Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna səkkizinci dəfə ev sahibliyi edir.
Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda yenə də dünyaca çox önəmli şəxslər iştirak edir. Açılışında Azərbaycan Prezidentinin iştirak etdiyi VIII Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər var.
Öncə onu qeyd edək ki, xeyirin şərə qarşı fasiləsiz mübarizəsinə uyğun olaraq Azərbaycan keçən ilə qədər otuz il idi ki, ərazilərimizin işğalına, bizə qarşı olan təcavüzə, insanlarımıza qarşı soyqırımına və bu proseslərə qlobal səviyyədə etinasızlığa qarşı amansız mübarizə aparırdı. Bizim dövlət və xalq olaraq bu mübarizəmizi aparmaqda əsas məqsədimiz bütün məhdudiyyətlərə baxmayaraq, regionda süni şəkildə yaradılmış keçmiş münaqişə ilə bağlı həqiqətləri işıqlandırmaq idi. Bu reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyada güc və söz sahibi olan beynəlxalq təşkilatlarla və dövlətlərlə güclü əlaqələrin yaradılması istiqamətində yürüdülən düzgün xarici siyasətin və uğurlu diplomatiyanın ən vacib komponentlərindən biri də belə mötəbər forumların və digər tədbirlərin keçirilməsidir.
Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır.
Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə olsa da, Qlobal Bakı Forumlarını ənənəvi olaraq hər il qeyri-hökümət təşkilatı kimi çox yüksək beynəlxalq nüfuza malik olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkil edir. Forumda həmişə olduğu kimi bu il də, ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Tədbirə dünyanın 40 ölkəsindən 300-dən artıq nümayəndənin çıxışı nəzərdə tutulur. Forumda iştirak edənlər arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə yanaşı, Xorvatiyanın keçmiş Prezidenti, İsrailin sabiq Baş naziri, Rumıniyanın keçmiş Baş naziri və digər nüfuzlu şəxslər də var. Bir çox aparıcı dövlətlərin hazırkı rəhbərlərinin Azərbaycan Prezidentinə təşəkkür müraciətləri ünvanlanıb və tədbirin gedişində səsləndirilib.
VIII Qlobal Bakı Forumunun “COVİD-19-dan sonrakı dünya” mövzusunda keçirilməsi də ümumbəşəri bəlaya çevrilən və iki ildir, bütün dünyanı ciddi sınaqla qarşı-qarşıya qoyan pandemiyanın planetar səviyyədə diqqətdə olması baxımından onun əhəmiyyətini və ona diqqəti artırmaqdadır. Ayrı-ayrı panellər şəklində təşkil olunan forumda “COVİD-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq Tərəfdaşlığı və onun imkanları” mövzularında, o cümlədən də Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazda mövcud vəziyyətə dair ciddi müzakirələrin aparılması nəzərdə tutulur.
Forum Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki dolğun çıxışı ilə də yaddaqalan olub. Dövlət başçısı postmünaqişə dövrü ilə bağlı regionda baş verməkdə olan reallıqlardan söz açıb. Ermənistanın və onun dəstəkçilərinin yeni reallıqla bağlı təxribatçı addımlarının tam əsassızlığını bəyan edən Prezident Azərbaycanın qarşı tərəfdən fərqli olaraq, bundan sonra da real sülh şərtlərinə uyğun həqiqi addımlar atmağa hazır olduğunu vurğulayıb. Prezident tədbirin mötəbər qonaqlarının da təsdiq etdiyi kimi münaqişənin artıq həll olunduğunu bildirib, öz gücümüzə həll etdiyimiz münaqişə ilə bağlı gələcək siyasətin detallarına toxunub. Bununla yanaşı, Prezident Azərbaycanın təkcə özünün problemləri ilə bağlı deyil, pandemiya kimi ümumbəşəri və qlobal problemlərdə də aktiv roluna toxunub, bundan sonra da bu bəladan qurtulmaqla bağlı müsbət addımların atılması üçün dünyanın yanında olacağımızı vurğulayıb.
Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra təkcə Ermənistanla deyil, onun dəstəkçiləri ilə də apardığı siyasi və diplomatik mübarizədə bu cür mötəbər forumların və müsbət beynəlxalq əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi çox vacibdir. Hazırda zamanın və şərtlərin lehimizə işlədiyi postmünaqişə dönəmində tarixi qələbəmizi tam rəsmiləşdirilmək və regionla bağlı ortaya qoyduğumuz yeni reallığın şərtlərini bütün dünyaya qəbul etdirmək üçün belə mötəbər tribunaların rolu əvəzolunmazdır. Bu cür önəmli beynəlxalq tədbirlərin və oradakı çıxışların fonunda Azərbaycana qarşı aparılmaqda olan qara piar kampaniyası tamamilə mənasız görünür.
Xəyal Bəşirov, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi