Rusiya-Ukrayna müharibəsi dünyanın diqqəti mərkəzindədir. Bütün müharibələrdə olduğu kimi, Rusiya-Ukrayna müharibəsi də hərbi texnikanın döyüşü ilə yanaşı, həm də informasiya müharibəsidir. Dünya mediasını faktiki iki cəbhəyə bölən bu münaqişə ilə bağlı yanaşmada Azərbaycan mediasının fərqli mövqe nümayiş etdirməsi diqqəti cəlb edir.
Azərbaycan mediasının Vətən müharibəsi dərsi
Müharibə mövzusu Azərbaycan mediası üçün tanışdır. Azərbaycan 30 ilə yaxın münaqişədən əziyyət çəkib və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızı Ermənistanın işğalından azad edib.
Vətən müharibəsi Azərbaycanda media siyasəti ilə bağlı köhnə siyasətdən imtina olunub yeni və daha müasir əməkdaşlıq mərhələsinin başlanğıcına təsadüf etmişdi. Yeni və innovativ yanaşma ilə fəaliyyətə başlamış Azərbaycan mediası demək olar ki, Vətən müharibəsi dövründə özünü doğrultmağı bacardı. Düzdür, həmin dövrdə Azərbaycan mediasında müəyyən qədər feyk xəbərlərə də rast gəlindi, hətta az da olsa, düşmənin öz təbliğatını aparmasına şərait yaradan məqamlar da oldu. Lakin Azərbaycan hakimiyyəti yeni media siyasəti prinsiplərinə sadiq qaldı, heç bir media qurumu bloklanmadı, məhdudiyyət tətbiq olunmadı, hər hansı jurnalist və ya baş redaktor cinayət məsuliyyətinə cəlb edilmədi. Əksinə, edilən səhvlərin düzəldilməsinə şərait yaradıldı və təcrübəyə çevrildi. Ötən dövr yeni media siyasətinin, bu sərbəst fəaliyyətin isə Azərbaycan mediasının peşəkarlığının artmasına nə dərəcədə müsbət təsir göstərdiyini Rusiya-Ukrayna müharibəsi ilə bağlı xəbərlər fonunda daha aydın görmək mümkündür.
İki qütbün prizması
Rusiya-Ukrayna müharibəsi dünya mediasını faktiki iki qütbə bölüb: Ukrayna və yalnız ona informasiya dəstəyi verən Qərb mediası, bir də Rusiya və yalnız ona informasiya dəstəyi verən tərəfdaşları. Hər iki qütb də mütəmadi olaraq informasiya müharibəsinin vazkeçilməz elementi olan feyklərdən istifadə edirlər. Eyni zamanda, hər iki qütbdə təmsil olunan media digər tərəfin xəbərlərini iqnor etməklə, bloklamaqla məşğuldur. Məsələn, Rusiya və tərəfdaş mediaları Ukrayna ilə bağlı elementar görüntüləri yayan media qurumlarını belə bloklayır, məhkəmə predmetinə çevirir. Rusiyanın “Pervıy kanal”ının əməkdaşı Marina Ovsyannikovanın “Burda bizə yalan danışırlar” sözlərini yazıb müharibəyə canlı efirdə etiraz etməsi də feykin və birtərəfli xəbər yayılmasının həcmsizliyinin sübutu idi.
Ukraynanı dəstəkləyən Qərb mediasında da Rusiya qədər sərt olmasa da, müəyyən qadağalar var. Sosial şəbəkələrdə Ukraynaya dəstəyin ifadə olunması üçün təşviqedici addımlar artıq atılıb, Ukraynadakı müharibə görüntülərini əks etdirən videolar bloklanmır və silinmir. (Halbuki Bizim Vətən müharibəsində məhz erməni vandalizminin görüntülərini yayan səhifələrimizdən xəbərdarlıq təhdidləri hələ də götürülməyib)
Rusiya-Ukrayna müharibəsi Azərbaycan mediasında
Azərbaycan mediası Vətən müharibəsindən topladığı təcrübə ilə Rusiya Ukrayna müharibəsinə yanaşmada daha obyektiv, tərəfsiz və peşəkar mövqe nümayiş etdirir.
Müharibənin başladığı ilk gündən Azərbaycan mediasının bir çox təmsilçiləri hadisə məkanından – Ukraynadan canlı reportajlarla çıxış etdilər. Eyni zamanda, Azərbaycan mediası həm Ukraynanın, həm də Rusiyanın mövqeyini işıqlandırır. Hadisələrə yanaşmada, rəsmi xəbərlərin yayılmasında, prosesə obyektiv heç bir cəbhədə tərəfdə yer almadan dayanmağı bacarır, ən əsası isə feyk xəbərlərin girovuna çevrilmir.
Məsələn, APA Agentliyində xəbərlərlə yanaşı ABŞ, Fransa və Ukraynanın Azərbaycandakı səfirlərinin məqalələri yayımlanıb. Eyni zamanda, Rusiya səfirinin cavab haqqı tanınıb və səfirliyin təqdim etdiyi məqalə tam məzmunda yayımlanıb. Bu isə Azərbaycanın media platformasını hər iki tərəfin məqbul bir platforma kimi qəbul etdiyini ortaya qoyur. Azərbaycan mediasında məhz bu münaqişəyə münasibətdə fərqli, rəngli, çeşidli fikirlər və xəbərlər, görüntülər görmək mümkündür. Amma bunlar feyk deyil, jurnalistika prinsipinə zidd deyil və mediamızı birrəngli, boz olmaqdan qurtarır.
Diqqət çəkiləsi məqam
Bütün bunlar isə bir gerçəkliyi üzə çıxarır. Doğru media siyasəti qurulanda, medianın fəaliyyətinə müdaxilə minimallaşanda, medianın azad fəaliyyətinə sözün həqiqi mənasında şərait yarananda media daha məsuliyyətli, daha peşəkar və daha effektiv işləyə bilir.
Azərbaycan hazırda media ilə bağlı qanunvericilik bazasını yeniləyib. Medianın fəaliyyəti üçün hüquqi baza hazırdır. İndi dövlət orqanları ilə media arasında doğru kommunikasiya qurulduğunu demək mümkündür. Media bir institut kimi, digər institutlarla əməkdaşlıq münasibəti qura, öz xəbər siyasətini və baxışını daha yaxşı formalaşdıra bilir. Bu isə azad bazar münasibətlərinin yaranması üçün ilk şərtdir. Sərbəst, azad media mühiti və xəbər siyasəti peşəkarların meydanını genişləndirir, rəqabət mühitini yaradır. Rəqabət olanda isə inkişaf olur. İnkişaf isə böyümək, diqqət cəlb etmək, nüfuz dairəsini genişləndirmək və azad bazar oyunçusu kimi pul qazanmaq imkanlarını artırmaq deməkdir.