• İQTİSADİYYAT

    17:48 6 mart 2019

Sahil Babayev: "Dövlətin tənzimləyici rolu kommunal xərclərin bahalaşmasının qarşısını alır"

“Əgər bu gün məişət tullantıları sahəsindən dövlət geri çəkilsə, məişət tullantılarının idarə olunması xərcləri 15 dəfə arta bilər”.

ONA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli forum” çərçivəsində səsləndirilən suala cavab olaraq deyib.

Nazirin sözlərinə görə, dövlət yalnız tənzimləyici funksiyasını həyata keçirir, lakin dünya praktikası və xüsusilə Azərbaycanın əlində olan vərəsəliyi digər ölkələrlə müqayisə edilsə, bunun heç də asan olmadığı görünər: “Bunun sosial təsirini qiymətləndirə bilərsiniz. Məsələn, su tariflərinə nəzər yetirin. Bu gün dövlət bu sahədən geri çəkilsə, tariflər dəfələrlə arta bilər. Biz xüsusilə məişət tullantıları sahəsində Dünya Bankı ilə birlikdə 10-15 illik proqram hazırladıq ki, bu müddət bitdikcə dövlət tədricən bu sektordan geri çəkilsin”.

S.Babayev onu da vurğulayıb ki, təkcə bir məişət tullantıları poliqonunun tikintisinə təqribən 40 milyon dollar tələb olunur. Onun idarəetmə xərcləri isə 10 milyon dollardır: “O xərcləri çıxarmaq üçün gərək Avropadakı kimi bir ailənin təkcə aylıq kommunal məişət tullantıları xərci 30-50 avroya çatsın. Bu gün Azərbaycan ailəsinə o yükü yükləmək olmaz. Biz Dünya Bankı ilə birgə plan hazırladıq ki, infrastruktur yaradaq və tədricən 10 illik plan üzrə tarifləri əməliyyat xərcləri ödəniləcək səviyyəyə çatdıraq, sonra isə özəlləşməyə getsin. Mən inanıram ki, digər kommunal sektorlar üzrə analoji işlər görülüb və ya görülür”.

Nazirin sözlərinə görə, hazırda su təsərrüfatı ilə bağlı Asiya Bankı və Dünya Bankı ilə qlobal proqram hazırlanır. Eləcə də dəmir yolu xidmətləri və elektrik enerjisi təchizatı ilə bağlı müvafiq planlar hazırlanıb: “Dövlətin mümkün qədər təsərrüfat fəaliyyətindən geri çəkilməsini, əlbəttə, hamı istəyir. Lakin bunun iqtisadiyyata, cəmiyyətə, insanlara ciddi mənfi təsiri olduğundan, işlərin mərhələlərlə görülməsi düzgündür”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR