• TƏHLİL

    12:08 3 sentyabr 2020

Yunanıstana, Rusiyaya, dünyaya mühüm mesajlar - TƏHLİL

Prezident İlham Əliyev sentyabrın 2-də Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən ölkəmiz üçün həssas olan bir çox məqamlara toxunub.

Dövlət başçısının Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən səsləndirdiyi bəyanatlar, verdiyi mesajlar isə daha diqqət çəkən idi. Prezident yunan diplomatla görüşdə olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirdi. İxtisasca diplomat olan İlham Əliyev səfirlə görüşü zamanı bütün dünya ictimaiyyətinə, eyni zamanda Yunanıstanın diqqətinə Azərbaycan üçün həssas məqamları çox açıq şəkildə çatdırdı, rəsmi Bakının xarici siyasət davranışındakı vacib nüansları bəyan etdi. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ortaya qoydu, əzm və iradə nümayiş etdirdi.

Prezident açıq şəkildə yunan səfirin diqqətinə çatdırdı ki, Azərbaycan və Yunanıstan arasında münasibətlərdə son illərdəki durğunluğun bir neçə səbəbi var.

“DESFA” məsələsi

Birincisi, dövlət başçısı bildirdi ki, bu, Yunanıstan hökumətinin siyasi səbəblərdən dolayı SOCAR-a qarşı apardığı yanlış davranışla bağlıdır. Belə ki, Yunanıstanın o zamankı hökumət başçısının özünün xahişi və təklifi əsasında “DESFA” qaz şirkətini almaq üçün açıq tenderə qoşulan SOCAR, bu tenderi qazanmasına və Azərbaycanın 40 milyon dollarlıq avans ödənişi etməsinə baxmayaraq, tamamilə leqal paya sahib ola-ola siyasi motivli qərar səbəbindən Siriza hökuməti tərəfindən ölkədən çıxarıldı. Prezident İlham Əliyev Yunanıstan hökumətinin bu addımının tərəfdaşlıqdan uzaq olduğunu bildirərək keçmiş Yunanıstan hakimiyyətini faktiki olaraq anti-Azərbaycan siyasəti aparmaqda günahlandırdı.

Yunanıstan-Kipr-Ermənistan hərbi əməkdaşlığı

İkincisi, işğalçı Ermənistana Yunanıstanın hərbi dəstəyi. Dövlət başçısı Yunanıstan-Kipr-Ermənistan hərbi əməkdaşlığına toxunaraq bu məsələdə Azərbaycanın qəti və prinsipial mövqeyini Yunanıstanın ölkəmizə yeni təyin olunan səfirinin diqqətinə çatdırdı. Prezident Yunanıstan səfirinə Aİ və Azərbaycan arasında paraflanmış Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstək ifadə edən “Tərəfdaşlıq prioritetləri” adlı sənədi xatırlatdı. Bu xatırlatma ilə Prezident İlham Əliyev sənədi imzalamış Avropa İttifaqın üzvü olan Yunanıstanın beynəlxalq hüquqa hörmətlə yanaşmasının zəruriliyini mahir diplomat kimi rəsmi Afinanın diqqətinə çatdırmış oldu.

Ermənistana hərbi dəstək verən Rusiyaya açıq ismarıc

Yeri gəlmişkən, bütün görüşlərində olduğu kimi, bu görüş zamanı da Prezident işğalçı Ermənistan dövlətinin apardığı siyasəti ifşa etdi və bu ölkə ilə hərbi əməkdaşlıq edən dövlətlərə ismarıc göndərdi. Dövlət başçısı sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah tədarükünün Azərbaycanda ciddi narahatlıq doğurduğunu xüsusilə vurğulayaraq, rəsmi Moskvaya da iradlarını açıq şəkildə bildirdi. “Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”, - deyə Azərbaycan Prezidenti narazılığını açıq şəkildə bəyan etdi.

Doğrudan da, ATƏT-in həmsədr ölkəsi olan və Azərbaycanı özünün strateji tərəfdaşı adlandıran Rusiyanın Tovuz və post-Tovuz hadisələri zamanı Ermənistana hərbi yüklər göndərməsi və Şoyqunun Bakı səfəri zamanı “guya ki, təyyarələrin 102-ci hərbi bazaya tikinti materialları” aparması kimi izahı Azərbaycan tərəfindən ciddi qəbul edilə bilinməzdi. Beləliklə, biz növbəti dəfə Prezident İlham Əliyev üçün Azərbaycanın dövlət maraqlarının hər şeydən üstün olduğunu əyani şəkildə görmüş olduq.

Türkiyənin hər bir addımı Azərbaycan tərəfindən dəstəklənəcək

Məhz region uğrunda mübarizə aparan bəzi geosiyasi qüvvələrin Ermənistanı himayə etməsinin nəticəsində biz son zamanlar Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın genişləndiyinin şahidi olmaqdayıq. Ermənistan rəhbərliyinə “gəlin meydanda təkbətək vuruşaq” çağırışı edən Prezident İlham Əliyev qarşısında səssiz qalan və qorxaqlıq nümayiş etdirən Nikol Paşinyan, David Tonoyan əfsuslar olsun ki, öz tarixi himayədarlarına arxalanaraq post-Tovuz dövründə də təxribatlarını davam etdirir. Onlar ən son Goranboy istiqamətində provokasiyaya əl atdılar. Bu isə meydanda təkbətək döyüşmək istəməyən Ermənistan qarşısında Azərbaycanın da hərbi ittifaqlara daxil olmasına gətirib çıxara bilər. Sözsüz ki, ölkəmizin dostları mövzusuna toxunarkən bu siyahıda ilk yeri qardaş Türkiyə tutur. Heç təəccüblü deyil ki, Prezident yunan səfirlə görüşdə son zamanlar Şərqi Aralıq dənizi regionunda Yunanıstanla Türkiyə arasında münaqişədə dünya liderləri arasında ilk və yeganə lider olaraq Ankaraya dəstəyini açıq şəkildə ifadə etdi və bildirdi ki, “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.

Azərbaycan Prezidentinin Türkiyəyə açıq və tam dəstək bəyanatına qardaş ölkədən reaksiya özünü çox gözlətmədi. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qətiyyətli mövqeyinə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etdi.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövlət başçısı dəfələrlə qardaş Türkiyəyə müxtəlif məsələlərdə dəstəyini ifadə edib, Ankaranın hər bir addımının yanında olduğunu bildirib. Məsələn, Azərbaycan Prezidenti 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın o vaxtkı Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək demişdi: “Ermənistan Prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan səfiri ilə görüşü zamanı Azərbaycanın dövlət maraqları ilə bağlı mövqeyini açıq şəkildə Afinanın yeni hökumətinin diqqətinə çatdırdı. Eyni zamanda, son vaxtlar Azərbaycana qarşı aparılan hərbi-siyasi təzyiqlər fonunda Prezident İlham Əliyev regionda maraqlı olan bütün qüvvələrə öz irad və istəklərini açıq şəkildə çatdıraraq, rəsmi Bakının münaqişə ilə bağlı bütün məsələlərə həssaslıqla və diqqətlə yanaşdığını, qonşu dövlətlərin Ermənistanla hərbi əməkdaşlığından nəticələr çıxardığını nümayiş etdirdi.

Ən əsası isə Prezident İlham Əliyev xalqımızın milli maraqları ilə bağlı öz prinsipial mövqeyini növbəti dəfə açıq və qəti şəkildə dünya ictimaiyyəti qarşısında bəyan etdi.

Zaur Məmmədov,

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, s.e.n., Bakı Politoloqlar Klubunun rəhbəri

ONA

Teqlər:

SON XƏBƏRLƏR