Ölkəmizin müstəqillik illərində Olimpiya idman növləri üzrə ilk dünya çempionu Niyaməddin Paşayev ONA-ya müsahibə verib. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti kimi çalışan veteran taekvondoçu bu idman növünün hazırkı durumunu qiymətləndirib, karyerasının maraqlı məqamlarını açıqlayıb.
“Onlardan biri qızıl medal alarsa, Tokio-2020-yə lisenziyanı həll edəcək”
- Qarşıda taekvondoçularımızı ilin ilk mötəbər yarışı – dünya çempionatı gözləyir. Hazırlıqlar necə gedir?
- Mayın 15-19-da Böyük Britaniyanın Mançester şəhərində komandamızı ciddi sınaq gözləyir. Yığmamız ilin, eyni zamanda mundialın hazırlıqlarına yanvarın 5-dən başlayıb. Ardıcıl olaraq, 3 beynəlxalq turnirdə iştirak etmişik. Məqsəd dünya çempionatında da özümüzü yaxşı tərəfdən göstərməkdir. Təlim-məşq toplanışımız bu gün də davam edir. Yarışa az bir vaxt qalıb. Aprelin 13-14-də Ukraynada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Mançesterə isə mayın 11-də yollanmağı planlaşdırırıq.
- Komandamız bir müddət öncə Türkiyə, Hollandiya və Belçikada beynəlxalq turnirlərdə çıxış etdi. Artıq bu yarışların yekununa əsasən Mançesterdə keçiriləcək yarış üçün heyətin formalaşdığını söyləmək olarmı?
- Belə deyək, artıq özümüz üçün müəyyənləşdirmişik. Belçikadakı turnirdən öncə 54, 58 və 74 kq çəki dərəcələri ilə bağlı tərəddüdlər vardı. Lakin həmin yarışda özümüz üçün lazımı nəticələr çıxardıq. Dünya çempionatında 8 kişi, 2 qadın taekvondoçu ilə təmsil olunmağı planlaşdırırıq. Ukraynada keçiriləcək yarışdan sonra son məşqləri paytaxtda keçəcəyik.
- Növbəti Olimpiadaya təxminən 1 ildən bir qədər artıq vaxt qalır. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından bu günə kimi olan müddəti götürsək, hansı idmançımızın formasını yüksəltdiyini və hansının nisbətən zəiflədiyini demək olar?
- Digər idman növləri kimi, taekvondoda da Olimpiya lisenziyasını xal sistemi ilə ediblər. Komandamız reytinq xarakterli yarışlarda uğurlu çıxış sayəsində xallarını artırırlar. Amma Mançesterdəki dünya çempionatı bu baxımdan çox əhəmiyyətlidir. Qalibin aktivinə 120 xal əlavə edəcəyi yarış yığmamız üçün də vacibdir və bir çox məsələyə aydınlıq gətirəcək. Olimpiya çempionumuz Radik İsayevlə Rio-2016-nın mükafatçısı Milad Harçeqani dünya reytinqində öz çəki dərəcələrində ikinci yerdədir. Onlardan hansısa mundialda qızıl medal alarsa, Tokio-2020-yə lisenziyanı demək olar ki, həll edəcək. Qran-pri və digər yarışlarda xal yığmağa ehtiyac qalmayacaq. Amma Fəridə Əzizova və Patimat Abakarovanın reytinq cədvəlində geriləyiblər. Onlar dünya çempionatında bütün güclərini qoymalıdırlar ki, xal hesabını artırsınlar və Olimpiadada iştirak üçün “altılığ”a iddia etsinlər. Ayxan Tağızadə və Məhəmməd Məmmədovun da Yaponiyaya yollanmaq şansları var. Çünki mundaldan sonra bizi 5 Qran-pri turniri gözləyir. Yarışa reytinqdə “32-lik”də yer alanlar dəvət edilir. Xanım idmançılarla yanaşı, bu taekvondoçular da lisenziya arzularını reallaşdıra bilərlər.
- Dünya çempionatı ilə proqnozlarınız maraqlıdır. Son 2 mundailda Azərbaycan millisinin qızıl medal qazandığını nəzərə alsaq, ənənənin davam edəcəyini gözləmək olarmı?
- Ad çəkməz istəmirəm. Proqnoz vermək düz deyil. Çünki həmin gün hansısa idmançı hazır olmaya, özünü yaxşı hiss etməyə bilər. Düşünürəm ki, çempion olmaq gücündə bir neçə idmançımız var. Əgər şanssızlıq olmazsa, onlar istəklərinə çatacaqlar. Bu dəfə də vətənə qızıl medalla dönəcəyimizə inanıram.
“Dünya çempionu olduqdan sonra yadımdan çıxmayan bir hadisə var”
- Söhbətimizə dünya çempionatı ilə başlamağımız əsas yerə deyil. Çünki müstəqillik illərində Olimpiya növləri üzrə mundialda ilk çempionumuz məhz sizsiz. 18 il öncəyə qayıtsaq, həmin vaxtı necə xatırlayırsız?
- Dünya çempionu olduğum anı sözlə ifadə etmək çətindir. Həmin anı yaşamaq lazımdır. Həqiqətən böyük sevinc hissi keçirirdim. Amma illər ötdükcə Azərbaycan idmanın inkişafı daha yüksək sürət aldı. Ölkəmizdə bu gün çox sayda dünya çempionları var. Bəli, mən həmin illərdə gənc idim. Cəmi 20 yaşım vardı. Bu yaşda dünya çempionu olmaq insanı fərəhləndirir. Həmin vaxtdan indiyədək yadımdan çıxmayan bir hadisə var. Hər bir yarışda olduğu kimi, çempionluğumdan sonra zalda himnimizi səsləndirdilər. Həm Radik İsayev, həm də Milad Harçeqani mundailda qızıl medal aldığı zaman arenada himn səsləndikdə həmin səhnə gözümün qarşısına gəldi, canlandı. Azərbaycanlı olaraq bununla fəxr edirəm.
- Sizin uğur qazandığınız illər əsasən 2000-2004-cü illəri əhatə edir. Təbii ki, müəyyən müddət məşq etdikdən sonra özünüzü sübut etməyə başlamısız. O dövrlər isə Azərbaycanda taekvondo populyar olmayıb. Nəyə görə ənənəvi idman növlərimizi deyil, ölkəmizə yeni “ayaq açan” taekvondonu seçdiniz?
- Bu, atamın hansısa idman növü ilə məşğul olmağımı istəməsindən irəli gəlir. Həmin vaxt 13 yaşım vardı. Qubadlıdan qaçqın düşdükdən sonra Sumqayıtda məskunlaşmışdıq. Atam hərbçi idi, ayda, yaxud iki aydan bir evə gəlirdi. Mən də evin tək oğlu idim. Rayondan gəlib, şəhərə düşmüşdüm. Atam hər evə gəldikdə deyirdi ki, səni hansısa idman növünə yazdıracam. Bu, 1994-cü ilin mayında reallaşdı. Atamın yığmamızın sabiq baş məşqçisi Ələkbər İmaməliyevlə şəxsi tanışlığı vardı. Bir gün gəlib dedi ki, onunla görüşüb, məşq saatlarını götürmüşəm. Açığı, ora gedənədək taekvondonun nə olduğunu bilmirdim. Təxminən 6 ay məşq etdikdən sonra bu idman növünü sevməyə başladım. Xüsusi həvəs yarandı və ardınca da uğurlar qazandım.
“Qubadlının Muğanlı kəndinə gözübağlı düşsəm, hər yerini tanıyaram”
- Əslən Qubadlıdansız. Hazırda erməni işğalı altında olan bu şəhəri necə xatırlayırsız?
- Yaşadığımız Muğanlı kəndini tam xatırlayıram. Atam avtobus sürücüsü olub. Onunla birgə Şuşaya, Laçına, Kəlbəcərə çox getmişəm. Oralar tam yadımda qalıb deməzdim, amma 50 faiz gözümün qarşısındadır. Kəlbəcərdəki İstisuyu, Şuşadakı Cıdır düzünü də xatırlayıram. Bu gün də fikirləşirəm ki, kəndimizə gözübağlı düşsəm, qarış-qarış hər yerini tanıyaram.
- Karyeranıza nəzər saldıqda, 21 beynəlxalq yarışda çıxış etmisiz. Ümumilikdə isə 59 görüşdən 45-də qələbə qazanmısız ki, bu da 76,3 faizlik qalibiyyət əmsalıdır. Bu döyüşlərdən hansını fərqləndirə bilərsiz?
- Biz hər bir döyüşdə qalib gəlmək üçün maksimum məşq edirdik. 2004-cü ildə Afina Olimpiadasına lisenziya qazandıqdan sonra Oyunlara getməyə hazırlaşırdıq. Lakin həmin vaxt yarışa 10 gün qalmış əlimdən zədələndim və barmağım sındı. Sonradan da ikiqat əyilmiş şəkildə bitdi. Bu, Oyunlarda nəticə verməyimin qarşısını kəsdi. Olimpiadaya gedən yolda aldığım zədə heç vaxt yadımdan çıxmır. Yunanıstandan döndükdən sonra məşqləri davam etdirdim. Ardınca ayağımda iç bağda qopma baş verdi. Karyerama məcburən 6 ay fasilə verdim. Türkiyədə əməliyyat olundum. 2005-ci ildə Avropa çempionatına getdikdə yeni-yeni fiziki məşqlərə başlamışdım. Əməliyyatdan təxminən 3 ay keçmişdi. Birinciliyə 68 kq çəki dərəcəsində yığmanın 2 nömrəsi Fuad Nuriyev yollanmalı idi. Amma yarışa az bir müddət qalmış o da zədələndi və qərar verildi ki, çempionata qatıla bilməyəcək. Bu çəkidə yığmamızı heç kimin təmsil etməyəcəyi söylənilirdi. Həmin çəki dərəcəsində də mən 1 il öncə Avropa çempionu titulunu qazanmışdım. Məşqçilər təklifi etdilər ki, yarışa sən yollan, harda zədən səni narahat edərsə, orda da mübarizəni dayandırarsan. Cəmi 3 həftəlik təlim-məşq toplanışında olduqdan sonra yarışa yollandım. Çəkimi 75 kq-dan çətinliklə 68-ə saldım. Formada olmadığımı da bilirdim. Amma Olimpiadada uduzmağım məndə qisas hissi yaratmışdı. Çempionatda da 5 döyüşə çıxdım və hamısını da çox rahatlıqla qazandım. Hər dəfə idman karyerama nəzər saldıqda, bu uğurum gözümün qarşısına gəlir. Aylarla hazırlaşdığım yarışda deyil, burda qalib gəlməyimi də həmin revanşla əlaqələndirirəm.
- Rəqiblərinizdən kim sizin üçün arzuolunmaz hesab edilirdi?
- Hansısa rəqib güclüdür, ona qalib gələ bilmərəm düşüncəsi həmişə mənə yad olub. Dünya çempionu tituluna yiyələndikdən sonra növbəti mundialda bürünc medal qazandım. Bu gün də söhbət düşəndə deyirəm ki, 2001-ci ildə dünya çempionu oldum, amma 2 il sonra məni də məğlub etdilər. Yəni uduzmayan idmançı yoxdur. Sadəcə ona qalib gəlmək üçün üzərində işləməli, bacardığını etməlisən. Rəşad Əhmədov, Fəqan Umudov, Zahid Məmmədov, Elnur Amanov və Təvəkkül Bayramovla eyni dövrdə döyüşmüşük. Həmin zaman hamımız sonadək mübarizə aparırdıq ki, rəqibi məğlub edək. Əgər uduzsaydıq, ən azından sonra oturub düşünürdük, səbəblərini axtarırdıq.
“Avropa çempionatından sonra düşüncələrim tamam dəyişdi”
- 1998-ci il sizə nəyi xatırladır?
- Böyük idmanda ilk addımlarımı məhz həmin vaxt atmışam. Gənc kimi böyüklər arasında Avropa çempionatında iştirak etmişəm. Düzdür, Azərbaycan çempionatında böyüklərin yarışına qatılmamışdım. Qitə çempionatı üçün seçimin qalibi olaraq bu yarışa yollanmışdım. İlk dəfə belə böyük turnirə qatılırdım. Həmin Avropa çempionatından sonra düşüncələrim belə tamam dəyişdi. Yarışda liderlərin döyüşlərinə baxaraq qarşıma məqsəd qoydum ki, qalib olmaq üçün bunlar kimi məşq etmək, hazırlaşmaq lazımdır. Halbuki onda ilk döyüşdə yerli idmançıya məğlub oldum.
- Dayanqda bir dəfə “sürpriz”lə qarşılaşdığınızı bilirik. Həmin hadisə ən yaddaqalanıdırmı?
- Bəli, bir dəfə yuxudan səhvən qaldırıb, başqa rəqib yerinə məni dayanqa gətiriblər. Halbuki mənim döyüşüm olmadığını bilirdim. Sonra səhv etdikləri məlum oldu. 2004-cü ildə başıma gələn hadisə ilə bağlı isə dostlarım hələ də zarafat edirlər. Bakıda Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri keçirilirdi. Mən də lisenziyanı həmin yarışda qazandım. 1/4 finalda ayağım zədələnmişdi. Hətta məşqçilər görüşü dayandırmaq da istəyirdilər. Lakin mən də medal da əldə etmək istəyirdim. Məsləhətləşdikdən sonra ispaniyalı Avropa çempionu ilə yarımfinal görüşünə çıxdım. 5:3 hesabı ilə öndə olarkən yaddaşlardan silinməyəcək hadisə yaşandı. Döyüşün başa çatmasına 40 saniyə qalmış təxminən 100 kq olan orta hakim komanda verdi ki, davam edin. Mən də onun arxasına keçdim və 10 saniyəyə kimi vaxt qazandım. Bu, zalda da böyük gülüşə səbəb oldu. Yekunda 8:3 hesabı ilə qalib gəldim. Hələ də idmançı yoldaşlarımız deyir ki, hakimin arxasında gizlənib, qalib gəldin.
- Dünya və Avropa çempionu titullarınız var. Mundialın ən güclüsü olduqdan sonra qitə birinciliyində özünüzü təsdiqlədiyinizi demək olarmı?
- Dünya çempionatından sonra 2002-ci ildə Avropa çempionatında iştirak etməli deyildim. Burnumdan zədə almışdım, nəfəs almağımda çətinlik yaranmışdı. Amma yarışda iştirak etdim və məğlub oldum. Bu istəyimi sonradan reallaşdırdım. Dünya çempionunun ardınca Avropa “qızıl”ına yiyələndim. Həmişə istəyirdim ki, Yay Olimpiya Oyunlarında da medalım olsun. Bu düşüncə ilə də məşqlərimi davam etdirirdim. Hələ Avropa çempionatına getdikdə deyirdim ki, vaxt, ömür gedir, medallar qazanmaq lazımdır. Çünki kolleksiyamda qitə birinciliyinin də mükafatı olsun. Bu da oldu. Dünya üçüncüsü adını qazandıqdan sonra Avropa çempionu özümə də əlavə ruh yüksəkliyi verdi. Çox təəssüf ki, zədələr uğursuzluğumla nəticələndi. Bu da bir qismətdir. Dünya çempionatları və kubokları, Avropa birincilikləri kimi mötəbər yarışlarda 10 medalla hər şeyi bitirdim.
“Zəif rəqibə məğlub olmaqdansa, idmandan hörmətli getmək yaxşıdır”
- Onda kolleksiyanıza Olimpiya Oyunlarının medalını əlavə etməyə məhz zədələr səbəb olub?
- Dediyim kimi, Afina Olimpiadasına əlimdə zədə ilə yollandım. Gipsi orda açdıq. Zədə səbəbindən uduzdum. Sonra ayağımdakı ağrılar baş qaldırdı. 3 dəfə əməliyyat olundum. Pekin-2008-ə lisenziya yarışına isə çox çətinliklərlə hazırlaşdım.
- 2008-ci ildə Pekin Olimpiadasına lisenziya xarakterli turnirlərdə lazımı nəticəni qazana bilmədiz. Hesab etmirsiz ki, həmin yarışdan sonra karyeranızı bitirməyiniz səs-küysüz oldu? Həqiqətən də artıq dayanqa vida etməyin vaxtı idi?
- Düzü, lisenziya qazana bilmədikdən sonra çox fikirləşdim. Düşündüm ki, London-2012-ə qədər hazırlığımı davam etdirim. Yekunda karyeramı bitirməyə, amma idmandan getməməyə qərar verdim. Sadəcə, Olimpiya Oyunlarında medal qazanmaq qismət olmadı. İdman sahəsində işləməklə bu uğuru əldə etməyi qarşıma məqsəd qoydum. 2016-cı ildə Rioda inamlı çıxış etdik və Olimpiadada 1 qızıl, 2 bürünc medala sahib olduq. Bu, həm federasiyamız, həm də ölkəmiz üçün böyük uğur idi. Çünki əvvəlki 3 Oyunlarda mükafat qazana bilməmişdik. Biz yenidən medallar qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, taekvondoçularımız 2020-ci ildə Tokioda keçiriləcək Oyunlarda da uğurla çıxış edəcəklər. Karyeramı səssiz bitirməyimə gəlincə, bunu ancaq zədələrlə bağlayardım. Amma bu gün yenə şükür edirəm ki, bir sıra idmançılar məndən də çox məşq edirlər, əziyyət çəkirlər, amma dünya çempionatında heç medal əldə edə bilməyiblər. Bəli, bu gün hər hansısa bir şey candan əziz deyil. Bunu nəzərə alıb, düşündüm ki, sakitcə dayanqdan ayrılım. İllər sonra fikirləşirsən ki, bəlkə 4 il də məşq edərdim. Amma həmin vaxt aldığım zədələr və ardıcıl əməliyyatlar... Düşüncəm belədir ki, o cür titullar qazanmışam, zədəli gedib hansısa zəif rəqibə məğlub olmaqdansa, adlı-sanlı, hörmətli getmək hamısından yaxşıdır.
- Uğur qazandığınız illərdə sizə başqa ölkələrdən təklif olmuşdu?
- Həmin illərdə yeni-yeni uğurlar qazanmağa başlayırdıq və mənə elə bir təklif olmayıb. Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkə idmanı da intibah dövrünə qədəm qoymuşdu. Bir misal çəkim. Sumqayıtda “Kaspi” İdman Mərkəzi var. Biz illərlə orda məşq edib, hazırlaşmışıq. Dünən oradan keçərkən dayandım, avtomobildən düşüb, 10 dəqiqə seyr etdim, gedib şəraitinə də baxdım. Bir anlıq fikirləşdim ki, biz bu yollardan keçib bu günə çatmışıq. Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı cənab İlham Əliyev idmana xüsusi qayğı göstərir. Bu qayğının hiss edənlərdən biri həmişə mən olmuşam. Dünya çempionu olan kimi mənzillə təmin edilmişəm. Həmçinin idmançılarımızın fəxri ad, mənzil, təqaüd alması Azərbaycanın idman ölkəsi olmasının bariz nümunəsidir. Mən də öz adımdan, takevondo ailəsi adından ölkə rəhbərinə, gənclər və idman nazirinə, federasiyamızın prezidentinə dərin minnətdarlığımı bildirirəm. Hər birimiz diqqət və qayğıdan geri qalmırıq.
“Rəşad Əhmədovla qohum olmağıma baxmayaraq, işdə güzəşt yoxdur”
- 2012-ci ildən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərirsiz. Sizcə digər postda daha faydalı olmaq mümkün deyildimi?
- Məşqçilər korpusunda mən də yer ala bilərdim. Amma bu gün yenə komandanın əziyyətlərini çəkənlərdən biriyəm. Onların yarış zamanı məskunlaşmasını, qidalanmasını, vitaminlə təmin olunmasını və digər məsələləri mən həll edirəm. Demək olar ki, milli komanda ilə bir yerdəyəm. Əgər bu postda çalışmasaydım, işləyəcəyim yer yığma olardı.
- Karyeranızı bitirdikdən sonra milli komandada köməkçi məşqçi vəzifəsində çalışmısız. Gələcəkdə sizi eyni ampluada kimi görə bilərikmi?
- Bəli, məşqçi kimi iki il işləmişəm. Lakin ardınca federasiyamızın rəhbəri Kəmaləddin Heydərov məni vitse-prezident təyin etdikdən sonra bu işlə məşğulam. Bu gün millidə məşqçilərimiz var. Reza Mehmandostun rəhbərlik etdiyi komandanın nəticələri göz qabağındadır. Ona qarşı bir narazılığımız yoxdur. Amma gələcəkdə mənə ehtiyac olarsa, məmnuniyyətlə komandanın “sükanı arxası”na keçib, dəstək olaram.
- Yeri gəlmişkən, sizinlə eyni vaxtda yığmamızın liderlərindən olan və ardınca bir müddət ATF-də Təşkilat Komitəsinin sədri işləyən Rəşad Əhmədov əsas komandanın məşqçilər korpusunda yer alır. Onun işini necə qiymətləndirirsiz?
- Qadınlardan ibarət komanda Elnur Amanova tapşırıldıqdan sonra yığmanın baş məşqçisi mənə əlavə bir köməkçiyə ehtiyacının olduğunu dedi. Biz Rəşadın təcrübəsini nəzərə alıb, fikrini öyrəndik. Baş məşqçi də onu istəyirdi. Əhmədov da razılaşdı və komandaya qoşuldu.
- Bu sualı onunla yeznə-qayın olduğunuz üçün verdim. Bir-birinizə güzəşt etdiyiniz vaxtlar çox olur?
- Rəşadla kiçik yaşlarımızdan rəqib olaraq üz-üzə gəlmişik. Hələ 36, 41, 45 kq olduğumuz vaxtlarda döyüşmüşük. Amma dostluq da etmişik. Buna baxmayaraq, işdə güzəşt yoxdur. Dost, qohum kimi bir-birimizə olan hörmətimiz tamam fərqlidir. Onunla dostluğumuz həmişə səmimi olub. Əgər hər hansısa fikir ayrılığı yaranarsa, onu müzakirə edib, düzgün qərarı verərik.
“Həmişə deyirik ki, bəlkə bu gün idmandan danışmayaq”
- Dostlardan söz düşmüşkən, ətrafınızda ancaq tanınmış idmançılarımızı görürük. Bir yerdə olduqda yenə söhbət idmandan gedir?
- Dostluq etdiyim insanların əksəriyyəti idmançılardır. Rəşad Əhmədov, Fərid Mansurov, Rövşən Bayramov, Elnur Amanov, İlqar Abdulovla davamlı dostluq edirik. Görüşürük, futbol da oynayırıq. Qarşılaşmadan sonra çay məclisində də söhbətimiz ancaq idman olur. Həmişə də oturanda deyirik ki, bəlkə bu gün idmandan danışmayaq. Amma bu bizim işimizdir. İdmandan danışmasaq, olmur.
- Sizin dövrlə hazırkı zamanı müqayisə etsək, necə fərqləndirərdiz?
- Fərq çox böyükdür. Bizim vaxtımızda rayonlardan, bölgələrdən milliyə çox az idmançılar qoşulurdu. Çünki onlar məktəb şəraitində, köhnə bazalarda məşq edirdilər. Orda da qış aylarında problemlərlə üzləşirdilər. Amma bu gün uğur qazanan taekvondoçulara baxdıqda, əksəriyyəti bölgələrdən gələnlərdir. Artıq demək olar ki, hər yerdə Olimpiya komplekslərimiz, müasir standartlara uyğun idman bazalarımız var. Ölkənin bir çox rayonlarında taekvondo məktəbləri fəaliyyət göstərir. Zona yarışları, yoldaşlıq görüşləri təşkil edilir. Yeniyetmələr və gənclər arasında respublika çempionatının son 5 ilinin nəticələrinə baxdıqda təxminən 70 faizi rayon uşaqlarıdır.
- Amma razılaşaq ki, əsas komandaya əcnəbi çalışdırıcıların gəlişindən sonra uğur daha da artıb. Yerlilərin bunu etməsi üçün nə çatmırdı?
- Bizim nəsil 7-8 il döyüşdü. Düzdür, Olimpiadada uğur qazana bilmədik. Amma karyeramızı bitirdikdən sonra nəsildəyişmə mütləq idi. Həmin vaxt bir neçə il boşluq yarandı. Amma bu gün dünya çempionatı üçün çəkilərdə seçimi 3 idmançı arasında edirik. Əvvəllər güclü olduğumuz 2 çəkidə məcbur həmin 2 taekvondoçunun üzərində dayanırdıqsa, bu gün Olimpiya Oyunlarına lisenziya qazanmağa 3 kişi, 3 qadın idmançımız şanslıdır. O dövrdə idmançı sayı da az idi. Onlardan da hansınınsa zədə alması və ya uğursuz çıxışı medal almağımızı əngəlləyirdi. Bunu şanssızlıqda da bağlayardım. Elə Rəşad Əhmədovun döyüşlərində də hər bir kəs bunu gördü. Sonra Fəridə Əzizova ilə Ramin Əzizov lazımı nəticəni verə bilmədi. Belə uğursuzluqları şansa buraxmamağa qərar verdik. Rio öncəsi hər şeyi – taktiki-texniki, psixoloji hazırlığı, tiblə bağlı məsələləri bir yerə yerə cəmlədik. Məqsədimiz yüksək səviyyədə hazırlaşıb, nöqsanla qarşılaşmamaq idi. Bu da özünü doğrultdu.
“Sumqayıt Baş Gömrük İdarəsindəki işimi dəyişmişəm”
- İşlərinizin həddindən artıq çox olduğunu deyirsiz. Sumqayıt Baş Gömrük İdarəsində də çalışırsız. Bir neçə yerdə fəaliyyət göstərmək çətin deyil?
- 2003-cü ildən bu sahədə çalışıram. Gömrük xidmət polkovnikiyəm. Təxminən 3 aydır ki, işimi “Gömrükçü” İdman-Sağlamlıq Mərkəzinə dəyişmişəm. Buna da hamısını çatdırmaq səbəbindən məcbur oldum. Burda da eyni vəzifədə çalışıram.
- Federasiya nümayəndəsi kimi səfərlərdə də çox olursuz. Şəxsi həyatınıza diqqət ayırmağa vaxt tapırsızmı?
- İşimiz bunu tələb edir. Bu səbəbdən öhdəsindən layiqincə gəlməyə məcburuq. Amma bəzən çətinliklər də olur. Hərdən ayda 2 dəfə səfərə çıxırıq. Yaxınların toyunda, şad günündə iştirak etməmək həddindən artıq olur. Bu, idmançı karyeram zamanı da baş verib. Amma hər şeyi dostumuz da, qohumumuz da bilir. Sağ olsunlar ki, başa düşürlər. Bizə bu iş həvalə edilibsə, öhdəsindən gəlməliyik və bəzi çətinliklərə göz yummalıyıq.
- Uşaqlarınızdan yolunuzu davam etdirən varmı? Azərbaycan idmanında yeni Paşayev görə bilərikmi?
- 2 oğlum, 1 qızım var. Yaşları azdır. İdmanla məşğul olacaqlarını planlaşdırıram. Amma sonadək gedib və ya getməyəcəklərini deyə bilmərəm. Məni də atam idmana yönəltdi və Paşayev kimi tanındım. Dərsdən qaça-qaça gəlib, 1 saat öncədən məşq edirdik. Bu, idmana olan sevgimizdir. Oğlanlarımı fiziki göstəricilərinə əsasən məşqlərə aparacam. Orda uğur qazanması, idmanı sevib davam etdirməsi öz işləridir.