molla rejimi 1979-cu ildə inqilab yolu ilə hakimiyyəti ələ keçirən zaman şah zülmündən bezmiş sadə xalqda gələcəyə dair fraqmental ümid yaranmışdı. İranlılar güman etdilər ki, artıq həm öz dinlərini rahat yaşayacaq, həm də fundamental hüquq və azadlıqlarının dadını biləcəklər. Tezliklə onların sosializm ideologiyası ilə aldadılmış sovet xalqlarının səhvini təkrarladığı anlaşıldı. Mollakratiya hakimiyyətini möhkəmləndirdikdən sonra şah rejiminə “rəhmət oxutdurmağa” başladı...

İdeoloji dövlət və ittifaqların ən təhlükəli tərəflərindən biri odur ki, onlar öz düşüncə və sistemlərini mühakimədən münəzzəh tutur və nəyin bahasına olur-olsun, digər coğrafiyalara da ixrac etməyə çalışırlar (ideoloji xərçəng). Təəssüf ki, İslam qiyafəsinə bürünmüş paniranizm ideologiyasının daşıyıcıları da İranda hakimiyyətə gəldikdən sonra intensiv fəaliyyətlərini bu istiqamətdə qurdular. İnqilabdan heç 10 ili keçmədən Yaxın Şərq qan çanağına döndü: Beyrutdakı ABŞ kazarmalarına kamikadze hücumları ilə terrorizmin yeni “əl kitabı” yazıldı, Yaxın Şərqdə mövcud olan dağınıq terror qruplaşmaları nizami hala gətirildi, sistemləşdirildi, Bərəkətli Hilal proksi müharibə meydanına çevrildi, İran terror təşkilatlarına ev sahibliyi etməyə başladı, qırmızı bülletenlə axtarışda olan terrorçuları gizlətdi, xalqların iradəsi ilə seçilmiş hakimiyyətləri daimi təhdid və qorxu altında saxladı və s.

Qısa müddətdə İran imperialist ideologiyalarının yayılması və saxlanılması üçün dünyada ən çox büdcə xərcləmələri edən dövlət halına gəldi. Rejim basqıcı və istismara köklənmiş daxili siyasətinə rəğmən xalqın dəstəyinə və ya susqunluğuna nail olmaq məqsədilə özünün xarici düşmənlərini ixtira etdi.

Bir sözlə, inqilabdan 45 il sonra mollakratiya bütün dünyada siyasi-diplomatik rəzilliklərin, terrorçuluğun, inanc istismarının, hərbi fəlakətlərin ünvanı kimi anılır. Bu isə ona qarşı qlobal ikrah yaranmasına, Tehran əleyhinə koalisiyaların təsis edilməsinə rəvac verdi.

Şərin bütün “keyfiyyətlərini” özündə cəmləşdirməyə nail olan molla rejimi artıq ekzistensial problemlərlə üz-üzə qalıb. Etiraz edən geniş xalq kütlələri, terrordan bezmiş qonşular, özünümüdafiə refleksi ilə hərəkət edən böyük dövlətlər indi Tehranda əsaslı təşviş və xaosa səbəb olur.

Nəticədə teokratik sistem artıq məntiqli düşünmək qabiliyyətini itirib və bu mürəkkəb vəziyyətdə yalnız şərti reflekslərlə hərəkət edir. İranda mühakiməsiz edamların, repressiyaların tüğyan etməsinin səbəbi də yəqin ki, budur. Rejimin paranoyaklığının digər səbəbi isə yarım əsr boyunca etdiyi səhvlər və günahların üzərinə aşmağa başlamasıdır. Artıq xalqlar rejimi dəstəkləmir və ona qarşı olan bütün ümidlər ölüb. İranlılar anlayırlar ki, bu xəstəliyin tək çarəsi qanqren olmuş bu üzvün kəsilib atılmasıdır.

Hazırkı qlobal geosiyasi vəziyyətdə İran rejiminin mövcudluğunu davam etdirməsi üçün ən çox iki istiqamətdə irəliləyişə ehtiyac duyur - nüvə silahının əldə edilməsi və daxili iğtişaşların yatırılması. Rejim bunların hər iksinə də nail olarsa, dünya Əhrimənin reinkarnasiyasına şahid olacaq. Bunu isə nə İran xalqları, nə də heç bir dövlət istəməz.

Artıq Qərb qollarını çırmalamalı olduğunu anlayır. Ukrayna müharibəsində İran “maped”lərinin tətbiqi bir daha sübut etdi ki, molla rejimi zorakılıqda sərhəd tanımır, onun şər əli artıq dünyanın istənilən nöqtəsinə, eləcə də Avropaya uzanır.

Blinkenin ötən gün “Al Arabiyya” telekanalına müsahibəsi də Qərb siyasi mərkəzlərinin İranın cilovlanması üçün bütün seçimləri masa üzərinə gətirdiyini və bura hərbi yolların da daxil olduğunu göstərdi.

Bu məqamda İrana iki gün əvvəl endirilən “naməlum” dron zərbələri sonuncu xəbərdarlıq siqnalları kimi də qiymətləndirilə bilər. Bu insidentlər Tehran üçün çox az vaxtın qaldığını və bəlkə də artıq düymənin basıldığını göstərir.

Görünür, indiki vəziyyətdə ya İran xalqları bir daha ayağa qalxıb 1979-cu il səhvini düzəldərək ölkəni daxildən dəyişməli, ya da rejimin təhdidlərindən təngə gəlmiş xalqlar və dövlətlər kənardan müdaxilə ilə qoca şiri sirk qəfəsinə salmalıdır.

Artıq Tehranın nüvə silahını əldə etməyə çox yaxın olduğu bildirilir və bu qlobal təşvişə səbəb olur. Qərb mətbuatında rejimin Ukraynada yaranmış vəziyyətdən istifadə edərək tədarük etdiyi dronlar müqabilində Rusiyadan “nou-hau” alması ilə bağlı məlumatların yayılması da narahatlıq səbəblərindədir.

Nüvə danışıqları isə artıq nəinki dalana dirənib, bu istiqamətdə hansısa irəliləyişə nail olunacağına dair ümidlər qalmayıb. Artıq Tehranı masaya qaytarmağa çalışan Avropa dövlətlərinin də heç bir inamı qalmayıb və bu onları Vaşinqton və İsrailin mövqeyinə yaxınlaşdırır.

Artıq opponentlərin çox həssaslıqla yanaşmalı olduğu tək məsələ yerdə qalan çox dar zaman dilimindən ən səmərəli şəkildə istifadə etməkdir.

Bütün bu mürəkkəb regional vəziyyətin Azərbaycanda da narahatlıq yaratmaması mümkün deyil. Rəsmi Bakı hər vəchlə sabitlikdən yana olduğunu bəyan edir. Tehrandakı səfirliyimizdə törədilmiş yarımçıq terror aktının İran rejiminin Azərbaycana qarşı münasibətini bütün dünyaya əyani şəkildə nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan rəsmilərinin bəyanatları kifayət qədər təmkinli oldu.

Azərbaycanda nə xalq, nə də hakimiyyət bu coğrafiyada müharibənin tərəfdarı deyil.

İranda qan tökülməsini arzulamayacaq ilk ölkə də məhz Azərbaycandır. İlk növbədə, ona görə ki, orada milyonlarla soydaşımız yaşayır və onların genişmiqyaslı müharibələrin qurbanına çevriləsi bizim istəməyəcəyimiz bir məsələdir. Lakin bu, cənubi azərbaycanlıları öz öhdəliklərindən azad etmir, onlar ayağa qalxaraq rejimdən öz milli dövlətlərinə - Azərbaycana qarşı terror və təhdidlərinə son verməsini tələb etməlidirlər.

Ümumilikdə isə İran rejiminin yarım əsrdir əsarət altında saxladığı bütün xalqlar bu suallara cavab axtarmalıdır - İran necə bir İslam dövlətidir ki, qonşuluğundakı bütün müsəlman ölkələri ilə düşməndir? İranlıların nail olmaq istədikləri islami idarə-üsul bu idimi? Niyə İran bütün dünyadan təcrid olunub? Onların həqiqi düşməni kimlərdir?

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR