"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində BP şirkətinin əməkdaşı olmuş Emin Sadiq ifadə verib. O, neft məhsullarının satışı ilə məşğul olduqlarını deyib. Şahid sonradan şirkətdən ayrıldığını və Beynəlxalq Bankın Moskva filialında işlədiyini deyib: "Yaxın dostum Beynəlxalq Bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə tanış etdi. Sonra bankla birgə çalışdıq, kredit ayrıldı. 2011-ci ilin sonlarında bizə Qazaxıstandakı dostlarımız neftin ixracı ilə bağlı təklif gəldi. Biz də Beynəlxalq Bankla danışıqlara başladıq. Təklif gəldi ki, şirkətin səhiminin 60 faizi bankın olacaq. Səhmlər banka yaxın adam olan Həsən Hətəmovun adına rəsmləşdi. Şirkətin 12.5 faizi Qazaxıstan vətəndaşı, mənim qayınatamın adına, 15 faizi mənim adıma, digər faiz isə Qazaxıstan vətəndaşının adına idi. Bu layihəyə görə bankdan 27 milyon 500 dollar pul ayrılıb, Qazaxıstan dövlətinin xəzinəsinə köçürüldü. Ümumilikdə neft layihəsi üçün bankdan şirkətə 62 milyon dollar pul ayrılıb. Həmin pulla Qazaxıstanda ərazi alıb, neft yatağı eləmişik. Bir neçə neft quyusu qazdıq. 2014-cü ildə Fuad Abdullayev görüş zamanı bildirdi ki, bankda problem yaranıb. Bizi maliyyələşdirə bilməyəcəklərini söylədi. Sonra biz dünya bazarında maliyyə axtarmağa başladıq. Bizə məlum oldu ki, şirkətimiz dünya bazarında 4 fiziki şəxs olan səhmdarla maliyyə tapa bilməyəcəyik. Sonra biz həmin səhmdarlarla başqa adla şirkət qurduq, rəsmiləşməyə bir il vaxt getdi. Bank artıq bizim şirkəti maliyyələşdirə bilmədi. Lakin bizə bank veksellərlə 2 milyon dollar pul verdi. Bir qədər keçəndə Beynəlxalq Bankda problem yarandı, Xəzər dənizinin ləpələri neft yatağımızı su altında qoydu. Mən bir neçə şirkətlə danışığa başladım, istəmirdim ki, şirkəti itirəm. Sonra Moskva şəhərinə gedən zaman orada həbs olunmuşam, Bakıya göndərilmişəm. Lakin məni Bakıda azadlığa buraxdılar".
Məhkəmədə elan olunub ki, bu iş üzrə E.Sadiq barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb.
Proses mayın 20-də davam etdiriləcək.
Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb. İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.