BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) yaxınlaşdıqca, bəzi aparıcı dövlətlərin, qurumların bəşəriyyəti gözləyən fəlakətlə bağlı üzərinə düşən məsuliyyəti tam anlamadığı bir daha ortaya çıxır.
Bunun son nümunəsi kimi Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin dünyanın aparıcı iqlim sammitində iştirak etməyəcəyi, Bakıya gəlməyəcəyi ilə bağlı yayılan məlumatdır.
Avropa Komissiyasının nümayəndəsinə istinadən yayılan məlumatda bildirilir ki, “Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Ursula von der Leyen öz institusional öhdəlikləri ilə məşğul olacaq”.
Bu anlaşılmaz addım bir çox suallar yaratmasına səbəb olmaqla yanaşı, Avropa Komissiyası rəhbərinin prosedur işləri qlobal iqlim sammitindən, dünyanın gələcəyi ilə bağlı taleyüklü tədbirdən üstün tutduğunu ortaya qoydu.
Ursula von der Leyenin COP29-a qatılmayacağını bəyan etməsi bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat edir.
Aİdaxili prosesləri bəhanə gətirən von der Leyenin COP29-a qatılmamaq üçün əsas səbəb isə başqadır. Sirr deyil ki, COP29 maliyyə həmrəyliyi proqramlarının genişləndirilməsinə diqqət yetirdiyinə görə bir növ “maliyyə COP”u adlandırılır. Bu cür iqlim maliyyəsi aşağı gəlirli ölkələrin sıfır karbon iqtisadiyyatına keçməsinə və ən çox zərər çəkmiş bölgələrin yeni iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına köməyi əhatə edir. COP29-un əsas məqsədi bu maliyyələşməni artırmaq və bu sahədə yeni hədəflər müəyyən etməkdir.
Bu məqsədlə Bakıda keçiriləcək sammitdə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması hədəflənir. Fondun fəaliyyətə başlaması üçün 1 milyard ABŞ dolları kapital toplanması və an azı 10 donor ölkənin fondu dəstəkləməsi planlaşdırılır.
Planeti ən çox çirkləndirən Avropa İttifaqı isə dünya ölkələrinin ondan yeni iqlim maliyyəsi gözlədiyi halda, məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir və faktiki olaraq məsuliyyətdən qaçır.
Təsadüfi deyil ki, 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 zamanı ABŞ və Avropa İttifaqı iqlim dəyişikliyinə həssas olan ölkələrin iqtisadi itkiləri və zərərlərinin öhdəsindən gəlməsinə kömək etmək üçün maliyyə mexanizmi yaratmaq təklifini də bloklamışdı.
Göründüyü kimi, Qərb qlobal iqlim dəyişikliyi ilə mübarizədə də öz siyasi ambisiyalarını öndə tutur, bəşəriyyəti gözləyən ümumi fəlakətlə mübarizədə tam gücünü sərf etmir.
Digər yandan, “Avropa İttifaqı iqlimin qorunmasında dünyaya nümunə olmalıdır” deyən Ursula von der Leyen son addımı ilə bu sözlərində qeyri-səmimi olduğunu, elan etdiyi planların yalnız şüarlardan ibarət olduğunu göstərdi.
Qlazqoda keçirilən COP26, Şarm-əş-Şeyxdə keçirilən COP27 və Dubayda keçirilən COP28 sammitlərində iştirak edən Ursula von der Leyenin COP29-da iştirak etməməsi bu mənada bütün Qərb siyasətinin yanlış istiqamətə yönəldiyini, geosiyasi maraqlarının və məsələnin kommersiya tərəfinin əsas maraq nöqtəsi olduğunu ortaya qoyur.
Avropa Komissiyasının rəhbəri aktual problemlərin həlli əvəzinə, dünyanın fərqli ölkələrində gərginlik ocaqları yaratmağa, silah istehsalını artırmağa yönələn siyasət yürüdür.
Bunun bariz nümunəsini Ukrayna və Ermənistanla bağlı siyasətdə görmək olar. Cənubi Qafqazda sülh təşəbbüsləri irəli sürmək yerinə, bölgəyə monitorinq missiyası altında hərbi müşahidəçilər yerləşdirən rəsmi Brüssel faktiki olaraq, Cənubi Qafqazda yeni sərhədlər çəkməyi planlaşdırıb.
Aİ iqlim dəyişmələri ilə mübarizəyə maliyyə ayırmaq əvəzinə, 2024-cü ilin iyulunda Avropa Sülh Fondundan Ermənistan Ordusunun gücləndirilməsi üçün 10 milyon avro ayırmaq barədə qərar verdi. Bütün bu addımlar rəsmi Brüsselin iqlim böhranının onun üçün prioritet olmadığı nümayiş etdirdi.
Ursula von der Leyenlə yanaşı, bir çox Qərb siyasətçiləri də analoji davranış nümayiş etdirir. Norveçin COP29-da iştirakdan boyun qaçırması, Fransa Prezidenti Emmanuel Makronun, ABŞ Prezidenti Co Baydenin sammitə qatılmaması bu ölkələrin də iqlimlə mübarizəni prioritet saymadığının, bəşəriyyət qarşısında öhdəliklərini arxa plana keçirdiyinin, iqlim dəyişikliyinə görə ziyan çəkən ölkələrə dəstək vermək niyyətində olmadığının növbəti sübutudur.
Von der Leyen, eləcə də digər Qərb rəsmilərinin COP29-da iştirakdan imtinası daha çox bir siyasətçi kimi onların özlərinin nüfuzuna zərbə kimi qiymətləndirilə bilər.
İstənilən halda, 11-22 noyabr tarixlərində Bakı dünyanın əsas şəhərinə çevriləcək, 100-ə qədər dövlət və hökumət başçısını COP29 çərçivəsində qəbul edəcək, dövlətlərin iqlim dəyişikliyi ilə bağlı planları razılaşdırılacaq və bu sahədə əməli addımlar atılacaq.
APA Analytics