Bu günlərdə sosial şəbəkələrdə ən çox paylaşılan videolar sırasında Prezident İlham Əliyevin 10 il bundan əvvəl Rusiyanın məşhur “Formula vlasti” proqramının aparıcısı Mixail Qusmana verdiyi müsahibədəki bir ifadəsi ilk sıradadır.
2011-ci ildə Azərbaycanın dövlət başçısı “Formula vlasti” proqramının aparıcısının sualına cavab olaraq belə bir ifadə işlətmişdi: “Mən, əgər belə bir imkan olsaydı, gələcəyə gedərdim, deyək ki, 10 il sonraya gedərdim və baxardım, düşündüklərim alınıb, ya yox? Alınıbsa, hansı səviyyədə alınıb? Bax, bunu böyük məmnuniyyətlə edərdim”.
Təbii ki, həmin vaxt proqramın izləyiciləri bu sözlərdəki sətiraltı ifadələri başa düşə bilməzdilər. Lakin indi məlum olur ki, Azərbaycan lideri atdığı bütün addımların təqvimini öz beynində quraraq xalqımız üçün əsas problem olan Qarabağ məsələsinin həlli istiqamətində durmadan iş aparırdı. Bu, çıxışda deyildiyi kimi, 10 il sonra bəlli oldu.
Artıq 2011-ci ildə Prezident İlham Əliyev torpaqlarımızın nə vaxt və necə, hansı vəziyyətdə işğaldan azad edilməsi üçün planlar qururmuş. Ötən ilin bu vaxtına qədər heç kimin ağlına belə gətirmədiyi torpaqların işğaldan azad edilməsi 2020-ci ilin 44 günlük müharibəsində reallığa çevrildi.
2011-ci ildəki bu çıxışda qeyd edilən 10 il sonraya baxış Azərbaycan Prezidentinin qarşısına qoyduğu məqsədin ən yüksək səviyyədə həllinin tapdığını göstərir. Videoya təkrar-təkrar baxarkən bir çoxunun böyük iftixarla seyr etdiyi “10 il sonra” ifadəsi Azərbaycanın liderinin necə siyasi strateq və uzaqgörən dahi siyasətçi olduğunun bariz nümunəsidir.
Nəinki 2011-ci ildə, hətta ötən ilə qədər dünyadakı dövlətlərarası münaqişələr və separatizmlə bağlı duruma nəzər salarkən Azərbaycanın üzləşdiyi bu problemin həllinin qarşıya qoyulduğu ildə həllini tapmasını planlaşdırmaq böyük iradə, mahir diplomatiya , xüsusi bacarıq tələb edirdi. Unutmayaq ki, istər 10 il əvvəl, istərsə də indi Azərbaycan kimi separatçılıqla üzləşən qonşu dövlətlər hələ də öz milli problemlərini həll edə bilməyib. Deməli, qalibiyyət üçün düşünülmüş strateji siyasət vacib amillərdən biridir.
“Formula vlasti” proqramında Prezident İlham Əliyevin məlum çıxışı ölkə başçısının yorulmadan Qarabağ məsələsi üzərində qarşısına strateji hədəflər qoyduğunun göstəricisidir.
Azərbaycan lideri illər boyu yorulmaq, dayanmaq bilmədən nəinki bölgədə, hətta dünyada həlli ən çətin sayılan Qarabağ münaqişəsini aradan qaldırdı, dünyanın siyasi və hərb tarixində yeni mərhələnin əsasını qoydu.
Prezident İlham Əliyev nəinki Gürcüstan, Moldova və Ukraynanın da hələlik bacara bilmədiklərini bacardı, hətta İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq müharibədə məqsədinə çatan yeganə dünya lideri oldu.
Azərbaycan lideri regionda 200 il ərzində ermənilərin əli ilə aparılan anti-Azərbaycan siyasətinə zərbə vurdu, “erməni məsələsi” altında beynəlxalq güclərin öz maraqlarını həyata keçirməsinə son qoydu. O, Rusiya, İran, Türkiyə kimi regional güclərin, ABŞ, Britaniya, Aİ kimi dünya güclərinin diqqət mərkəzində olduğu Qarabağ probleminə son qoydu, münaqişəni Azərbaycanın lehinə həll etdi.
Azərbaycan liderinin müsahibəsindən keçən 10 il ərzində ölkəmizin həyatında dəyişiklərə nəzər salanda, onun bütün sahələri əhatə edən konseptual baxış ortaya qoyduğu məlum olur. Bu 10 ildə istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də bütün digər sahələrdə Azərbaycanda yalnız və yalnız tərəqqidən, rifahdan, inkişafdan danışmaq mümkündür. Hər bir sahədə son 10 ildə baş verən inkişaf barədə günlərlə danışmaq, təhlillər aparmaq, Prezident İlham Əliyevin gördüyü ölçüyəgəlməz işləri sadalamaq, bununla bağlı fikirlər səsləndirmək olar. Lakin tək bircə fakt - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi dövlət başçısının necə uzaqgörən, ardıcıl, prinsipial, qətiyyətli, dönməz lider olduğunu söyləməyə əsas verir.
Bu gün Azərbaycan güclü, ərazi bütövlüyü bərpa olunmuş, regionun lideri, bölgədə söz sahibi, yeni reallıqlar yaradan dövlətdir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov