• İDMAN

    12:43 5 mart 2019

Aleksey Boqdanoviç: “II Avropa Oyunlarının Təşkilat Komitəsi Azərbaycanın təcrübəsini hərtərəfli öyrənib” - MÜSAHİBƏ

Belarusun paytaxtı Minsk iyunun 21-30-da II Avropa Oyunlarına ev sahibliyi edəcək. Təməli 4 il öncə Bakıda qoyulan multiidman yarışında 15 növ üzrə 50 ölkədən 4000 idmançı qüvvəsini sınayacaq. İlk Oyunlarda tam heyətlə çıxış edən Azərbaycan yığması Belarusa 80-dək idmançı ilə yollanmağı planlaşdırır. “II Avropa Oyunları-2019-un Direktorluğu Fondu”nun kommunikasiyalar, ictimaiyyət və KİV-lə əlaqələr idarəsinin rəisi Aleksey Boqdanoviç son hazırlıqlar, Bakı təcrübəsindən faydalanmaq və digər məsələlərlə bağlı ONA-ya müsahibə verib.

- II Avropa Oyunlarının startına təxminən 4 aydan az vaxt qalıb. Hazırlıq prosesi necə gedir?

- Həqiqətən, Oyunlara hazırlıq finiş xəttindədir. İşlər bütün istiqamətlərdə Avropa Olimpiya Komitəsinin nəzarəti altında planlı şəkildə gedir. AOK ekspertləri və müxtəlif beynəlxalq, həmçinin Avropa federasiyalarının texniki nümayəndələri mütəmadi olaraq Minskə gəlirlər. İndi diqqət yetirməli məqam odur ki, yarışların keçiriləcəyi bütün idman qurğuları artıq istifadəyə verilib. Buradakı əməliyyat planı hazırlanıb. Dəqiq danışsaq, 2018-ci ilin sonunda marşal Semyon Timoşenko adına İdman Atıcılıq Kompleksinin yenidənqurması başa çatıb. 2019-cu ilin yanvarında isə burada rəsmi yarış keçirilib. Oyunların əsas arenası – “Dinamo” Milli Olimpiya Stadionu miqyaslı yenidənqurmadan sonra multiidman forumundan 1 il öncə - 2018-ci il iyunun 21-də açılıb. Qeyd edim ki, bu işlərə II Avropa Oyunlarının Minskdə keçirilməsi ilə bağlı qərar verilməzdən əvvəl başlanılıb. Ümumilikdə, yarışlar 12 idman obyektində keçiriləcək. Yuxarıda demədiklərimdə kosmetik təmirlər gedib. Bir müddətdən sonra obyektlərin Oyunların rəmzi ilə brendləşməsinə başlanılacaq. Müvəqqəti infrastrukturun yaranması ilə bağlı böyük iş görməliyik. Öncədən idman obyektlərinin istifadə imkanlarının təhlili aparılıb ki, bu məqsədlə əlavə xərclərdən qaçmaq mümkün olsun. Oyunlara hazırlıq dövründə badminton, basketbolun 3X3 növü, boks, yunan-Roma, sərbəst və qadın güləşi, kanoe və kayaklarda avarçəkmə, cüdo, karate, atletika, stolüstü tennis, çimərlik futbolu və sambo üzrə bir sıra test yarışları təşkil edilib. Forumun proqramına daxil olan bütün idman növləri üzrə belə yarışlar keçiriləcək. Hətta bəzilərdə bunu 2 dəfə edəcəyik. Bu tədbirlərdə Oyunlar zamanı istifadə olunacaq bütün sistemlər sınaqdan çıxarılacaq. “II Avropa Oyunlarının Direktorluğu” qitədə qarşıdakı yayın əsas idman yarışının irəliləyişi üçün informasiya və PR layihələrdən istifadə edir.

- İlk Oyunlar Bakıda keçirilib. Hazırlıq dövründə Azərbaycan nümayəndələri ilə məsləhətlər üçün əlaqələr qurmusuzmu?

- Əlbəttə, II Avropa Oyunlarının Təşkilat Komitəsi Azərbaycanın tarixində ilk belə yarışın təşkilindəki təcrübəsini hərtərəfli öyrənib. İkitərəfli əlaqələr daim saxlanılıb. Buna görə də təəccüblü deyil ki, Minsk Oyunlarının Təşkilat Komitəsində ölkənizin təmsilçiləri də işləyir və Bakıda qazandıqları təcrübəni Belarusda da tətbiq edirlər. Məsələn, 2017-ci ilin sentyabrında Təşkilat Komitəsində ilk yer alanlardan biri əməliyyat planlaşdırması və müvəqqəti infrastruktur üzrə məsləhətçisi Samir Məmmədov olub. Sonradan komandaya AOK və Avropa milli olimpiya komitələri ilə əlaqələrin idarəsi üzrə məsləhətçisi Sevda Cahangirova, Atletlər Kəndi üzrə məsləhətçilər Andrey Polovinkinlə Nərminə Əliyeva, qəbul, yerləşdirmə və yolasalmanın təşkili idarəsinin aparıcı mütəxəssisi Elmir Əliyev, Cavid Əliyev, kəndə məskunlaşacaq şəxslərə xidmət mərkəzinin aparıcı mütəxəssisi Nihat Nəsibli də qoşulub. Bütün mütəxəssislər öz işlərinin peşəkarlarıdırlar. Onlar öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşırlar.

- Mümkündürmü ki, yarışların startı zamanı bu azərbaycanlıların sayı artsın?

- Direktorluğun ştatı böyüyür. İşə müxtəlif funksional istiqamətlərdə mütəxəssislər qəbul olunur. Biz Azərbaycandan ən azı iştirakçıları, rəsmi nümayəndə heyətini və azarkeşləri gözləyirik. Evdəki Oyunlarda medal sıralamasında ikinci olan yığmanızın uğurlu çıxışını nəzərə alsaq, idmançılarınız şübhəsiz ki, uğuru davam etdirəcəklər.

- Amma nəzərə alaq ki, Azərbaycan Bakı-2015-də ev sahibi kimi bütün idman növlərində təmsil olunmuşdu. Bəs Minskdə ilk Oyunlarda uğurlu çıxış edən millimiz üçün hansısa güzəştlər nəzərdə tutulubmu?

- II Avropa Oyunlarının təsnifat sisteminə görə yarışda iştirak üçün bir sıra tələblər yerinə yetirilməlidir. Bəzi idman növlərində seçmə turnirlərin nəticələri əsas götürülürsə, digərlərində əsas meyar kimi müəyyən tarixdə beynəlxalq reytinqdə olan mövqelərə üstünlük verilir. Yarışın təşkilatçısı kimi Belarus bütün idman növlərində təmsil oluna bilər. Amma mən bunu tam güzəşt hesab etməzdim. Çünki ölkə üçün ayrılan yerlər o qədər çox deyil. Əksər Belarus idmançıları yarışlara digər ölkələrin atletləri kimi ümumi əsaslarla seçilib. Bu, böyük multiidman yarışlarının qəbul olunmuş təcrübəsidir.

- Bakıdakı Oyunların açılış və bağlanış mərasimi Olimpiya Oyunlarından fərqlənmirdi. Minskdə bizi nə gözləyir?

- Minsk-2019-un açılış və bağlanış mərasimləri Belarusun tarixində ən böyük miqyaslı və böyük şou olacaq. Məsələn, açılış mərasiminin əsas siması dünya səviyyəli ulduz olacaq ki, onun adı açıqlanmır. Burada yeni texnologiyalardan, müxtəlif işıq effektlərindən istifadə ediləcək. Biletlərin sahibləri yaşananların tam iştirakçısı olacaq. Onlar tamaşanın televiziyaya düşməyəcək bütün əlavə elementlərini görəcəklər. Yeri gəlmişkən, açılış və bağlanış mərasimlərinə biletlər azarkeşlər arasında çox populyardır.

- Olimpiya Oyunlarında ilk yarışın təşkilatçısı Yunanıstan idmançıların paradında daim birinci gəlir. Avropa Oyunlarında da belə bir ənənənin olması mümkündürmü?

- Minskdəki Oyunlarda Bakıdakı kimi Ellada təmsilçiləri yenə birinci olacaq. Burda təşkilatçılar Olimpiya ənənəsini dəyişməməyə qərar verib. Sonra isə digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxacaqlar. Mərasimi ev sahibi Belarus komandası bitirəcək.

- Olimpiya Oyunlarında məşəl də Yunanıstanda alovlandırılır. İlk Avropa Oyunlarında isə alov Bakıda Atəşgah məbədindən götürüldü. Bəs Minskdə necə olacaq? Məşəl marşrutuna haradan başlayacaqsız?

- Məşəl mayın 3-də Avropa Olimpiya Komitəsinin Romadakı mənzil-qərargahından yandırılacaq. Təntənəli mərasimdə yarışın rəmzi zeytun ağacı təqdim olunacaq. Həmçinin, II Avropa Oyunlarının məşəli - “Sülh alovu” yandırılacaq. Mərasimin keçirilmə yeri “Ara Pakis Muzey Kompleksi” olacaq. Həmin məkanda 2 min ildən çox tarixə malik arxitektura abidəsi - “Sülh arkası” yerləşir. Belarus alpinistləri məşəli Avropanın ən yüksək nöqtəsi Monblan dağına qaldıracaq. Bu təxminən mayın 5-7-də olacaq. Məşəl mayın 12-dən Belarus səyahətinə çıxacaq və bütün vilayətləri – Brest, Qrodno, Vitebsk, Mogilyov, Qomel və Minski gəzəcək. Məşəlin səyahəti paytaxtda “Dinamo” stadionun məşəl yerində yandırılmaqla, iyunun 21-də yekunlaşacaq. Yeri gəlmişkən, məşəl estafetinin Bakıdakı Avropa Oyunlarında qoyulan ənənəsi saxlanılıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR