Dekabrın 2-də Avropa İttifaqı (Aİ) və Ermənistan arasında “Ermənistan-Aİ tərəfdaşlıq üçün strateji gündəm” sənədi imzalanıb. Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, 64 səhifəlik bu sənəd ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bu sənəd sırf əməkdaşlıq çərçivəsini deyil, həm də tərəflərin gələcək siyasi kursunun geosiyasi konturlarını müəyyən edir. Sənəddə iqtisadi islahatlar, demokratik idarəçilik və siyasi inteqrasiya ilə bağlı hədəflər təqdim olunsa da, bir sıra müddəalar regiondakı sülh prosesinə zərər vurmaq potensialına malikdir.
Sənədin 4-cü səhifəsində bir zamanlar Qarabağda məskunlaşmış ermənilərin könüllü şəkildə Ermənistana köçməsinin “didərgin salınmaq” ifadəsi ilə verilməsi yanlış və tamamilə absurddur. Bu proses Ermənistan tərəfindən Qarabağda yaradılmış qanunsuz rejimin rəhbərlərinin təşviqi və Ermənistan dövlət büdcəsindən maliyyələşdirilən strukturların məqsədyönlü fəaliyyəti nəticəsində könüllü şəkildə həyata keçirilib. Bu kontekstdə Aİ-nin “köçkün/qaçqın” terminində tərəddüd etməsi belə, məsələni geosiyasi çərçivəyə salmaq məqsədi güdür. Bu məqam Azərbaycanın legitim hərbi əməliyyatına qarşı qərəzli təsəvvür formalaşdırır, Ermənistanın məsuliyyətini arxa plana keçirir və gələcəkdə manipulyativ ritorikanın güclənməsi üçün əlverişli zəmin yaradır.
Bu yanaşma açıq şəkildə Azərbaycana yönəlmiş əsassız iraddır, siyasi təzyiq və qərəzli ittihamdır. Dövlətimizin mövqeyi birmənalıdır: heç bir beynəlxalq təşkilat və ya tərəfdaş ölkə Azərbaycan haqqında ultimativ və ittihamedici tonda danışmaq hüququna malik deyil. Bu, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə ziddir və tamamilə qəbuledilməzdir. Bu yanaşma Aİ və qurumun rəhbərliyinə də aiddir.
Xatırlatmaq yerinə düşər ki, Aİ rəhbərliyinin və Cozef Borrellin Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsində çalışarkən balanssız və qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirmişdi. Borrellin Azərbaycanla bağlı açıqlamaları heç vaxt faktlara söykənməyib, siyasi təsirlərin məhsulu kimi ortaya çıxıb, Aİ-nin neytral vasitəçi roluna ciddi zərər vurub. Bu cür yanaşma sülh prosesinə töhfə verməyib, əksinə, etimadı sarsıdıb.
Görünən odur ki, eyni proses indi də davam edir. Lakin Aİ real dialoq istəyirsə, ilk olaraq rəhbərliyin Azərbaycana qarşı qərəzli ritorikasına son qoyulmalı, beynəlxalq hüquqa uyğun, hörmətə əsaslanan mövqe sərgilənməlidir.
Ziddiyyətli ifadələr və siyasi məsuliyyətsizlik

Aİ-nin Ermənistanla imzaladığı sənəddə diqqət çəkən ən narahatedici məqamlardan biri Ermənistanda yerləşən, ağır hərbi cinayətlər törətməkdə məşhur olan terrorçu Monte Melkonyanın adını daşıyan hərbi məktəbin Aİ çərçivəsində fəaliyyət göstərən təlim-tədris şəbəkəsinə daxil edilməsinin planlaşdırılmasıdır. Bu addımın məqsədi, siyasi motivasiyası və strateji nəticələri tam aydın təqdim olunmur və ciddi suallar doğurur. Çünki belə bir fiqurun legitimləşdirilməsi Aİ-nin dəyərlər sistemi ilə ziddiyyət təşkil edir və regiondakı həssas təhlükəsizlik balansına neqativ təsir göstərə bilər.
Eyni zamanda, sənəddə artıq mövcud olmayan “Dağlıq Qarabağ” terminindən istifadə olunması Aİ-nin obyektivliyini və peşəkar yanaşma prinsiplərini açıq şəkildə şübhə altına alır. Bu terminə qayıdılması təkcə faktların təhrif edilməsi deyil, həm də sənədin anti-Azərbaycan mahiyyətini gizlətməyən siyasi mesaj daşıyır. Daha da problemli olan isə odur ki, Aİ eyni sənəddə ərazi bütövlüyü və suverenliyə hörmət çağırışı edir, lakin digər tərəfdən Azərbaycanın suverenliyinə xələl gətirən ifadələrə yer verir. Bu, diplomatik məsuliyyətsizlik və konseptual uyğunsuzluğun bariz göstəricisidir.
