• HADİSƏ

    13:00 14 may 2020

Aİ Şurasının yeni qərarı: 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti - TƏHLİL

2020-ci ilin mayın 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı dərc edilmişdir. Xatırladıram ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü 2009-cu ilin may ayında Praqada keçilən Seminarda Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. ŞT təşəbbüsü Avropa Qonşuluq Siyasəti çərçivəsində “Şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, “mobillik və təhlükəsizlik paktları”, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq və s. nəzərdə tutulur.

Maraqlıdır ki, koronavirus pandemiyasının kifayət qədər dərin iz buraxdığı Avropa İttifaqı daxilindəki böhranın güclənməsi haqqında söz-söhbətlər gəzərkən, Brüsselin müstəqillik əldə etmiş keçmiş Sovet respublikalarına belə bir vaxtdakı diqqəti xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Aİ “ŞT” proqramının strateji əhəmiyyətini və ümumi rifah, demokratiya və sabitlik üçün ümumi məkan qurmaq üçün birgə sadiqliyini təsdiq edərək proqramın 2020-ci ildən sonrakı siyasətinə dair nəticələri təsdiq edib. Şura “Şərq Tərəfdaşlığı”nın bu günə qədər əldə etdiyi mühüm uğurları alqışlayır və proqrama qoşulan ölkələri islahatları davam etdirməyə və bu istiqamətdə səyləri artırmağa təşviq edən vasitə kimi stimul və şərtlərə əsaslanan yanaşmasını təsdiqləyir. Şura mövcud siyasi çərçivənin, o cümlədən “2020-ci il üçün 20 nəticə”nin bu illər ərzində kifayət qədər effektiv olduğunu və ŞT ölkələrindəki vətəndaşlar üçün yaxşı nəticələr və fayda gətirdiyini qeyd edir.

Sənəddə maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Aİ bundan əvvəlki bəyanatlar və proqramlardan fərqli olaraq, bu dəfə ümumi rifah, demokratiya və sabitlik üçün ümumi məkan məqsədlərini qoyarkən “təhlükəsizlik” sözündən istifadə etmədi. DW nəşrinin yazdığına görə, buna səbəb Fransa lideri Makronun 2019-cu ildən başlayaraq Rusiya ilə ehtiyatlı yaxınlaşma siyasəti ilə əlaqəlidir. Belə ki, son dövrlərdə Almaniya və Fransa Rusiyanı narazı salmamaq üçün “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik termininin işlədilməsindən qaçırlar.

Digər maraq doğuran məqam, Aİ-nin budəfəki qərarında uzun müddətdir, Kiyev və Tbilisi tərəfindən təkid edilən “Avropa perspektivi” məsələsinin əksini tapmasıdır. Belə ki, yeni baxış konsepsiyası müzakirə edilərkən, Aİ ölkələri arasında ŞT ölkələrinin “Avropa perspektivləri” və “Avropa seçimləri” məsələləri ətrafında qızğın debatların olması qeyd edilir.

Nəhayət, sonda Aİ Ukrayna, Moldova və Gürcüstana kompromisə gedərək, yeni qərarda bu ölkələr ilə 2017-ci ilin Sammitinin Bəyannaməsini yada salaraq “Avropa perspektivi” və “Avropa seçimi”lərini qəbul etmişdir. Birmənalı şəkildə Avrointeqrasiya kursunu seçən Kişinyov və Kiyev, xüsusilə də Tbilisi bu kontekstdə hətta milli dövlətçilik xüsusiyyətlərinin müəyyən hissəsini güzəştə getmək riskindən belə çəkinmir. O ki qaldı Brusselə, Aİ-nin (əslində isə ABŞ və Polşa) Kiyevlə və Tiflislə əlaqələri maksimum dərəcədə inkişaf etdirmək niyyəti tam başa düşüləndir. Lakin maksimum dərəcəli əməkdaşlıqla bağlı Brüssellə Kiyev və Tbilisi arasında fikir ixtilafı mövcuddur. Kiyev və Tbilisi NATO-nu özlərinin hərbi-siyasi, Avropa İttifaqını isə iqtisadi-siyasi dayağı kimi görmək istəsə də, bu ölkələrin bu təşkilatlara qəbul olunması perspektivi yaxın gələcəkdə demək olar ki, sıfra bərabərdir. Buna ən əsas səbəb kimi isə, Almaniya və Fransanın, son zamanlar isə, həm də Niderland və İtaliyanın İttifaqın genişlənməsi məsələsinə müsbət yanaşmamasıdır.

2017-ci ildə baş tutan Brüssel sammitinin yekunlarında qəbul edilən “2020-ci ilə qədər 20 tapşırıq” proqramı artıq arxada qalmaqdadır. Yay aylarında keçirilməsi nəzərdə tutulan ŞT-nın yeni sammitindən sonra növbəti proqramın qəbul edilməsi gözlənilir. Təbii ki, Aİ-nin əsas istəyi bu 6 ölkədə islahatların davam etdirilməsidir.

Bu dəfə xüsusi diqqət ediləcək məsələlər sırasında, qanunun aliliyi, insan hüquqlarının qorunması, müstəqil məhkəmələr, korrupsiyaya qarşı effektiv mübarizə kimi istiqamətlər var.

Yekun qərarın 18-ci bəndində Aİ-yə viza rejimi əsasında səfər edən ŞT ölkələri ilə İttifaq arasında viza liberallaşdırılması danışıqlarının açılması imkanının baxılması ilə bağlı müddəalar yer alır. Bildirilir ki, yaxşı idarəolunan və təhlükəsiz mobillik şərtləri təmin edildikdə və mövcud viza sadələşdirilməsi və readmissiya sazişləri qənaətbəxş səviyyədə icra olunduqda viza liberallaşdırılması sazişləri üzrə dialoqun başlanması məsələsi nəzərdən keçirilə bilər.

Azərbaycan üçün xüsusi əhəmiyyət faktiki olaraq münaqişələrin nizamlanması məsələsinə dair Qərardakı bəndlər daşıyır. Belə ki, Aİ Şurası ŞT məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında (shared commitment) “Helsinki Yekun Aktının və ATƏT-in Paris Nizamnaməsinin prinsiplərində də qeyd olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatına dair” Aİ-nin ortaq öhdəliklərini təsbit edir.

Göründüyü kimi, Aİ Şurası yekun qərarının bu bəndində Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan prinsipləri yenidən vurğulayır. Maraqlıdır ki, bundan öncəki sənədlərindən fərqli olaraq, Aİ Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ortaq öhdəlik” kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyələr”lə bir siyahıda qeyd edir.

Yekun qərarın 17-ci bəndində hərbi münaqişələr məsələsinə yenidən toxunulur, iqtisadi və sosial inkişaf, əməkdaşlıq üçün hərbi münaqişələrin həllinin, etimadın yaradılmasının və yaxşı qonşuluq əlaqələrinin əhəmiyyəti vurğulanır. Həmin bənddə Şura ŞT regionunun bəzi ölkələrində beynəlxalq hüquq pozuntularının davam etməsindən dərin narahatlığını ifadə edərək, münaqişələrin qarşısının alınması, etimadın yaradılması və razılaşdırılmış danışıqlar formatları və prosesləri çərçivəsində münaqişələrin danışıqlar vasitəsilə sülh yolu ilə həllini dəstəklədiyini bəyan edir.

Yekun sənəddə Aİ Şurasının sözügedən çağırışı həmin institutun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud Minsk Qrupu danışıqlar formatına əvvəlki dəstəyini ifadə edir və separatçıların danışıqlar prosesinə daxil olması ilə bağlı Ermənistan siyasətinin növbəti uğursuzluğunu əks etdirir.

Eyni zamanda, Qərarda yuxarıda qeyd edildiyi kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ortaq öhdəlik” kimi qiymətləndirilməsi ŞT ölkələrindəki münaqişələrə, o cümlədən Qarabağ münaqişəsinə baxış bucağında xalqların öz müqəddəratını təyin etməsi (hərçənd, onsuz da, BMT-nin bu prinsipinin ermənilərin sərsəm bəhanələri ilə heç bir əlaqəsi yoxdur) və sair kimi separatçı şüarların darmadağın edilməsi deməkdir. Bu sənəd növbəti dəfə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığını, mərkəzi hakimiyyətin suveren və konstitusion hüquqlarının aliliyini sübut etmiş olur.

Azərbaycan üçün digər önəm daşıyan məsələ, Sənədin V bəndinə aiddir. Burada göstərilir ki, “Şura yeni çərçivə Sazişi ilə bağlı Aİ və Azərbaycan arasında davam edən danışıqların proqressini alqışlayır”. Bu, rəsmi Bakının bu illər ərzində apardığı düzgün siyasətin qələbəsi kimi dəyərləndirilməlidir. Tərəflər arasında 2017-ci ildən davam edən danışıqlar prosesində, Bakı ŞT ölkələrinin hamısından fərqli olaraq, Avropa İttifaqı ilə imzalayacağı sənəddə bərabərhüquqlu və qarşılıqlı maraqların razılaşdırılmasına israr edirdi. Məhz buna görə də, rəsmi Bakı “Şərq Tərəfdaşlığı” Proqramının bəzi ölkələri kimi “ağ-qara”, “biz-onlar” və ya “bizimlə olmayan bizə qarşıdır” tipli prinsiplərdən çıxış edərək, absurd addımlar atmadı və atmaq fikrində deyil. Çünki Azərbaycan geosiyasətinin əsas prinsipi hərtərəfli faydalı əməkdaşlıq və bu əməkdaşlığını üçüncü tərəfə qarşı istifadə olunmamasıdır. Bundan başqa, Azərbaycan dövləti bir neçə ildir ki, imzalanacaq gələcək müqavilədəki iqtisadi məsələlərdə də “böyük-kiçik” yanaşmasının deyil, hər iki tərəfin iqtisadi maraqlarını təmin edəcək nüansların sənədə daxil etməsində qərarlıdır.

Azərbaycanın maraqlarına cavab verən digər önəmli məqam yekun qərarın 12-ci bəndində Şura tərəfindən nəqliyyat, enerji və rəqəmsal texnologiyalar baxımından, keyfiyyətli infrastrukturun təşviq edilməsi daxil olmaqla qayda-qanuna əsaslanan, açıq və etibarlı bağlantıların dəstəklənməsinin həm Aİ, həm də ŞT ölkələrinin iqtisadi inkişafı, regional inteqrasiya, ticarət və mobillik üçün əsas elementlərdən bir olmasının vurğulanmasından ibarətdir.

Qeyd olunan ifadə Aİ Şurası tərəfindən İttifaqın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində prioritet layihələrinin, o cümlədən Aİ-nin prioritet dəhlizlərlə bağlı 2020/389 saylı 11 mart 2020-ci il tarixli Qaydalarında müəyyən olunduğu kimi, Cənub Qaz Dəhlizinin, həmçinin Azərbaycan Respublikasının dünyanın bir sıra istiqamətləri üzrə beynəlxalq bağlantıların, loqistik-nəqliyyat-tranzit şəbəkəsinin fəaliyyətinin təmin edilməsi baxımından oynadığı vacib rolun dəstəklənməsi kontekstində nəzərə alınmalıdır.

Beləliklə, Aİ tərəfindən qəbul edilən yeni Qərar bir daha Azərbaycan Prezidentinin nə qədər uzaqgörən diplomat olmasını təsdiqləmiş oldu.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi

Bakı Politoloqlar Klubunun sədri

ONA

Teqlər:

SON XƏBƏRLƏR