• TƏHLİL

    18:33 30 oktyabr 2019

“Soyqırımı oyunları”: ABŞ Nümayəndələr Palatasından hüquqi əsası olmayan addım - TƏHLİL

29 Oktyabrda - məhz Türkiyənin əsas dövlət bayramı olan Cümhuriyyət günündə ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının saxta "erməni soyqırımı"nı rəsmi olaraq tanıması təsadüfü sayıla bilməz.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Kaliforniyadan olan millət vəkili, Demokratlar Partiyasının ermənipərəst üzü Adam Şiffin təqdim etdiyi qətnamə layihəsinin lehinə demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında 223, əleyhinə isə 191 nəfər səs verib. Respublikaçılar sənədə qarşı çıxıb.

Lakin hələlik bu sənəd yalnız Nümayəndələr Palatasının mövqeyini ortaya qoyur. Qanun layihəsi konqresin hər iki qanadı - həm Nümayəndələr Palatası, həm də Senatda qəbul olunarsa, sənəd prezidentin imzası ilə qanuniləşir və hüquqi qüvvəyə minir. Hələlik isə adıçəkilən sənəd yalnız Nümayəndələr Palatasının mövqeyini əks etdirir. Başqa sözlə, qanun layihəsinin hələlik heç bir hüquqi qüvvəsi yoxdur.

Ehtimal edə bilərik ki, demokratlar bu addımla eyni anda iki məqsədə çatmaq istəyirlər. Prezident Donald Trampın impiçmentinə hazırlaşan demokratlar bu yolla həm də prezidentdən qisas alırlar, həm də “Suriya məsələsi”ndə ABŞ-a qulaq asmayan, Rusiya ilə birgə hərəkət edən Türkiyəni cəzalandırmaq niyyətindədirlər.

Artıq Ankara baş verənlərə münasibət bildirib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, tarixi siyasətə alət edənlərin bu qərarı utancvericidir. Nazir qeyd edib ki, Türkiyə Suriyanın şimalında “Barış bulağı” hərəkatı ilə böyük oyunu pozub. “Bizdən bu yolla intiqam alacaqlarını düşünənlər yanılırlar. Bu qərarın hökumətimiz və xalqımızın üçün heç bir önəmi yoxdur”, - deyə M. Çavuşoğlu vurğulayıb. Prezident

Rəcəb Tayyib Ərdoğan da bu qərarın heç bir hüquqi əsasının olmadığını deyib. Ərdoğan vurğulayıb ki, Türkiyə hüquqi müstəvidə bu məsələyə layiqli cavab verəcək.

Türkiyənin Xarici İşlər Nazirliyinin ABŞ Nümayəndələr Palatasının qətnaməsinə reaksiyası isə daha sərt olub. Türkiyə XİN-in bəyanatında bildirilir ki, bu qərarın heç bir tarixi və hüquqi əsası yoxdur. "Suriyada həyata keçiridiyimiz “Barış bulağı” əməliyyatının qarşısını ala bilməyib bundan məyus olanlar bu yolla ölkəmizdən qisas alacaqlarını düşünməkdə yanılırlar. Çünki bu qərarın Türkiyə hökuməti və xalqı qarşısında heç bir etibarı yoxdur”, - deyə bəyanatda qeyd olunur. Qərarın 1948-ci ildə qəbul edilmiş “Soyqırımın qarşısının alınması haqqında” Konvensiyanın müddəalarına, eyni zamanda ABŞ qanunlarına və beynəlxalq hüquqa zidd olduğu vurğulanan açıqlamada bildirilir ki, beynəlxalq hüquqda 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyam bir qərar mövcud deyil: "Əksinə, Avropa İnsan Haqları Məhkəməsi bunun qanuni mübahisə olduğunu qəbul edib. Bu xüsusda baş verən hadisələr siyasət sahəsi deyil, tarix elminin sahəsidir. Türkiyənin "Ortaq Tarix Komissiyası" qurulması istiqamətində 2005-ci ildə etmiş olduğu təklifin Ermənistan tərəfindən rədd edildiyi xatırlanmalıdır".

Türkiyə XİN-in bəyanatında o da bildirilir ki, beynəlxalq və regional təhlükəsizlik baxımından fövqəladə həssas bir dövrdə alınan bu qərar Türkiyə və ABŞ əlaqələrini çətinə salmağa istiqamətlidir və bu qərarın ABŞ-ın milli maraqlarına verdiyi və verəcəyi zərərlərin təqdiri amerikalı siyasətçi və idarəçilərlə ABŞ xalqınındır: "Buna görə məsuliyyət daşıyanların ABŞ xalqı tərəfindən qınanacağına inanırıq”.

Göründüyü kimi, Nümayəndələr Palatasının addımı Türkiyə tərəfindən çox sərt etirazla qarşılanıb. Bununla belə, Senat və Prezident sənədi təsdiq etmədiyindən bu addım ABŞ hökuməti və Dövlət Departamentinin Ankaraya yönəlik siyasətinə ciddi təsir göstərməyəcək. Başqa sözlə, Nümayəndələr Palatasının qərarı daha çox, simvolik və Ankaraya təzyiq xarakterlidir. Sənədin qəbulunda əsas rolu olan demokratlar çoxluğunun lideri Sten Hoyer də bildirib ki, sənəd yalnız tarixi əhəmiyyət daşıyır, bu, diplomatik mövqe sayılmır, ümumilikdə, Türkiyəyə deyil, Osmanlı imperiyasındakı hadisələrə qarşıdır. İclasda çıxış edərkən isə S. Hoyer bəyan edib ki, “qərar erməni və kürd qardaşlarımız üçün bir siqnaldır ki, ABŞ onları heç vaxt tək buraxmaz”.

Türkiyə mətbuatı yazır ki, “erməni soyqırımı”nın tanınması məsələsi hələ yanvar ayında Nümayəndələr Palatasına çıxarılmışdı, bu günə kimi baxılmırdı, məhz indi - Türkiyənin Suriyada terror qruplaşmalarına qarşı əməliyyatı zamanı qəbul edildi. İstənilər halda, qərarın qəbulu ilə Türkiyəyə qarşı düşmənçilik mövqeyi aydın görünür. ABŞ kürd-erməni qruplaşmalarını açıq aydın Türkiyəyə qarşı qaldırır.

Nümayəndələr Palatasının bu addımını Türkiyəyə qarşı daha böyük planların başlanğıcı da hesab etmək olar. Bunun ardınca Türkiyəyə qarşı sanksiyalar tətbiq edilə bilər. Qeyd edək ki, Nümayəndələr Palatası Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına, eyni zamanda Suriyada anti-terror əməliyyatları həyata keçirməsinə görə Türkiyəyə qarşı sanksiya layihəsini artıq qəbul edib. ABŞ addım-addım Türkiyə qarşı siyasi kursa keçir.

Onu da qeyd edək ki, ABŞ İran, Türkiyə və Rusiyaya sanksiyalar tətbiq etməklə bu üç ölkənin əməkdaşlığını zəruri edir.

Lakin bütün sadalananlara baxmayaraq, ABŞ-ın strateji mənfəətləri baxımından uydurma “erməni soyqırımı”nı tanıyacağı inandırıcı deyil. Vaşinqton Ankaraya qarşı müxtəlif sanksiyalar tətbiq edə bilər, lakin heç bir halda dövlət olaraq türk dünyasının qəzəbinə səbəb olacaq siyasi qərar verməz. Burada məsələni Birləşmiş Ştatlarda yaşayan “erməni diasporu” ilə əlaqələndirmək də yanlış olardı. Xatırlayaq ki, Türkiyə ilə yaxın tərəfdaş olan, milyonlarla türkün yaşadığı Almaniyanın uydurma “erməni soyqırımı”nı qəbul etməsi də siyasi münasibət idi və bu ölkədə yaşayan azsaylı erməni heç bir halda türk diasporuna üstün gələ bilməzdi. Nə Almaniyanı, nə ABŞ-ı ermənilərin taleyi maraqlandırır. Onlar, sadəcə, uydurma “soyqırımı” iddiasından istifadə etməklə Ankaraya təzyiq göstərirlər. Bütün bunlar Nümayəndələr Palatasının qərarının Türkiyəyə qarşı nə qədər qərəzli olduğunu bir daha söyləməyə əsas verir. Lakin istənilən halda Türkiyə hər kəs üçün cəlbedici tərəfdaşdır. Bu baxımdan, “soyqırımı oyunları” ilə Ankaranı qorxutmaq, öz təsiri altına salmaq mümkün olmayacaq.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR