Azərbaycanda yeni qaz və neft yataqlarının aşkarlanması perspektivləri Xəzər dənizinin karbohidrogen potensialının daha da genişləndirilməsinə və ölkənin regional və dünya bazarlarında mövqeyinin möhkəmləndirilməsinə zəmin yaradacaq.
"APA-Economics"in məlumatına görə, hazırda Azərbaycanda yeni karbohidrogen yataqlarının işlənilməsi və axtarışı üzrə bir sıra işlər aparılır. Azərbaycanın Xəzər sektorunda ayrı-ayrı saziş sahələrində kəşfiyyat işlərinin start verilməsi üçün hazırlıq görülür. Belə ki, hazırda Fransanın “Total” şirkəti tərəfindən Azərbaycanın Xəzər sektorunda yerləşən “Abşeron” yatağında ABD-001 quyusunun istismar lüləsinin qazılması davam etdirilir. Bundan əlavə, Norveçin “Equinor” şirkəti “Əşrəfi-Dan Ulduzu-Aypara” blokunda (2 və 3 Ölçülü seysmik işləri və 1 kəşfiyyat quyunun qazılması) və “Qarabağ” (qiymətləndirmə quyunun qazılması) yatağında kəşfiyyat və qiymətləndirmə işlərinə hazırlaşır.
BP şirkəti də gələn iki il ərzində ayrı-ayrı sazişlər çərçivəsində Azərbaycanda 6 kəşfiyyat quyusu qazmağa planlaşdırır. Quyuların qazılması “Şəfəq-Asiman” perspektiv blokunda, “Dayazsulu Abşeron” (SWAP) və D230 dəniz strukturlarında və "Cənubi-qərbi Qobustan" quru yatağında qazılması planlaşdırılıb.
Bunda əlavə, “Ümid-Babək” dəniz bloku üzrə də genişmiqyaslı proqramın həyata keçirilməsi nəzərdə tutulub. Bu proqram çərçivəsində “Ümid” yatağında ikinci hasilat platformanın (burada ilk qazın hasilatı 2021-ci ilin dördüncü rübünə nəzərdə tutulub) və “Babək” strukturunda ilk quyunun kəşfiyyatı və sınağı 2021-ci ildə nəzərdə tutulur və nəticə uğurlu olarsa, quyu istismara yönəldiləcək.
Sözügedən sahələrin çoxunda qaz yataqlarının açılmasının gözlənilməsinə baxmayaraq, BP şirkəti SWAP və D230 sahələrində neft resurslarının aşkarlanmasını gözləyir. Xüsusilə də, böyük gələcək vəd edən və neft ehtiyatları olması ehtimal olunan müqavilə sahəsi kimi D230 strukturu ilə bağlı şirkət böyük gözləntiləri olduğunu bir neçə dəfə qeyd edib. D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir.
Əslində, Azərbaycanda neft yataqlarının açılması məsələsi olduqca aktualdır. Belə ki, illik hasilat dinamikasına baxanda ölkədə son illərdə neft hasilatı ilə bağlı əhəmiyyətli yüksəlişlər qeydə alınmadığını görmək olar. Bu da ondan irəli gəlir ki, son vaxtlar Azərbaycanda neft yataqları deyil, qaz yataqları aşkar olunur.
Onu da qeyd etmək lazımdır ki, respublikada neft veriminin artırılması və neft hasilatının sabit saxlanılması sahəsində daimi aktiv işlər aparılır. Neft hasilatı baxımında “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku vacib rol oynayır. Bu blokun payına ölkədə hasil olunan neftin böyük bir hissəsi düşür. Bunlara baxmayaraq neft resurslarının səmərəli və rasional istifadəsi mövqeyindən ölkədə yeni neft mənbələrinin aşkarlanmasını vacib olduğunu qeyd etmək lazımdır.
Azərbaycanda yeni neft yataqlarının açılması perspektivləri ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın daha da artmasına və dünya neft bazarında mövqeyinin daha da genişləndirilməsinə xidmət edəcək.
Düzdür, Azərbaycan dünya neft bazarında öz yerini çoxdandı tutub və quruyur. Amma indi ölkənin vacib bir qaz mənbəyinə çevrilməsi üçün geniş işlər aparılır və bunun üçün bütün imkanlar mövcuddur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trln. kubmetrdən artıqdır, bu da imkan verir ki respublikamız tək özünü və regionda olan ölkələri yox, həm də Avropa istehlakçılarını alternativ bir mənbə kimi “mavi yanacaq”la təmin eləsin. Bunu reallaşdırılması üçün hazırda Cənub Qaz Dəhlizinin (CQD) yaradılması prosesi gedir.
CQD-nin əsas seqmenti olan TANAP 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Dəhlizin son seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Əlbəttə, hələlik söhbət ildə 10 mlrd. kubmetrdən gedir, lakin bu, başlanğıcdır. Belə ki, gələcək yaxın illərdə yeni qaz yataqlarının açılması bu dəhlizinin imkanlarını daha da genişləndirəcək və Azərbaycanın Avropa qaz bazarında daha böyük imkanlar açacaq.