• TƏHLİL

    15:14 6 sentyabr 2022

Ruben Vardanyan: Sanksiyalardan qurtulmaq istəyən erməni biznesmenin Qarabağ hiyləsi - TƏHLİL

“Çirkli pullar”ın yuyulması, “qanuni oğru”larla dostluq – Qarabağa köçmək istəyən Ruben Vardanyan haqda bilmədiklərimiz

Sentyabrın 1-də erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsi ilə bağlı çıxışı “Youtube” videohostinqində yerləşdirildi. Vardanyan çıxışında Qarabağda erməni mövcudluğunun vacibliyini vurğulayaraq bölgənin inkişafı və 44 günlük müharibədən sonra yaranmış psixoloji travmanın nəticələrini aradan qaldırmaq üçün bura köç qərarı qəbul etdiyini bildirmişdi.

Uzun illər əsl niyyətini məharətlə gizlətməyi bacaran və bütün ziddiyyətli məqamlarda, mübahisələrdə kompromis əldə etməklə ad çıxaran milyarderin çıxışı bir çox suallar doğurdu. İlk növbədə Ruben Vardanyanın Rusiyanın hakim elitası ilə sıx əlaqələrinin olduğu faktdır. Və versiya kimi onun Qarabağa gəlişinin Kremlin regionda nüfuz dairəsi üçün qura biləcəyi yeni mürəkkəb oyunun ilk carçısı ola biləcəyi idi. Amma Ruben Vardanyanın bu zaman hansı funksiyaları yerinə yetirəcəyi və bölgədəki hadisələrin gedişatına hansı təsiri göstərə bilməsi sual doğurur. Digər tərəfdən, Ruben Vardanyanın mümkün kuratorlarının bu işdən hansı qazanc əldə edəcəkləri də dumanlıdır.

Daha inandırıcı variant isə erməni iş adamının şəxsi maraqlarını güdməsi və Qarabağ amilindən bir bəhanə kimi istifadə etməsi ilə bağlıdır. Belə ki, Rusiyanın Ukraynada müharibəyə başlaması illərdir təbii sərvətlərin satışı üzərindən milyardlarla dollar qazanan yerli zənginlər üçün problem yaratdığı sirr deyil. Onların demək olar ki, hamısı Avropa İttifaqı və ABŞ-ın “qara siyahı”larına düşüb, sanksiyalarla üzləşib və xaricdəki əmlaklarını itiriblər.

Bu fonda düşdüyü istənilən şəraitə adaptasiya olmağı bacaran, yaşamaq instinkti və genetik hiyləgərliyi üst səviyyədə olan Ruben Vardanyan yaranmış situasiyadan öz məqsədləri üçün istifadə etməyə, Qərbin sanksiyalarından yaxa qurtarmaq, eyni zamanda, Kremli qəzəbləndirməmək üçün çıxış yolu tapmağa çalışır. Bunun üçün o, Rusiya-Ukrayna danışıqlarında iştirak etmiş və istər Moskva, istərsə də Brüsselin loyal münasibət bəslədiyi Roman Abramoviçin təcrübəsindən faydalanmaq istəyir.

Və məhz bu məqamda Ruben Vardanyan güclü arqument kim Qarabağ ermənilərini yadına saldı. Regiondakı erməni icmasına bəzi Qərb ölkələrinin, xüsusən ABŞ və Fransanın həssas münasibətini bilən Vardanyan bu kartdan istifadə etməyə qərar verir. Təsadüfi deyil ki, o, məlum çıxışında ABŞ və Fransa səfirlərinin digər xarici səfirlərlə birlikdə Şuşaya səfər etməməsini vurğulayır, buna görə onlara təşəkkür edir. Atdıqları addımla Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən ABŞ və Fransanın ünvanına kompliment söyləyən Vardanyan sanki Qərbin onun Qarabağa könüllü köçü kimi “cəfakeş” addımına görə, üzünə bağladığı qapıları açacağına ümid edir.

Qarabağa köçməsi ilə Qərbin gözündə siyasi bonuslar toplamağı hədəfləyən Vardanyan Kremlin qəzəbindən də özünü sığortalamağa çalışır.

“Mən inanmıram ki, Rusiyadan köçərək burada baş verənlərdən uzaqlaşmaq və hər şeyin yaxşı olacağına ümid etmək olar”, - Vardanyan hələ “Forbes Capital” verilişinə 2019-cu ilin dekabrında verdiyi müsahibə deyirdi. Amma müasir reallıqlar fonunda sözünə dönük çıxan Vardanyan Rusiyanın ünvanına da xoş sözlər deyir.

O, Rusiyanın ünvanına təriflər yağdırır, sülhməramlılarının Qarabağdakı mandatının müddətsiz olmasını təklif edir. Göründüyü kimi, bir əldə iki qarpız saxlamağı həyat devizinə çevirmiş milyarder Rusiya-Qərb qarşıdurmasından da itkisiz çıxmağa çalışır.

Bu məqamda Ruben Vardanyanın necə zəngin şəxsə çevrildiyini, “Forbes” jurnalına görə 2021-ci ildə 1 milyard dollarlıq sərvətə sahib olduğuna qısa nəzər salmaqda fayda var.

Ruben Karlenoviç Vardanyan 1968-ci ildə Ermənistanın paytaxtı İrəvanda anadan olub. O, daha sonra Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib və 24 yaşından başlayaraq Rusiyada ilk investisiya bankı “Troyka Dialoq”un direktoru kimi çalışmağa başlayıb.

2012-ci ildə “Sberbanka”a 1,35 milyard dollara satılan “Troyka Dialoq” Vardanyana yüz milyonlarla dollar qazandırmışdı. Bundan başqa, Vardanyanın çoxsaylı fondların, şirkətlərin, o cümlədən “AvtoVAZ” və “KamAZ”ın səhmlərinin bir hissəsinin sahibi olub.

İlk baxışda, sıfırdan yaratdığı şirkəti uğurla genişləndirib sonradan dövlət bankına böyük məbləğdə satması kimdəsə yalnız rəğbət hissi yaratsa da, məsələni diqqətlə müşahidə etdikdə “Troyka Dialoq” şirkətinin və Ruben Vardanyanın əslində tam başqa məqsədlər üçün lazım olduqları üzə çıxır.

Sirr pərdəsi 2019-cu ildə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) tərəfindən aparılan araşdırma ilə götürüldü.

Aydın oldu ki, “Troyka Dialoq” investisiya bankı ümumilikdə 76 törəmə şirkətdən ibarət ofşor şəbəkəsi qurmuşdu. Həmin şirkətlər 2006-2012-ci illərdə Litvanın “Ukio” və “Snoras” şirkətləri vasitəsilə 3,5 milyard avrodan çox vəsaiti ofşor şirkətlərə köçürərək “çirkli pullar”ın yuyulması sxemində iştirak edib.

Maraqlıdır ki, vəsaitlərin Rusiyadan çıxarılması üçün Litva banklarında açılan hesablar Ermənistandan Rusiyaya mövsümi işlərə gələn şəxslərin adına açılırdı və həmin şəxslərin hesablarında milyonlarla dolar vəsait olması barədə xəbərləri yox idi.

Göründüyü kimi, soydaşlarından bir vasitə kimi istifadə edən Ruben Vardanyan pul köçürmələrində biznes strukturlarının vasitəçiliyinə görə, zəngin müştərilərindən və korporasiyalardan pul alırdı.

Beləliklə, iş adamının “Troyka Dialoq” strukturunun “uğur sirri” bəsit maliyyə fırıldağı və “çirkli pullar”ın yuyulması sxemi üzərində qurulmuşdu.

Varlanmaq və topladığı kapitalı qorumaq yolunda Ruben Vardanyan 30 ildir ki, erməni mənşəyindən bayraq kimi istifadə edir. Hətta Rusiya mediası özünü yeni nəsil və reputasiyası təmiz biznesmen kimi təqdim edən Vardanyanın vaxtı ilə postsovet məkanın 1 nömrəli “qanuni oğrusu” olmuş və 2013-cü ilin yanvarında sui-qəsd nəticəsində öldürülən “Ded Xasan”la 1990-cı illərin əvvəllərində sıx əlaqə qurması ilə bağlı məlumatlar var.

Bu faktlar iş adamının zahiri xoşməramlılıq fonunda kriminal strukturlara nə qədər sıx bağlı olduğunu göstərir.

Amma Ruben Vardanyan və onun kimi digər erməni zənginlər anlamalıdırlar ki, siyasi və iqtisadi bonus qazanmaq üçün istifadə etdikləri Qarabağda yaşayan erməniləri qoruyacaq və hüquqlarını təmin edəcək yeganə qüvvə nə Ermənistan, nə sülhməramlı kontingent, nə də beynəlxalq təşkilatlar yox, yalnız Azərbaycan Respublikasıdır.

Vüqar İsmayılov

ONA

Teqlər:

SON XƏBƏRLƏR