Bu gün İsmayıllı şəhərində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yeni inkişaf konsepsiyasının təqdimatı keçirilib.
Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, tədbirdə Basqalla yanaşı, Dövlət Turizm Agentliyinin tabeliyində olan digər 6 qoruqda bərpa layihələrinin hazırlandığı, mayın ayının sonunadək “Yanardağ” qoruğunda yenidənqurma işlərinin başa çatdırılacağı və ictimaiyyətə təqdim olunacağı bildirilib. Qeyd olunub ki, Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir: "Xınalığın və palçıq vulkanlarının turistlər üçün daha cəlbedici məkana çevrilməsi üçün hazırlanan layihələrin üzərində iş gedir".
Görüşdə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanan “Basqal” qoruğunun yenidənqurulması konsepsiyası təqdim olunub.
2018-2023-cü illəri əhatə edəcək 5 illik bərpa planının əsas məqsədi Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır.
Konsepsiyanın hazırlanması prosesində ilkin olaraq qoruq ərazisində yaranmış vəziyyətə dair arayış, daha sonra qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı fəaliyyət proqramının layihələri tərtib edilib. Eləcə də qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflər hazırlanıb.
“Böyük Basqal” konsepsiyası inkişaf etdirmək üçün birinci mərhələdə Basqal və onu əhatə 10 kənd arasında mövcud yolların bərpasını, ikinci mərhələdə tarixi binaların, daş yolların, fasadların, tarixi memarlıq üslubunun bərpası, yerüstü qaz və işıq xətlərin yenilənərək yerin altına salınması və kommunikasiya, su sisteminin yenilənməsini əhatə edəcək.
Layihənin üçüncü mərhələsində kəlağayı istehsalının canlandırılması və turizm məhsuluna çevrilməsi məqsədilə kəlağayı sexinin bərpası və turistlərə tanıdılması, həmçinin sənətkarlara dəstək göstərilməsi nəzərdə tutulub.
Mərkəzi meydanın bərpası və əsas turizm mərkəzinə çevrilməsini əhatə edəcək 4-cü mərhələdə isə əsas məqsəd ərazinin yerli əhalinin, xüsusi ilə də sənətkarların öz məhsullarını sata biləcəyi məkana çevirməkdir.
Layihənin 5-ci mərhələsi infrastrukturun qurulması, tullantıların idarə edilməsi sisteminin yaradılması, “Kürəbənd” adlanan tarixi kanalizasiya və drenaj sisteminin bərpası, bulaqların təmir edilməsi, qəsəbədə bankomat və ödəniş terminallarının quraşdırılması, icma üçün tədbirlər evinin, uşaq meydançasının inşa edilməsi kimi tədbirlər planını əhatə edəcək.