Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
  • HADİSƏ

  • 17:18 24 Oktyabr 2020

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib

Azərbaycan Respublikası Baş Prokurorluğu sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib.

ONA xəbər verir ki, Baş Prokurorluğun açıqladığı müraciətində deyilir:

"2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. 

Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır: "Lakin bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur. 

Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır. 

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR