• TƏHLİL

    16:21 20 dekabr 2019

Qeyri-neft sektorunun inkişafı strategiyasının mühüm istiqaməti: Pambıqçılıq - TƏHLİL

Pambıqçılıq Azərbaycanda ənənəvi sahələrdən sayılsa da, SSRİ-nin dağılmasından sonra bir sıra sahələr kimi, pambıqçılıq da tənəzzüllə üzləşməli oldu. Azərbaycan müstəqillik qazandıqdan uzun illər ərzində pambıqçılıq diqqətdən kənarda qalmış, bu sahənin inkişafı üçün heç bir addım atılmamışdı. Xüsusən, müstəqilliyin ilk illərində-AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yarıtmaz fəaliyyət pambıqçılıq sahəsini də məhvə məhkum etmişdi. Sənaye müəssisələri iflic, kənd təsərrüfatı dağılmış vəziyyətə salınmışdı, ölkədə özbaşınalıq hökm sürürdü.

Yalnız Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra bu prosesin qarşısını aldı, ölkədə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna çıxdı.

Bunun davamı kimi isə İlham Əliyevin Prezident seçilməsi ilə ölkədə yeni inkişaf mərhələsi başladı. Məhz Prezident İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişafı strategiyasının həyata keçirilməsinə başlanması ilə pambıqçılıq da prioritet sahələr sırasına keçdi. Artıq bir neçə ildir ki, dövlət tərəfindən pambıqçılığın inkişafı, bu sahə üzrə fəaliyyət göstərən sahibkarlara, fermerlərə hərtərəfli dəstək verilir. Prezident mütəmadi olaraq pambıqçılığa həsr olunmuş müşavirlərə keçirir, problemləri dinləyir, lazımı göstəriş və tapşırıqlarını verir. Məhz bunun nəticəsində son illər Azərbaycanda pambıq istehsalı əhəmiyyətli dərəcədə artıb.

Növbəti belə müşavirəni isə Prezident İlham Əliyev dekabrın 19-da keçirdi.

Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərə həsr olunmuş müşavirə yenə də dövlət başçısının proqram xarakterli nitqi ilə yadda qaldı. Dövlət başçısı Azərbaycanda sağlam iqtisadi, investisiya mühitinin yaradılması,

kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən söz açaraq, pambıqçılığın inkişafına xüsusi diqqət yetirməyin vacibliyini bir daha vurğuladı: “Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”.

Prezident Əliyev kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət dəstəyinin təmin ediləcəyini də bildirdi: “Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq. Bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi. Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə biz, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq. Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni, bu sahələr prioritet idi”.

Göründüyü kimi, Prezident Əliyevin çıxışı konkret faktlara söykənir. Bu gün Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının önə çıxması isə təsadüfi deyil. Son illər ərzində dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar aparır. Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılıb.

2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan edilməsi Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdir.

Yerli istehsal sahələrinin yenidən qurulması, eləcə də aqrar islahatların uğurla həyata keçirilməsi bir sıra yerli qida məhsullarının istehsalının artmasına səbəb olub. Bu məhsullar daxili bazarımızı zənginləşdirməklə yanaşı, əsas qida məhsullarına idxaldan asılılığı azaldıb. Ölkənin sahibkarlıq sektorunun inkişaf göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticəsinin əyani təsdiqidir. Son illər sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşıb, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Ötən müddət ərzində ölkənin müxtəlif bölgələrində müntəzəm olaraq təşkil edilən biznes-forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldəetmə imkanlarının genişləndirilməsinə, regionların mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərib.

Prezident İlham Əliyevin 2015-ci il avqust ayının 19-da imzaladığı “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” sərəncamı da bu məqsədə xidmət edir. Xatırladaq ki, adıçəkilən sərəncam ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi məqsədi daşıyır.

Dövlət başçısının həmin tarixdə imzaladığı “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” digər sərəncamı da bu baxımdan mühüm əhəmiyyətli dövlət sənədi kimi diqqət çəkir. Belə ki, sərəncamda əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilmişdir. “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il avqust ayının 21-də imzalanmış sərəncam da ölkəmizdə aqrar sektorun ümumi inkişafını sürətləndirmək baxımından olduqca əhəmiyyətli bir sənəddir. Sözügedən sərəncamda heyvan mənşəli məhsulların istehsalının artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin həyata keçirilməsinin sürətləndirilməsi və yerli at cinslərinin damazlıq özəyini qorumaq üçün seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının daha da təkmilləşdirməsi nəzərdə tutulur.

Vurğulayaq ki, beynəlxalq reytinq mərkəzləri də 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin yüksək olduğunu bildirir. 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı 1,5 faiz, 2019-cu ildə 3 faizdən çox təşkil edib. Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artıb. 2020-ci ildə bu artımın daha yüksək olacağı proqnozlaşdırılır.

Ölkədəki iqtisadi vəziyyətin təhlili ona deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı bir çox sahələr üzrə sovet dövründə əldə olunmuş yüksək nəticələrə çatıb, hətta daha yüksək göstəricilər əldə olunub.

Heç şübhəsiz ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan SSRİ məkanında ən inkişaf etmiş respublikaya çevrildi. SSRİ dönəmində Heydər Əliyev respublikaya rəhbərliyə başlayandan sonra yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi. Diqqətə çatdıraq ki, pambıqçılıq da Heydər Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən biri idi. Təsadüfi deyil ki, SSRİ vaxtında Azərbaycan pambıq istehsalı üzrə ön sıralarda yer tuturdu.

Ulu Öndərin başladığı yolu bu gün Prezident İlham Əliyev bacarıqla davam etdirir. Kənd təsərrüfatı, pambıqçılıq sahəsi də bu baxımdan istisna deyil.

Bu günün statistik rəqəmləri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı bölgədə ən dayanıqlı və inkişafda olan iqtisadiyyatdır. Pambıqçılığın inkişafının isə təkcə iqtisadi deyil, həm də sosial əhəmiyyətini vurğulamaq lazım gəlir.

Prezident Əliyevin son müşavirədə qaldırdığı məsələlər sosial problemlərin həllinə, on minlərlə iş yerinin yaradılması, insanların yüksək gəlirlər əldə etməsinə hesablanıb.

Dövlət başçısı bu addımları ilə dövlətin sosial siyasətinin gücü və əhəmiyyətini artırır.

Burada bir məqama xüsusi diqqət yetirmək lazım gəlir. Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət dəstəyi liberal iqtisadiyyata yardım missiyası daşıyır. Bu, anlaşılandır. Bu sahəyə dövlət yardım etməsə, ciddi hər hansı uğur əldə etmək mümkün deyil.

Kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafında müasir texnologiyaların tətbiqi, emal müəssisələrinin modernləşdirilməsi və yeni müəssisələrin yaradılması

dövlətin qarşısında duran başlıca vəzifələrdəndir. Bu baxımdan, yeni pilot layihələrin işə salınması, pambıqçılığa güzəştli kreditlərin artırılması da dövlətin başlıca missiyasıdır. Bunlardan əlavə, bölgələrdə müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması üçün həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq təcrübə, xarici ölkələrin iri fermer təsərrüfatları ilə qarşılıqlı əməkdaşlıq, eləcə də modelləşdirmə seqmentləri nəzərə alınır, Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinə, Dünya Bankının tövsiyələrinə istinad olunur.

Son dörd ilin təhlili onu deməyə əsas verir ki, dövlət proqramı əsasında pambıqçılıqda ən yüksək nəticə əldə edilib. Dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınması da sıradan bir məsələ deyil. Onu da vurğulamaq lazım gəlir ki, İlham Əliyev prezident seçiləndən sonra ölkədə pambıqçılığın inkişafı daima diqqətdə saxlanılıb və rəqəmlərə nəzər salsaq ciddi nəticələrin əldə edildiyini və on minlərlə yeni iş yerləri yaradıldığının şahidi olarıq.

Prezident İlham Əliyevin də çıxışında bildirildiyi kimi, son dörd ildə Azərbaycanda pambıq istehsalı 8.5 dəfə artıb: “Bizim baxışlarımız və məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi və gəlirlər zənciri yaradıldı. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. 2019-cu ilin doqquz ayında pambıqçılıq Azərbaycana 111 milyon dollar gəlir gətirib. Bu il sosial sahədə görülmüş tədbirlər, aparılan islahatlar vətəndaşların maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdırdı. Həyata keçirilən siyasətin məqsədi Azərbaycanı daha da gücləndirmək və əhalinin rifahını yüksəltməkdir. Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələri dirçəldildi və yüksək nəticələr əldə olundu”.

Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan dünyanın güclü ölkələri sırasına daxildir və bəzi inkişaf etmiş ölkələri qabaqlayır: “Kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır. Heç bir ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəmir. Sahibkarların sosial məsuliyyəti olmalıdır. Sağlam iqtisadi, investisiya mühiti, dövlət dəstəyi, şirkətlərin dövlət qurumları ilə sıx təmasda olması, yerli və mərkəzi icra orqanlarının vahid yanaşması əldə olunan uğurları şərtləndirən amillərdir”.

Prezidentin müşavirədəki çıxışı Azərbaycanın sosial və iqtisadi inkişafı ilə bağlı proqram da adlandırıla bilər. Başqa sözlə, dayanıqlı iqtisadi inkişaf və sosial rifah üçün ölkənin aparacağı islahatlar istiqamətinin artıq müəyyən edildiyini əminliklə söyləmək olar.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR