• TƏHLİL

    16:26 11 aprel 2022

Ukraynada sonu görünməyən müharibə: Uğursuz blitzkriq Rusiyanı suqsvanq vəziyyətinə salıb - TƏHLİL

Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi

2022-ci il fevralın 24-də Rusiya-Ukrayna gərginliyi hərbi-diplomatik fazadan açıq hərbi fazaya keçdi. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynada “xüsusi əməliyyat”a başladıqlarını və orduya bununla bağlı müvafiq əmr verdiyini bildirdi. Kreml rəhbəri hərbi müdaxilə üçün Ukraynada rusdilli əhalinin sıxışdırılması, Ukraynanın 2014-cü ildə yaradılmış “DXR” və “LXR”i (“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”) atəş altında saxlaması, Kiyev hakimiyyətinin nasional-sosialist təfəkkürlü insanlar tərəfindən idarə olunması və Ukraynanın NATO-ya üzv olmaq istəyi, ölkədə Rusiyanın milli təhlükəsizliyinə təhdid törədə biləcək hücum silahlarını yerləşdirmək planlarını əsas gətirirdi. Rusiya Ukraynanın denasifikasiya və demilitarizasiyasını əsas prioritetlərindən biri elan etmişdi. Nəticədə Rusiya Qərb kəşfiyyatının proqnozlaşdırdığı kimi Ukrayna sərhədinə topladığı 200 minlik hərbi kontingentlə Ukraynaya hücuma başladı.

Müharibənin ilk iki həftəsi Rusiya Ordusunun ciddi uğurları ilə yadda qaldı. Dörd istiqamətdə (Kiyev, Xarkov-Çerniqov, Donetsk-Luqansk və Cənub) irəliləyən Rusiya Ordusu ətraf kənd və qəsəbələri ələ keçirərək paytaxt Kiyev şəhərinin 20 kilometr yaxınlığına qədər irəlilədi, cənub istiqamətində vilayət mərkəzi olan Xerson şəhərini ələ keçirdi, Mariupol, Xarkov, Çerniqov, Sumı kimi iri inzibati və sənaye mərkəzlərini mühasirəyə aldı. Fevralın 26-da ABŞ kəşfiyyatı Rusiya qoşunlarının yaxın 96 saat ərzində Kiyevi ələ keçirəcəkləri barədə proqnoz belə vermiş, Böyük Britaniya isə Ukrayna Prezidenti Vladimir Zelenskiyə siyasi sığınacaq verməklə bağlı təklif göndərmişdi. Analitik mərkəzlər və hərbi ekspertlər də texniki baxımdan Rusiyadan geri qalan Ukrayna Ordusunun qısa zamanda məğlub olacağını gözləyirdi. Amma proqnozların əksinə olaraq, ilk zərbə şokundan ayılan Ukrayna komandanlığı effektiv müdafiə sistemi quraraq Rusiya Ordusunun rabitə və logistika xətlərinin uzanması, zirehli texnika kolonlarının yetərli mühafizə olunmaması, əlverişsiz hava şəraiti və yol verilən taktiki səhvlərdən istifadə edərək uğurlu əks-hücumlar və diversiya aktları həyata keçirdi. Ukraynanın müxtəlif qoşun növləri arasında koordinasiyalı əlaqə, artilleriyanın sərrastlığı və ümumxalq dəstəyi sayəsində martın 10-dan başlayaraq Rusiyanın Donbas bölgəsi istisna olmaqla, digər istiqamətlərdə irəliləyişi dayandırıldı. Kiyev-Jitomir yolunu bağlayaraq və İrpen çayını keçərək Kiyev ətrafında mühasirə həlqəsi yaratmaq cəhdi boşa çıxandan sonra Rusiya komandanlığı Kiyevi ələ keçirmək planından vaz keçdi və Belarus ərazisinə geri çəkildi. Paralel olaraq, Çerniqov vilayəti və Sumı vilayətindən də ordu çıxarıldı. Martın sonlarında baş verən hadisə Ukraynanın ən böyük hərbi-taktiki uğuru və Rusiyanın şimal istiqamətində hərbi planlarını icra edə bilməməsinin etirafı kimi qəbul olundu. Moskva yeni prioritetinin Donbass regionunu tam nəzarətə almaq olduğunu etiraf etsə də, lokal uğurları çıxmaq şərti ilə Donetsk-Luqansk istiqamətində belə ciddi uğur əldə olunmayıb. Davam edən müharibədə Rusiya nəinki Ukrayna Ordusu üzərində strateji üstünlüyü əldə etməyib, əksinə Donbass qruplaşmasının mühasirəyə alınması, Slavyansk-Kramatorsk aqlomerasiyasına çıxış, iri metallurgiya mərkəzi və liman şəhəri Mariupolu tam nəzarətə almaq, Ukrayna aviasiyasını və havadan müdafiə sistemlərini tam sıradan çıxarılması kimi minimal planları da gerçəkləşdirməyib.

Nəticədə, müharibənin ilk günlərində SSRİ-nin Əfqanıstan, ABŞ-ın Vyetnamda yaşadığı ağır, uzunmüddətli və uğursuz müharibəni Rusiyanın da Ukraynada yaşayacağı barədə verilən ən pessimist proqnozlar özünü doğrultmuş oldu.

Hazırkı hərbi-siyasi situasiya müharibənin tezliklə başa çatmasının qeyri-real olduğunu göstərir. Rusiyanın xüsusi əməliyyat adı verdiyi müharibədə blitzkriq (ildırımsürətli müharibə) cəhdi onun suqsvanq (istənilən addımın əlverişsiz nəticə ilə başa çatdığı mövqe) vəziyyətinə düşməsinə səbəb olub.

Qərbin Ukraynada puça çıxan Rusiya qorxusu

Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsində birincinin hərb maşınının təsəvvür edildiyi kimi qorxunc və qarşısıalınmaz olduğunu görən Qərb Rusiya-Ukrayna müharibəsinin uzanacağını, Rusiyanın blitzkriq planının alınmadığını, özünü suqsvanq vəziyyətinə saldığını daha aydın səslə deməyə başladı.

Aprelin 6-da Konqresin Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmə zamanı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley Rusiya-Ukrayna müharibəsinin illərlə davam edəcəyini bildirdi.

Böyük Britaniyanın Baş naziri Boris Conson, Fransanın xarici işlər naziri Jan-İv Le Drian, ABŞ Dövlət katibi Entoni Blinken isə daha da irəli gedərək sonda Ukraynanın müharibəni qələbə ilə başa vuracağına ümidini ifadə etdi.

Digər tərəfdən, daim şərq sərhədlərinin təhlükəsizliyi və Rusiyanın Baltikyanı ölkələrə və Polşaya hücum edəcəyi ilə bağlı narahatlıq yaşayan NATO Ukraynada pilotsuz uçuş zonasının yaradılması və ölkəyə canlı qüvvə göndərməklə bağlı Kiyevin çağırışlarını cavabsız qoydu.

NATO və Avropa İttifaqının yüksək vəzifəli şəxsləri dəfələrlə açıqlamalarında belə addımların Üçüncü Dünya müharibəsinə vəsilə ola biləcəyini, Rusiya ilə birbaşa hərbi toqquşmaqdan yayınmağa çalışdıqlarını açıq bildirdilər.

Qərbin nüvə müharibəsi qorxusu başa düşüləndir. Rusiyanı dünya gücü edən əsas amillərdən biri onun 6375 nüvə başlığına malik olması faktıdır. Və bir faktı qeyd etmək lazımdır ki, heç bir ölkə Rusiyanın nüvə sistemindən qorunmaq imkanına malik deyil.

NATO ölkələrinin toplam nüvə başlığı isə 6 305 (ABŞ 5800, Böyük Britaniya 215, Fransa 290) təşkil edir. NATO-nun bütün hərbi potensialı Rusiyadan qat-qat çox olsa da, nüvə müharibəsi riski potensial toqquşmanın qarşısını alır, verəcəyi dəhşətli zərərə görə hər iki tərəfə sakitləşdirici təsir edir. NATO ölkələri və müttəfiqləri Rusiyaya hərbi-texniki yardım ayırmaq, kəşfiyyat məlumatları ötürmək və vətəndaşlarının könüllü əsasda Ukraynada döyüşlərə qatılmasına “yaşıl işıq” yandırır. Bu kontekstdə Ukraynanın Rusiyanın hərbi təzyiqinə sinə gərməkdə təkcə ümumxalq birliyi, ordu rəhbərliyinin seçdiyi doğru strategiya deyil, həm də Qərbin ayırdığı maliyyə yardımı, verdiyi silah və texnika da ciddi yardım etdiyini söyləməliyik.

