Prezident Ilham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu müstəqildir və milli maraqlara söykənir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Bu xüsusda Azərbaycan Respublikasının dünyanın mühüm iqtisadi güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə hərtərəfli münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə ardıcıl və dinamik siyasi kursa malikdir. 1996-cu ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi hesabına imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş “Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”, habelə sonrakı mərhələdə paraflanmış “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” təşəbbüsləri nəticə etibarilə ikitərəfli əlaqələrimizin səviyyəsinin daha da yüksəlməsi mənafeyinə xidmət göstərmişdir. Bunun sayəsində ticarət, sərmayə qoyuluşu, iqtisadiyyat, qanunvericilik və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün olduqca vacib hüquqi-normativ baza formalaşmışdır. Təkcə bircə faktı qeyd edək ki, 2013-cü ildən indiyədək Avropa İttifaqının Azərbaycana birbaşa xarici investisiyaları €4.7 milyard avroya çatmışdır. Yaxın perspektivdə yeni nəsil əməkdaşlıq sənədi hesab olunan hərtərəfli “Strateji Tərəfdaşlıq Sazişi”nin imzalanması gözlənilir. Nəticədə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyi şübhə doğurmur. Heç kəsə sirr deyildir ki, Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalamışdır. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında yeni və alternativ enerji mənbəyi statusuna yüksəlmişdir. Avropanın dəyəri 40 milyard dollar olmaqla meqa layihəsi hesab edilən “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı və təchizatçısı məhz Azərbaycan Respublikasıdır. Başqa sözlə, həm Azərbaycan, həm də Avropa İttifaqı bir-birinin qarşılıqlı maraq dairəsində olan strateji tərafdaşdırlar. Bununla yanaşı, təəssüf hissi ilə qeyd edirik ki. təşkilat çərçivəsində qarşılıqlı münasibətlərimizin bugünkü artan dinamikasına və daha yüksək perspektivlərini xələl gətirmək, ziyan vurmaq istəyən müəyyən siyasi dairələr də yox deyildir. Həmin dairələr ilk növbədə beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipinə məhəl qoymur, ölkəmizə qarşı münasibətlərimizn səviyyəsinə yaraşmayan və ona zərbə vuran bir davranış ortaya qoyurlar. Həmin dairələr arasında Avropa Parlamenti ənənəvi olaraq neqativ fəallığı ilə seçilə bilmişdir. Xüsusilə, 2015-ci ildə Avropa Parlamentinin Azərbaycana qarşı məhz “ikili standartlar”dan qaynaqlanan qərəzli və qeyri-obyektiv mövqeyi bir il müddətində əlaqələrimizin kəsilməsinə səbəb olmuşdu. 2016-ci ilin payızından başlayaraq münasibətlərin bərpa olunması prosesi Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini kəskin tənqid etdikdən və qarşı tərəfin öz səhvlərini başa düşdüklərini və onlardan nəticə çıxaracaqlarını etiraf etdikdən sonra baş tutdu.
Görünür, Avropa İttifaqının tərkibində bu reallıqla barışmayan anti-Azərbaycan siyasi qruplaşmalar məqam axtarır və ya onu sünü olaraq yetişdirirlər ki, ölkəmizə qarşı təzyiq elementlərini işə salsınlar. Onların qərəzli canfəşanlığı radikal müxalifətin 19 oktyabr tarixində metronun şəhərin mərkəsində - “28 May” metrosu ətrafında keçirməyə cəhd göstərdiyi qeyri-qanuni aksiyaya verdiyi reaksiyada da özünü biruzə verdi. Radikal kəsimin bu antikonstitusion aksiyası öz məntiqi sonluğuna-fiaskoya uğrasa da, Avropa İttifaqının bir sıra təmsilçilərinin müəmmalı davranışı haqlı olaraq çoxsaylı suallar dogurdu. Xüsusilə guya ki, polisin mitinq iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiq etməsi və s. bu kimi ittihamlar həqiqəti nəinki əks etdirmir, həm də heç bir tənqidə dözmür. Maraqlıdır, Avropa İttifaqı nəyə görə öz burnunun ucunda-İspaniyada, Kataloniyada polisin nümayiş iştirakçılarına qarşı şiddətli davranışı və qeyri-adekvat güc tətbiq edərək dinc əhaliyə qarşı rezin güllələrdən istifadə etməsi kimi hallara göz yumur? Hansı səbəbdən Avropa İttifaqı Fransada “Sari jiletlilər” hərəkatında 11 nəfər dinc vətəndaşın polis tərəfindən qətli və onlara qarşı amansız davranışa görə rəsmi Parisə öz etirazını bildirmir? Bu nə selektiv yanaşmadır? Bu nə “ikili standart”lardır?
Radikal müxalifət 2 noyabr tarixində “19 oktyabr ssenarisi”ni təkrarlamaq istəyindədir. Bakı şəhər İcra Hakimiyyəti onların mitinqi üçün icazə vermişdir. Bakı şəhərinin ərazi baxımından 51%-ni təşkil edən, yəni ən böyük rayonu ərazisində-Qaradağda müvafiq yer ayırmışdır. Radikallar yenə qanunun imkan vermədiyi ərazidə mitinq keçirməkdə israrlıdırlar. Bu, davranışın bir adı vardır-TƏXRİBAT! Onlar polisin ictimai asayişin keşiyində dayanıb, radikal kəsimin qanunazidd addımlarına imkan verməyəcəklərinə 100% əmindirlər. Deməli, onlara iğtişaş, toqquşma, qarşıdurma mühiti lazımdır. Sonra isə dünyaya car çəksinlər ki, “Vaveyla, azadlığımız əldən getdi. Bizə kömək edin!” Onlar üçün “azadlıq” xaos və anarxiya sözlərinin sinonimi statusuna enmişdir. Özü-özlüyündə böyük bəşəri dəyəri hifz edən “Azadlıq” ifadəsi, hakimiyyət hərisi olan radikal müxalifətin davranışında cılızlaşdırılmış, kiçilmiş və aşağılanmışdır. Təəssüf... Hələ bu az imiş kimi, radikal müxalifətin vahid lideri olmaq arzusu ilə alışıb-yanan Əli Kərimli oktyabrın 29-da, yəni növbəti qeyri-qanunu aksiyaları öncəsi Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskaslz görüşüb ondan xeyir-dua aldığı ilə bağlı “ağ yalanı”nı tirajlayır. Bununla bağlı öz feysbuk səhifəsində iddia edir ki, Avropa İttifaqı hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. Onun iddiasına görə, Avropa İttifaqı, həmçinin, hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır.
Ən son məlumata görə, bu gün, oktyabrın 31-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Əli Kərimlinin yaydığı saxta məlumatları təkzib edən bir bəyanat vermişdir. Bəyanatda xüsusi olaraq vurğulanır ki, “Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-in Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir".
"Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ, həmçinin, Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq", - bəyanatda deyilir.
Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir: "Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik".
Necə deyərlər, Əli Kərimlinin yalanı bir el misalında deyildiyi kimi, heç 40 gün çəkmədi ki, ifşa olundu...
Elman Nəsirov
Millət vəkili, YAP Beynəlxalq Əlaqələr Komissiyasının
katibi, siyasi elmlər doktoru, professor