Bu gün ABŞ-ın tanınmış jurnalistləri Con Başelor və Monika Krouli Quba rayonuna səfər ediblər.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqları qəbul edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayon haqqında onlara məlumat verib.
Daha sonra qonaqlar 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Con Başelor Azərbaycana gəlişinin məqsədinin ölkəmiz haqqında radio proqramı hazırlamaq və onun Amerikada yayımı təşkil etmək olduğunu bildirib. “Qubaya gəlib Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olduq. Buradakı soyqırımla bağlı bizim heç bir məlumatımız olmayıb. Baxmayaraq ki, bu soyqırımı 1918-ci ildə baş verib, bizə təhsil aldığımız müddətdə məktəbdə bu barədə heç bir məlumat verilməyib. Biz bu soyqrımla bağlı burda məlumat əldə etdik”.
Monika Krouli jurnalistlərə açıqlamasında bildirib ki, “Vaşinqton Times” qəzetinin əməkdaşıdır, həmçinin “Fox” və ABC telekanalları üçün də reportajlar hazırlayır. Xanım jurnalist məqsədinin Azərbaycanla bağlı məlumat əldə etmək, gələcəkdə bununla bağlı ABŞ-da bir məqalə hazırlamaq olduğunu qeyd edib: “Biz həmçinin Qubada yaşayan müxtəlif etnik xalqların sülh şəraitində birgə yaşadığı barədə məlumat verəcəyik”.
Qeyd edək ki, qonaqların Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə və Qusar rayonuna da səfərləri nəzərdə tutulub.
Vəli Turan