• TƏHLİL

    16:20 11 dekabr 2020

Zəfər paradında Azərbaycanla Türkiyənin ermənilərə və havadarlarına ismarıcları - TƏHLİL

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paraddakı çıxışı bütün dünya tərəfindən böyük maraqla izlənildi.

Prezident bildirdi ki, “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Bəli, 44 günlük müharibədə ordumuz düşmənin başını elə əzdi ki, onlar bu tarixi uzun müddət yaddaşlarından silə bilməyəcəklər. Bu, təkcə müstəqil Azərbaycan Respublikasının adına yazılacaq qələbə və zəfər deyil. Bu zəfər əsrlərdir, Azərbaycan xalqının böyük qələbəyə ehtiyacının olduğu qalibiyyətdir. Zəfərin önəmini başa düşmək üçün tarixə qısa da olsa mütləq nəzər salmaq lazımdır. XIX əsrin 20-ci illərindən başlayaraq ermənilərin torpaqlarımıza köçürülməsi xalqımızın taleyində qara günlərinin başlaması ilə nəticələndi. Cənubi Qafqazın 1813-cü və 1828-ci illərdə Qacarlar və Rusiya imperiyası arasında bölüşdürülməsindən sonra bölgədə yeni geosiyasi münasibətlər sistemi qurulmuşdu. 1828-ci ildən əsası qoyulan Cənubi Qafqazın ən son geosiyasi konfiqurasiyasında regional dövlətlər və Qərb sivilizasiyası bölgədə öz maraqlarının icrası üçün “erməni məsələsi”ndən istifadə edərək bu dövrdə dəfələrlə həm öz, həm də erməni xalqının maraqlarının reallaşmasına nail olmuşdular. Nəticədə, XX əsrin əvvəllərində bizim razılığımız olmadan torpaqlarımızın bir neçə dəfə Ermənistana verilməsi ilə üzləşdik. 1990-cı illərin əvvəllərində isə Azərbaycanın növbəti ərazisi Qarabağ Ermənistan tərəfindən işğal edildi. 30 il ərzində beynəlxalq ictimaiyyətdən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı beynəlxalq hüquqa əsaslanan adekvat addımlar gözləsək də, bəzi qonşu dövlətlər və ATƏT-in həmsədr ölkələri öz milli maraqlarından çıxış edərək Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə məşğul idilər. Beləcə, həmin dövlətlər münaqişədən öz maraqları üçün istifadə edərək Azərbaycana təzyiqlər edir, Ermənistan isə işğalçılıq ambisiyalarını daha da genişləndirərək ölkəmizin digər torpaqlarına da ərazi iddiaları irəli sürürdü. Tonoyan və Paşinyanın “Yeni müharibə, yeni ərazilər” konsepsiyası buna əyani misaldır.

Nəhayət, sentyabrın 27-də başlayan müharibə həm Ermənistanın işğalçılıq siyasətinə son qoydu, həm də Cənubi Qafqazda 1828-ci ildən başlayan geosiyasi münasibətlər sistemini alt-üst etdi. Ali Baş Komandanın bu illər ərzində apardığı düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycan bu asan olmayan müharibədə Ermənistan və onun “müdafiəçilərinə” qalib gəldi. Unutmayaq ki, həmin qüvvələr bu illər ərzində Azərbaycana dəfələrlə münaqişənin müharibə ilə həlli yoxdur ismarıclarını verir, hərbi əməliyyatların yolverilməz olduğunu bildirirdilər. Lakin bütün bu təzyiqlərə baxmayaraq Prezident İlham Əliyev “münaqişənin müharibə yolu ilə həlli var” formulunu sübut etdi, 30 il davam edən danışıqlardakı nəticəsizliyə 44 günlük müharibə ilə son qoydu. 44 gün ərzində məqsədinə çatan Azərbaycan dövləti öz ərazisində hərbi əməliyyatlar apararaq beynəlxalq hüququn tələb və prinsiplərinin reallaşmasına nail oldu.

Prezident paraddakı çıxışında Ermənistanı rasionallığa səsləyərək ən yaxın tarixi onların yadına saldı, bildirdi ki, Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Təsadüfi deyil ki, onun bu çıxışı artıq iki gündür, ermənilərə məxsus bütün saytlarda və sosial şəbəkələrdə əsas müzakirə predmetinə çevrilib. Yeri gəlmişkən, dekabr ayında Zəngəzurun SSR rəhbərliyi tərəfindən Ermənistana verilməsinin 100 ili tamam olur. Beləliklə, 1920-ci ildə Zəngəzur, Göyçə, Dərələyəz və s. mahallarının zorla Azərbaycandan alınıb Ermənistana verilməsi nəticəsində əvvəlki 9 min kv.km üzərinə daha 20 min kv.km əlavə edilmiş, Ermənistanın ərazisi 29 kv.km olmuşdur. Prezidentin Qələbə günündə Qarabağdan savayı, həm də Azərbaycanın digər qədim bölgələrini xatırlatması onun tariximizə verdiyi mühüm önəmin bariz nümunəsidir. Burada Prezidentin bu torpaqlarla bağlı hələ 4 il əvvəl etdiyi çıxışı yada salmaq olar. Prezident 2016-cı ildə çıxışlarının birində deyirdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək”. Və Prezident Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına imkan vermədi və işğal altındakı torpaqları azad etdi.

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması uğrunda apardığı müharibədə qazandığı şanlı Qələbə hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi, ordumuzun gücü, qüdrəti ümumdünya erməni diasporu, erməni kilsəsi və Ermənistan dövləti üzərində qələbəmizi təmin etdi.

10 dekabr Zəfər paradında Azərbaycan Prezidentinin yanında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın da dayanmasının bir başqa anlamı var. Bu, süşmənlərimizə və bütün dünyaya Azərbaycan və Türkiyə arasında qardaşlıq bağlarının necə möhkəm olmasının ismarıcı idi. Zəfər paradında çıxış edən Türkiyə lideri “Bu gün Azərbaycanın böyük şairi Əhməd Cavadın, Nuri Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igid ərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün bütün türk dünyası üçün zəfər və qürur günüdür. Qarabağ Azərbaycandır. Qarabağ artıq ana vətəni ilə qovuşub, 30 illik həsrət sona çatıb. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları daha yaşana biləcək hala gətirmək üçün mübarizə aparmaqdır" söylədi. Bu, artıq bir reallıqdır ki, Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyasında Türkiyənin hərbi-siyasi varlığı güclənib.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri

ONA

Teqlər:

SON XƏBƏRLƏR