Hadisələrin fonunda məsələ ilə bağlı Azərbaycan XİN-in əlavə açıqlama verəcəyi gözlənilir. Lakin bu qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün Aİ-nin özünün də hər iki məsələyə açıq, ardıcıl və qərəzsiz izah təqdim etməsi vacibdir.
Balanssız humanitar narrativ: Azərbaycanın təhlükəsizlik narahatlıqları niyə nəzərə alınmır?

Sənəddə Qarabağ məsələsi fonunda Ermənistanın humanitar narrativi geniş yer alsa da, Aİ Azərbaycanın əsas tələblərini - Qarabağda bir zamanlar Ermənistan silahlı qruplarının mövcudluğu, ərazi bütövlüyünə təhdid və təhlükəsizlik risklərini, ümumiyyətlə, qeyd etmir. Bu yanaşma sənədi balanssız edərək, Aİ-nin vasitəçilik roluna etimadı zəiflədir. Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmaması həm Ermənistanda revizionist meyillərin güclənməsinə, həm də sülh sazişi üzrə real dialoqun çətinləşməsinə gətirib çıxara bilər.
Sənəddə qeyd olunur: “Erməni məhbusların və digər saxlanılan şəxslərin azad edilməsini dəstəkləmək…”
Bu bənddə hansı məhbuslardan söhbət gedir? Aydın deyil, və bu məsələni Aİ nə üçün öz öhdəliyi kimi görür? Bu bənd hüquqi mexanizmlərə əsaslanmaq əvəzinə, siyasi sifariş təəssüratı yaradır, nəticədə isə Aİ-nin öz öhdəliyi kimi gördüyü bu məsələ Ermənistanın diplomatik ritorikasını əlavə şəkildə möhkəmləndirir.
Belə yanaşma humanitar məsələləri siyasiləşdirir, qarşılıqlı etimadı zədələyir, nəticə etibarilə Azərbaycan tərəfinə qarşı siyasi təzyiq alətinə çevrilmə təhlükəsi kimi qəbul oluna bilər.
Qeyri-müəyyən hüquqi çağırışlar sülh prosesini riskə atır
Sənəddə Beynəlxalq Məhkəmə qərarlarının “tam, dərhal və effektiv” icrası barədə qeyri-müəyyən çağırış yer alır.
Qeyd edilir: “Bütün müvafiq Beynəlxalq Məhkəmə qərarlarının tam, dərhal və effektiv icrasını dəstəkləmək…”
Burada hansı qərarın nəzərdə tutulduğu dəqiqləşdirilmədiyi üçün bu, manipulyasiya üçün geniş meydan yaradır və Ermənistanın bu bənddən öz məqsədlərinə çatması üçün istifadə etməsi ehtimalını artırır. Sülh prosesinə təsir baxımından isə bu qeyri-müəyyənlik gərginliyi dərinləşdirir və sənəd tərəfləri aydın hüquqi çərçivədən uzaqlaşdıraraq siyasi şərhlərə yönləndirir.
Dikriminativ humanitar yanaşma sülh prosesini zəiflədir
Sənəddə Ermənistana könüllü köç etmiş Qarabağ ermənilərinin hüquqlarından bəhs edildiyi halda, Aİ-Azərbaycan sənədlərində Aİ-nin Ermənistandan deportasiya olunmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə heç bir qeyd açmaması balanslı yanaşmanın pozulduğunu göstərir. Bu kontekstdə Azərbaycanın mövqeyinin nəzərə alınmaması, tərəflər arasında bərabər prinsiplərin tətbiq edilmədiyini aydın şəkildə ortaya qoyur. Əgər Aİ Qarabağdan könüllü şəkildə köçmüş ermənilərinin “sosial inteqrasiyası” ilə bağlı müddəaları sənədə daxil edirsə, eyni prinsip əsasında Azərbaycan da Qərbi azərbaycanlıların hüquqlarına dair xüsusi bəndin əlavə edilməsini tələb etməkdə tam haqlı olar. Lakin Aİ-nin belə yanaşmanı qəbul etməməsi qərəzli və qeyri-bərabər humanitar münasibətin göstəricisi kimi çıxış edir.
İki tərəf arasında imzalanmış bu sənəd regionda sülhün və stabilliyin bərqərar olması yolunda müəyyən zədələyici elementləri özündə ehtiva edir. Aİ-Ermənistan strateji gündəmi regional əməkdaşlıq üçün nəzərdə tutulsa da, yanlış humanitar narrativlər, Azərbaycanın təhlükəsizlik narahatlıqlarının nəzərə alınmaması, hüquqi əsası olmayan öhdəliklərin irəli sürülməsi, qeyri-müəyyən beynəlxalq hüquq çağırışları və balanssız siyasi qiymətləndirmələr sülh prosesinə mənfi təsir göstərə bilər.
Aİ-nin 2 dekabr sənədi ABŞ-ın 8 Avqust sənədinə kölgə salmaq məqsədi güdür

Nəticə etibarilə, Aİ-Ermənistan arasında 2 dekabrda imzalanan “strateji gündəm” sənədi regionda həssas şəkildə formalaşan sülh prosesinə açıq müdaxilə xarakteri daşıyır.
Bu sənəd Aİ-Ermənistan arasında imzalansa da, Ermənistan-Azərbaycan arasında etimadın möhkəmləndirilməsinə xidmət etmir, hətta müəyyən mənada yaranmaqda olan etimadı zədələyə biləcək müddəalar ehtiva edir, danışıqların davamında Ermənistan tərəfindən manipulyativ məqsədlərlə istifadə oluna biləcək potensial yaradır.
Avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş irəliləyiş - sülh sazişinin mətni üzrə paraflanma və kommunikasiyaların açılması barədə Birgə Bəyannamə Cənubi Qafqazda real sabitlik perspektivini gücləndirmişdi. Lakin Aİ-nin Ermənistanla imzaladığı yeni sənəd bu pozitiv dinamikaya kölgə salmaq məqsədi güdür.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov APA-ya açıqlamasında bildirib ki, 2 dekabrda Brüsseldə imzalanmış Ermənistan-Aİ strateji gündəliyi Aİ-nin geosiyasi məqsədlərinin və Azərbaycana dair qərəzli yanaşmasının əlamətlərini nümayiş etdirir.

Politoloqun sözlərinə görə, yeni sənəd regionda balansı nəzərə almır, təhlükəsizlik və siyasi reallıqlarla ziddiyyət təşkil edən müddəalar ehtiva edir.
“Yeni strateji gündəlikdə tərəfdaşlıq sahələri daha da genişləndirilir və üç əsas istiqamət – müdafiə və təhlükəsizlik, sektorial əməkdaşlıq və viza liberallaşdırılması ön plana çıxır. Sənəddə Avropa İttifaqının Ermənistanın hibrid və kiber hücumlara, o cümlədən seçkilərə mümkün müdaxilələrə qarşı mübarizəsinə 15 milyon avro dəstək verəcəyi də bildirilir. Bu, Aİ-nin iqtisadi və demokratik islahatlarla yanaşı, qeyri-ənənəvi sahələrdə də aktiv şəkildə geosiyasi məqsədlər güddüyünü göstərir. Saziş imzalandıqdan sonra açıqlama verən Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Rusiyanın Moldovadakı seçkilərə müdaxiləsini misal çəkərək, eyni situasiyanın Ermənistanda baş verməməsi üçün Aİ-nin dəstək göstərəcəyini bəyan edib”, - deyə O, əlavə edib.
Zahidovun fikrincə, bu sənəd Aİ-nin postsovet məkanında geosiyasi məqsədlərini nümayiş etdirir: “Aİ-nin bu siyasəti regiondakı digər aktorların, xüsusilə Azərbaycanın maraqlarını nəzərə almadığı üçün risklidir. ABŞ da Bayden dövründə ermənipərəst siyasət yürüdərək bu səhvi etmişdi və heç bir hədəfinə nail ola bilmədi”.
Politoloq qeyd edir ki, sənədin giriş və nəticə hissələrində Aİ-nin “köçürülmüş Qarabağ ermənilərinin sosial-iqtisadi inteqrasiyasına dəstək” verəcəyi yazılıb ki, bu ifadə isə qeyri-real və qərəzlidir: “Qarabağdan məcburi köçürülmə olmayıb, əksinə, erməni sakinlər Ermənistanın təşviqi və separatçı rejimin rəhbərlərinin çağırışları ilə bölgəni tərk ediblər. Azərbaycan isə onların qalması vətəndaşlıq alması üçün şərait yaratmışdı. Avropa İttifaqı sənəddə köçkün və qaçqın anlayışlarını yanlış tətbiq edir, halbuki bu kateqoriyalar beynəlxalq hüquqda konkret mənaya malikdir. Aİ-nin Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti nəticəsində didərgin düşmüş 700 min azərbaycanlıya heç bir istinad etməməsi isə ikili standartın daha bir nümunəsidir”.