Təkcə bir faktı demək kifayətdir ki, ABŞ Ukraynaya Rusiyanın hərbi müdaxiləsinin başlandığı gündən indiyə qədər 1,7 milyard dollarlıq hərbi yardım, o cümlədən tank əleyhinə “Javelin” raketləri, hava hədəflərini vurmaq üçün “Stinger” raketləri, “Switchblade” pilotsuz uçuş aparatları, snayper tüfəngləri, zirehli geyim, tibbi vasitələr, dəbilqələr, radiolokasiya sistemləri, gecəgörmə cihazları, optik vasitələr, peyk görüntüləri, mühafizə edilmiş rabitə qurğuları, artilleriya və aviasiyanı izləmə radarları və s. yardım ayırıb. NATO müttəfiqlərinin də ayırdığı yardımla birlikdə bu hərbi-texniki dəstək Ukrayna Ordusuna ciddi üstünlük qazandırdı.

Qərbin Ukraynaya görə Rusiyaya qarşı sanksiyaları: Təsir əks təsirə bərabərdir

Avropa İttifaqı, ABŞ və Böyük Britaniya hələ Rusiya-Ukrayna müharibəsi hərbi fazaya keçməzdən öncə vahid mövqe sərgiləməyə başladı. Qərb kəşfiyyatı hələ 2021-ci ilin sonlarından Rusiyanın Ukrayna sərhədlərinə hücum üçün çoxsaylı canlı qüvvə və texnika yerləşdirdiyini, hücum əmrini gözlədiyini bildirirdi. Hərbi əməliyyatların başlanma tarixi ilə bağlı tarixlər fərqli olsa da, hücumun gerçəkləşəcəyi Qərbin əsas analitik mərkəzlərində şübhə doğurmurdu.

Barıt qoxusunun daha kəskin hiss olunmağa başladığı bu günlərdə Avropa liderləri qabaqlayıcı tədbirlər görməyə, diplomatik səylərini artırmağa və fəaliyyətlərini koordinasiya etməyə başladı.

Fransa lideri Emmanuel Makron, Almaniya Kansleri Olaf Şoltsun uğursuz Moskva səfərləri, Böyük Britaniya Baş naziri Boris Consonun Putinlə nəticəsiz telefon danışıqları fonunda 2021-ci il dekabrın 22-də ABŞ Dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrell arasında görüşdə Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi olarsa, iki tərəfin koordinasiyalı fəaliyyət göstərməsi barədə razılıq əldə edildi.

Fevralın 24-dən sonra Ukraynaya çox milyonluq humanitar və hərbi yardım ayıran Avropa İttifaqı, ABŞ və Böyük Britaniya Rusiyaya qarşı “Soyuq Müharibə” dövründən bəri ən sərt ritorikanı sərgiləməyə başladı. Bir faktı nəzərə salmaq lazımdır ki, müharibə başlayandan bəri dünya birliyi Rusiyaya qarşı 5 398 fərqli məhdudiyyətlər və qadağalar nəzərdə tutan 5 398 sanksiya tətbiq etdi. 2014-cü ildə Krım və Donbasa müdaxiləyə görə, tətbiq olunan 2 754 sanksiyanı da əlavə etsək, hazırda 8 152 sanksiya ilə Rusiya dünyanın ən çox məhdudiyyətlərə məruz qalan ölkəsidir. İkinci yerdə olan İrana qarşı cəmi 3 616 sanksiya tədbiri tətbiq edilib.

Sanksiyalara Rusiya təyyarələri üçün hava məkanının bağlanması, bir sıra bankların SWIFT sistemindən çıxarılması, Rusiya oliqarxlarının əmlak və bank hesablarına həbs qoyulması, neft, qaz və kömür alınması ilə məhdudlaşdırmalar və s. geniş spektri əhatə edir. Düzdür, Nyutonun üçüncü qanununda deyildiyi kimi, Qərbin sanksiyaları Rusiyaya zərbə vurduğu kimi, özünə də əks zərbə vurur. Belə ki, Avropada təbii qaza, ərzaq məhsulları, alkoqol və tütün məhsullarının qiymətində rekord artım müşahidə olunur, Aİ-də son 25 ilin rekord inflyasiyası müşahidə olunur.

Amma Avropa Komissiyasının sanksiyalarla bağlı hesabatında Aİ-nin neqativ faktorlara hazırlıqlı olması da qeyd olunub. Bildirilir ki, elan olunan sanksiyaların iqtisadiyyata mənfi təsiri qaçılmazdır. Amma bu demokratiya və sülhün qorunması üçün ödənilən bədəldir. Bu, həm də Brüsselin qarşıdakı sınaqlar qarşısında qətiyyətli olduğunun göstəricisidir.

AntiPutin koalisiyasının öndərləri - Polşa, Baltikyanı ölkələr...

Təkcə bir faktı demək kifayətdir ki, ticarət həcminə görə, Rusiya Aİ-nin 5-ci, Ukrayna isə 18-ci tərəfdaşıdır. Brüsselin xüsusən Rusiyadan ciddi enerji asılılığı var. Belə ki, Avropa neft tələbatının 25%, qaza olan tələbatının isə 40%-ni Rusiya hesabına ödəyir. Bu reallıqlar fonunda Avropa İttifaqında Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı ciddi fikir ayrılıqları var. Moskvanın enerji resurslarından ciddi asılılığı olan, Moskva ilə diplomatik mübadilə kanallarının açıq qalmasını istəyən ölkələrlə ən sərt qərarların verilməsinə tərəfdar ölkələr arasında fikir ayrılığı mövcuddur. Aİ daxilində antirus koalisiyasının başında vaxtı ilə sosializm sisteminin mövcud olduğu Polşa və Baltikyanı ölkələr gəlir. Onlar Moskvaya qarşı ən sərt tədbirlərin görülməsini – Rusiyanın ticarət blokadasına alınmasını, Rusiya gəmilərinin Avropa limanlarına daxil olmasına qadağa, bu ölkədən neft, qaz və s. alınmasının dayandırılmasını tələb edir. Təsadüfi deyil ki, aprelin 1-də Varşavaya səfər edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Polşanın Aİ-də Rusiyaya qarşı iqtisadi təzyiq tədbirləri görən ölkələrin önündə gəldiyini qeyd etmişdi. Amma Polşanın və Baltikyanı ölkələrin radikal sanksiya istəyi Aİ-nin 3 əsas nəhəngi – Almaniya, Fransa və İtaliya rəhbərliyi tərəfindən ehtiyatla qarşılanır. Bu ölkələr Rusiyaya sanksiya arsenalının bütün vasitələrinin tətbiq edilməsinə və diplomatik körpülərin yandırılmasına qarşı çıxır. Məhz bu səbəbdən də Polşanın Baş naziri Mateuş Moravetski mətbuat konfransında Almaniyanı ittiham etmişdi. “Avropa İttifaqında vəziyyət çox aşkardır. Əsas maneə öz biznesi, sanksiyaların nəticələrindən qorxan iri ölkələrdir. Almaniya qətiyyətli addımların atılmasında ən böyük maneədir”, - o söyləmişdi. Paralel olaraq, yeni sanksiyaların tətbiq edilməsini dəstəkləyən Fransa lideri Makron da Avropanın təhlükəsizlik sisteminin Rusiyasız qurulmasının mümkün olmayacağını xatırlatmışdı.

Amma Rusiya qüvvələrinin Kiyev yaxınlığındakı Buça şəhərini tərk etdikdən sonra həmin ərazidə çoxsaylı insan cəsədlərinin tapılması mediada informasiya bombasının partlamasına səbəb oldu.

Məhz bu narazılığın fonunda aprelin 8-də Avropa İttifaqı Rusiyaya qarşı beşinci sanksiya paketi qəbul etdi. Əvvəlkilərdən daha sərt olan yeni sanksiya paketində Rusiyaya yüksək texnoloji məhsulların ixrac olunması, Rusiyanın ənənəvi məhsullarının Aİ-yə idxalı qadağan edilir, Rusiyadan kömür alınmasına embarqo qoyulur, bu ölkənin gəmilərinin Aİ limanlarına girişi qadağan edilir, daha 4 bankına qarşı sanksiya tətbiq olunur. Sanksiyalar ilk növbədə Avropa İttifaqının Rusiyadan xammal, xüsusən enerji daşıyıcıları ilə bağlı çoxillik asılılığının aradan qaldırılmasına, Kremlin iqtisadi təzyiq rıçaqlarının əldən çıxmasına hesablanıb.

Ukraynanın müttəfiqləri: ABŞ və Böyük Britaniya

Rusiyaya ilə barışmaz geosiyasi ziddiyyətləri olan ABŞ və tarixən Kremllə soyuq münasibətləri olan Böyük Britaniya Moskvaya qarşı sanksiya siyasətində önəmli və barışmaz mövqe sərgiləyən ölkələrin sırasında gəlir.

Ukraynaya hücumun Avropada və dünyada qlobal təhlükəsizlik sisteminin dağılmasına gətirib çıxaracağını yaxşı anlayan Vaşinqton və London ən sərt tədbirlərin tərəfdarı kimi özünü göstərir.

Co Bayden administrasiyası bu günə qədər Rusiyaya qarşı 1 752 sanksiya və məhdudiyyət təsdiq edib. Boris Consonun başçılıq etdiyi Britaniya hökuməti isə bu yöndə 1 123 dəfə fərqlənib. Müharibənin ilk günlərindən Rusiya və Putin hakimiyyəti üçün ən ağır bədəli ödəyəcəklərini deyən Ağ Ev və “Dauninq-strit” bəyanatlarının yalnız sözdən ibarət olmadı göstərilir.

Aprelin 5-də ənənəvi brifinq zamanı Ağ Ev rəsmisi Cen Psaki ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiya siyasətinin mahiyyətini belə açıqlamışdı: “Rusiya sanksiyalar fonunda sonsuz resurslara malik deyil. Ona görə də onlar ehtiyatlarında olan dollar rezervlərinin tükənməsi, yaxud defolt arasında seçim etməli olacaqlar”.

Amma Qərb iqtisadi sanksiyalarla yanaşı, Ukraynaya hərb meydanında da dəstək olur. Yazının ön hissəsində ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımlar barədə məlumat vermişdik. Qeyd olunmalıdır ki, Böyük Britaniya da böyük müttəfiqindən geri qalmır. London bu günə qədər Ukraynaya 400 milyon funt sterlinq maliyyə və humanitar yardım ayırıb. Martın 24-də Ukraynaya əlavə 6 min raket və 25 milyon funt sterlinq yardımın ayrılması barədə də qərar qəbul edildi.

“Times” nəşri Boris Consonun Ukraynaya daha ölümcül silahlar ayırmaq istədiyini, onlar arasında hədəfləri uzaq məsafədə məhv etmək gücündə olan “AS-90 Vickers” özüyeriyən artilleriya qurğularının, həmçinin, havadan müdafiə sistemlərinin yer aldığı bildirilirdi.

Londonun Ukraynaya əsas hərbi dəstəyindən biri isə 4 mindən çox “NLAW” tank əleyhinə raket komplekslərinin göndərilməsi oldu.

Londonun Moskvaya münasibətini ən yaxşı ifadə edən sözlər isə Britaniya xarici işlər naziri Liz Trassa məxsusdur. Hələ fevralın 24-də, müharibənin ilk günündə o, ölkəsinin yanaşmasını sərgiləmişdi.

“Britaniya Rusiyanın iqtisadiyyatı məhv edilməyənə qədər dinclik tapmayacaq”, - o demişdi.

Rusiya-Ukrayna müharibəsi kontekstində Qərbin yuxarıda adıçəkilən hərbi yardım və diplomatik dəstək metodları Əfqanıstan müharibəsi ilə paralellər aparmağı sövq edir.

Həmin konflikt zamanı da Sovet İttifaqının 1979-cu ilin dekabrında Əfqanıstana hərbi müdaxiləsi Qərbin həmrəyliyi ilə üzləşmişdi.

ABŞ ideoloji və geosiyasi rəqibi SSRİ-yə qarşı Əfqanıstandakı fərqli silahlı qruplaşmalara silah yardımı, döyüş hazırlığı və maliyyə dəstəyini ehtiva edən “Tsiklon” proqramı ilə 1978-1992-ci illər ərzində 20 milyard ABŞ dolları həcmində yardım ayırmışdı. Həmin dəstək hərbi müdaxilənin davamlı və sonu görünməyən partizan müharibəsinə çevrilməsində və sonda SSRİ-nin ölkədən geri çəkilməsində əsaslı rol oynamışdı.

Bu fonda ABŞ-ın Rusiyaya qarşı sanksiyalardan qazanclı çıxacağı ilə bağlı fikirlər də səslənir.

Bu ittiham ABŞ-ın Avropa İttifaqı ilə müqayisədə Rusiya ilə daha zəif ticarət bağlılığının olması və buna görə daha az problem hiss edəcəyi və digər tərəfdən, Rusiyanın enerji daşıyıcılarından imtina edilməsi fonunda ABŞ şirkətlərinin Avropa bazarında yaranmış boşluğu şift qazı ilə doldurması ilə bağlıdır.

Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin martın 31-də etdiyi çıxışda ABŞ-ı qlobal qeyri-stabillikdən qazanc əldə etmək planlarında ittiham etmişdi.

“ABŞ Birinci və İkinci Dünya müharibələrində olduğu kimi, qlobal qeyri-stabillikdən qazanc əldə etməyə çalışacaq. Qlobal fondlar düşüşə keçsə də, ABŞ-ın hərbi sənaye şirkətləri artıma keçib”, - Putin demişdi.

Bu fonda aprelin 6-da Çinin xarici işlər nazirinin rəsmisi Çjao Litzyanın verdiyi açıqlama Moskva və Pekinin ABŞ-a münasibətdə ortaq yanaşmasının göstəricisi idi.

“Donbasda xüsusi əməliyyatın başlanması ilə ABŞ Rusiyaya qarşı təktərəfli sanksiyaları gücləndirir və dünya ölkələrini tərəf seçməyə vadar edir. Sanksiyalar Avropaya qaçqın axını, kapital qaçışı və enerji çatışmazlığı gətirdi. Sanksiyalar ABŞ-a xaosdan gəlir götürməyə imkan verdi”, - açıqlamada bildirilirdi.

Kremlin sözçüsü Dmitri Peskov da açıq şəkildə anqlosaksları Rusiyaya və Avropaya ziyan vurmaqda ittiham etmişdi: “Anqlosakslar əlbəttə, Avropa qitəsində vəziyyəti xeyli gərginləşdirirlər. Məncə biz avropalılar bu barədə düşünməliyik. Biz avropalılar qitədən kənarda yerləşən bir ölkənin Avropaya ziyan vurmasını başa düşmədikcə, vəziyyət çətin ki, düzəlsin”.

Rusiya-Ukrayna müharibəsinin dünya üçün fəsadları: Aclıq, bahalaşma, siyasi qeyri-stabillik

İnsan faciəsi və humanitar böhranla yanaşı, Rusiyanın Ukraynaya hücumu dünya iqtisadiyyatının inkişaf tempinin azalması və inflyasiyanın sürətlənməsi ilə nəticələnəcək. Rusiya-Ukrayna müharibəsinə iqtisadi aspektdən yanaşanda ilk növbədə hər iki ölkənin iri xammal mənbəyi olduğunu söyləmək lazımdır. Rusiya və Ukrayna birlikdə dünyanın istehlak etdiyi taxılın 30%-ni verir, Rusiya həm də iri neft və təbii qaz istehsalçısıdır. Müharibə dünyanın ərzaq və enerji təhlükəsizliyini ciddi təhdid altına alacaq, inflyasiya və alıcılıq qabiliyyətinin azalması ilə nəticələnəcək. Təkcə BMT Baş katibi Antoniu Quterreşin gətirdiyi faktlar münaqişənin əks-sədasının ərzaq qiymətlərinə hansı təsiri göstərdiyini təsəvvür etməyə kifayət edəcək. Quterreş son bir ayda dünyada taxılın qiymətinin 22%, qarğıdalının 21%, arpanın 31% artdığını açıqlayıb. O, həmçinin, aprelin 1-i üçün neft qiymətlərinin ötən ilin analoji dövrü ilə müqayisədə 60%-dən çox bahalaşdığını, son bir ayda təbii qaz və gübrə qiymətlərinin 2 qat artdığını xatırladıb. Ümumilikdə, BMT dünyada ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşmasına görə toplam 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkənin zərər çəkdiyi açıqlayıb. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi-ticari bağları olan ölkələr, özəlliklə də qonşu ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək. Ərzaq və yanacaq qiymətlərinin bahalaşması Afrikada, Cənubi Amerikada, Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə sosial gərginliyə, siyasi sabitliyin pozulmasına, bəzi ölkələrdə isə aclığa birbaşa səbəb ola bilər.

Vüqar İsmayılov

ONA

Teqlər:

SON XƏBƏRLƏR