Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ABŞ-la əməkdaşlıqla bağlı son bəyanatı dünya mediasının əsas müzakirə mövzusudur. Türkiyənin baş diplomatı bəyan edib ki, hazırda Ankaranın "F-35" qırıcılarının istehsalı üzrə proqramdan çıxarılması müzakirə predmeti deyil. "Düşünürəm ki, biz qarşılıqlı anlaşma çərçivəsində razılığa gələcəyik. Əks halda, ölkələr onların münasibətlərinə mənfi təsir edəcək addımlar atacaqlar. Biz hazırkı mərhələdə mövcud fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə çalışırıq", - deyə M. Çavuşoğlu fikrini yekunlaşdırıb. M. Çavuşoğlu onu da deyib ki, ABŞ prezidenti Donald Tramp Türkiyə tərəfinə Suriyanın şimalında 20 mil enində bufer zonanın yaradılması niyyətini bəyan edib.
Vurğulayaq ki, son dövrlərin ən hay-küylü silah müqavilələrindən biri kimi ABŞ və Türkiyə arasında “F-35” qırıcı təyyarəsi ilə bağlı əldə edilən razılaşma göstərilirdi. Ankaranın Rusiyadan “S-400” raket qurğuları almasından sonra isə Vaşinqton “F- 35”-lərlə bağlı sazişi ləğv etməyə hazırlaşdığını bəyan etdi.
Unutmaq olmaz ki, hər hansı dövlətin konkret olaraq hansı silah növünə yiyələnməsindən dünyanın geosiyasi xəritəsinin mənzərəsi asılıdır. Türkiyə NATO-nun müttəfiqidir. Odur ki, Vaşinqton Ankaraya “F-35” qırıcıları ilə bağlı saziş imzalamağı təklif etmişdi. Birləşmiş Ştatlar eyni təklifi bir qədər fərqli formada Danimarka, Almaniya, Avstriya, Böyük Britaniyaya da ünvanlamışdı. Berlin ABŞ-ın bu təklifindən imtina etdi. London da eyni addımı atmağı planlaşdırır. Türkiyə ilə məsələ fərqlidir. Vaşinqton Ankaraya “Patriot” sistemini satmağı da planlaşdırırdı. Lakin bu məsələ o qədər yubandı ki, Türkiyə Rusiyadan “S-400” alası oldu, bununla da, Birləşmiş Ştatlar Ankaraya qarşı “soyuq savaş”a başladı. Əslində, Vaşinqton Ankaranın Suriya məsələsində mövqeyini nəzərə almırdı. Odur ki, “F-35” və “Patriot” layihələrinin taleyinin tükdən asılı olduğu aydın görünürdü. İstər “F-35”, istərsə də “Patriot”la bağlı məsələ silah ticarətindən daha çox siyasi məsələdir və Türkiyə Vaşinqtonun ağır şərtlərinə boyun əymək fikrində deyil.
M. Çavuşoğlunun nikbin tonlu bəyanatına baxmayaraq, iki ölkə arasında ““F-35” qalmaqalı” kifayət qədər müzakirələrə səbəb olub. Xatırladaq ki, iyunun 17-də rəsmi Vaşinqton Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankaranın Rusiyada zenit-raket kompleksləri alması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.
Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord isə bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".
Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırmışdı. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F - 35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə komissiya yaradılmasına dair təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - Türkiyə XİN bəyan etmişdi.
Bu baxımdan, M. Çavuçoğlunun son bəyanatı diqqəti çəkir. Görünən budur ki, Ankara Vaşinqtonla münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyir. Burada söhbət yalnız “F-35” proqramında iştirakdan da getmir. M. Çavuşoğlunun bəyanatından da görünür ki, Suriyanın şimalında 20 mil enində bufer zonanın yaradılması Türkiyə və Birləşmiş Ştatlar arasında başlıca müzakirə mövzusudur.
Suriyanın şimali-şərqində PYD/YPG qruplaşması yerləşir. Bu, Türkiyə üçün real təhlükədir. Ankara PYD/YPG yaraqlılarını zərərsizləşdirməyə məcburdur. Vaşinqton isə bəyan edir ki, Türkiyə Ordusu PYD/YPG-nın mövqelərinə hücum edəcəkləri təqdirdə, Ankaraya iqtisadi zərbə vurulacaq. Ankara isə Türkiyənin İncirlik bölgəsində yerləşən NATO bazasını bağlaya biləcəyini bəyan edir.
Qeyd edək ki, ABŞ və Türkiyə rəsmilərinin təhlükəsizlik zonası təklifi ciddi müzakirə edilməyə başlayan vaxtdan çətinliklər ortaya çıxıb. Ankara və Vaşinqton arasında razılığın əldə edilməsi problematik görünür. Bufer zonasının təhlükəsizliyinin təmin edilməsi və kürd yaraqlıların quruda hücumlarının qarşısının alınması kimi bir sıra risklər hələ də mövcuddur.
Suriyanın şimalında döyüşlər müxtəlif üsyançı qruplar arasında gedir. Bu isə vəziyyətin nə dərəcədə mürəkkəb xarakter aldığını nümayiş etdirir. Bu qrupların bəzisi Qərb tərəfindən, bəziləri Türkiyə və Körfəz ölkələri tərəfindən dəstəklənir, onların arasında islamçı təşkilatlarla yanaşı, kürd döyüşçüləri və Suriya hökumət qüvvələri var.
Suriya, həmçinin, ayrı-ayrı dövlətlərin maraqlarının kəsişdiyi strateji nöqtədir. Bu baxımdan Suriyadakı müharibə silahlı müxalifət və Bəşər Əsəd rejimi arasında gedən vətəndaş müharibəsindən daha çox, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ və digər dövlətlərin də iştirak etdiyi geosiyasi mübarizə təsiri bağışlayır. Məsələn, PYD/YPG qruplaşmasının Suriyanın şimalını nəzarətə alması Ankaranı narazı salır. PYD/YPG isə eyni anda həm Rusiya, həm də ABŞ tərəfindən dəstəklənir, Türkiyənin narahatlığının səbəbini anlamaq olar. Digər tərəfdən, “Müstəqil Kürdüstan” ideyası irəli sürən PYD/YPG qruplaşmasının Suriya hökumətinə qarşı yeni savaşa girəcəyi ehtimalı da mövcuddur. Rusiya ilk gündən Bəşər Əsədi dəstəkləyir. ABŞ isə “Əsədsiz Suriya” modelini irəli sürüb. Moskva və Vaşinqton arasında razılıq əldə edilmədən böhranın həlli mümkünsüz görünür və deməli, Türkiyənin sərhədlərini PYD/YPG terrorundan qorumaq da o qədər asan olmayacaq.
Suriya böhranında İranın da mövqeyi nəzərə alınmalıdır. Suriyadakı məzhəb savaşının əsas iştirakçısı olan İranın qarşısında, bölgədə sünni mərkəzli bir dövlətin qurulması ideyasının daşıyıcısı olan Səudiyyə Ərəbistanı durur. İran, həmçinin, bu savaşda İsrailin ilhaq etdiyi Qolan təpələrinə iddia edir. Başqa sözlə, Suriyada maraqları olan heç bir iştirakçı dövlət mövcud "status-kvo" ilə razılaşmır. Bu da o ehtimalı yaradır ki, müharibə tərəflərdən birinin maraqları tanınacağı vaxtadək davam edəcək. Suriyanın şimalında bufer zonası qurulsa belə, bu, münaqişənin həlli anlamına gəlmir. Lakin istənilən halda bufer zonanın yaradılması barədə addımlar atmaq lazım gəlir. Bu bufer zona BMT, yaxud ABŞ və Rusiya tərəfindən birgə nəzarət altında saxlanıla bilər. Yaxud Türkiyə tərəfində türklər, Suriya tərəfində isə kürdlər növbətçilik həyata keçirə bilər, yetər ki, Ankara öz sərhədlərinin təhlükəsizliyinə əmin olsun.
Ümumilikdə isə Rusiya, İran, ABŞ və Əsəd rejimi ilə razılığa gəlinmədən Türkiyənin burada hər hansı ciddi hərbi uğurlara imza atması olduqca qəliz məsələdir. Hələ ki, bütün bu ölkələr heç bir fəal müdaxilə etmədən sadəcə müşahidə aparmaqla kifayətlənir. Regional güc balansı nəzərə alınmadığı təqdirdə isə Türkiyəni bölgədə ciddi problemlər gözləyə bilər.
Yaxın Şərqdə daha da dərinləşən böhran böyük ehtimalla Türkiyənin yeni xarici siyasət kursu seçməsinə səbəb olacaq. Rəsmi Ankaranın ABŞ-la müttəfiqlik bağları xeyli zəifləyib, lakin NATO üzvlüyü Ankaranı bölgə üçün önəmli oyunçuya çevirir. Birləşmiş Ştatların mövqeyi Türkiyəni Rusiya və İran bloku ilə daha da yaxınlaşmağa vadar edə bilər. Türkiyə mövcud yanaşma ilə Suriya məsələsində yaxın zamanda tam uğur əldə edə bilməyəcəyini anlayır, odur ki, yeni yanaşmaya üstünlük verir. Ümumiyyətlə, Türkiyə diplomatiyasının ən təqdirəlayiq cəhəti ondan ibarətdir ki, Ankara özü üçün ən çıxılmaz vəziyyətlərdə belə yeni paradiqma və strategiya qura bilir.
APA Analytics