Sənəddə “Azərbaycanın hərbi əməliyyatlarından sonra” ifadəsinin işlədilməsi də politoloq düzgün saymır. O qeyd edir ki, Aİ hərbi əməliyyatların səbəblərini – separatizm, terror, minalar və qanunsuz silahlı qruplaşmaları göstərmir. Azərbaycan 2023-cü ilin sentyabr antiterror əməliyyatını məhz öz suverenliyini bərpa etmək və bölgədə təhlükəsizliyi təmin etmək üçün həyata keçirmişdi.
Ekspertin fikrincə, Aİ bu yanaşması ilə Azərbaycanın təhlükəsizlik narahatlıqlarını nəzərə almır, habelə Qərbi azərbaycanlıların məsələsinə toxunmur: “300 mindən çox Qərbi azərbaycanlıdan bəhs edilməməsi açıq-aşkar qərəzin göstəricisidir”.
Zahidov əlavə edir ki, sənəddə “erməni əsirləri” ilə bağlı müddəa da manipulyativdir, çünki Azərbaycanda məhkəməsi keçirilən erməni əsilli şəxslər əsir deyil, uzun illər terror və qətllərdə iştirak etmiş separatçı rejimin üzvləridir: “Həmçinin beynəlxalq məhkəmə qərarlarının icrasına Aİ dəstəyinin hansı tribunalı nəzərdə tutduğu da sənəddə dəqiqləşdirilmir. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi isə Aİ-nin Azərbaycanın mövqeyini nəzərə almadan siyasi sifariş əsasında hərəkət etdiyini göstərir. Separatçı rejim 2023-cü il antiterror əməliyyatlarından sonra tarixə qovuşub”.
Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-nin hərbi təlim-tədris şəbəkəsinə daxil edilməsi isə ekspertin sözlərinə görə, ya Aİ-nin məlumatsızlığını, ya da siyasi sifarişin təsirini göstərir: “Melkonyan terrorçu olub və azərbaycanlılara qarşı qətllərdə iştirak edib”.
Politoloq sənədə əsaslanaraq iki nəticə çıxarır:
- Birincisi, Aİ yenə praqmatik siyasəti kənara qoyaraq geosiyasi ambisiyalara üstünlük verir və erməni diasporunun təsiri altında hərəkət edir;
- İkincisi, Ermənistan etimad mühiti yaratmaq əvəzinə, bu prosesə mane olur.

Ermənistanın Aİ missiyasının sərhəddə “nə qədər lazımdırsa, qalacağı” barədə açıqlaması isə hələ imzalanmamış sülh sazişindəki müddəalara ziddir.
Zahidov bildirir ki, davamlı sülh üçün Ermənistan, ilk növbədə, Azərbaycanla etimad qurmalıdır. Regiondan kənar güclərlə Azərbaycanın maraqlarına zidd sənədlər imzalamaq isə sülhə xələl gətirir.
Ekspert həmçinin qeyd edir ki, Ermənistanın regional inteqrasiyası, enerji və nəqliyyat marşrutlarında Rusiyadan asılılığının azaldılması yalnız Azərbaycan vasitəsilə mümkündür: “Azərbaycan və Türkiyə olmadan Ermənistan heç bir regional layihəyə qoşula bilməz”.
Zahidov sonda onu da vurğulayıb ki, Aİ regionda həyati əhəmiyyət daşıyan Şərq-Qərb nəqliyyat xəttinin və enerji ixracatının mərkəzinin Azərbaycan olduğunu anlamalıdır: “Ursula von der Leyenin 2022-ci ildə Bakıya səfəri və enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalanması da bunun təsdiqidir”.
Politoloqun fikrincə, Ermənistanla bu cür qərəzli sənədin imzalanması Aİ-nin praqmatizmdən uzaqlaşdığını və müəyyən siyasi dairələrin təsiri altında səhvlərə yol verdiyini göstərir.
Aİ Azərbaycana qarşı qərəzlidir, addımları sülhə xidmət etmir
Sənəddə Ermənistanın mövqeyinin birtərəfli qaydada dəstəklənməsi, Azərbaycanın təhlükəsizlik narahatlıqlarının tamamilə kənarda saxlanılması və hüquqi baxımdan qeyri-müəyyən öhdəliklərin təqdim edilməsi Aİ-nin obyektiv vasitəçi deyil, tərəf mövqeyi tutduğunu göstərir. 30 ildən çox davam etmiş münaqişənin səngiməyə başladığı bir dövrdə belə addım atılması Aİ-nin regionda sülhün deyil, siyasi təsir dairəsinin genişləndirilməsində maraqlı olduğunu açıq şəkildə ortaya qoyur.
Faiq Mahmudov