İnformasiya və kommunikasiya texnologiyaları, informasiya və poçt sektorlarının 2018-ci ildə ÜDM-də payı 1,6 faiz, o cümlədən qeyri-neft sektorunda isə 2,7 faiz təşkil edib.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabat ilində İKT sektorunda əldə olunan gəlirlərin həcmi 2017-ci ilə nisbətdə müqayisəli qiymətlərlə 9,3 faiz artaraq 1881,2 milyon manat təşkil edib. Sektor üzrə innovasiyaların tətbiqi, layihələrin həyata keçirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan müəssisələr tərəfindən hesabat dövründə 44 milyon manat investisiya qoyulub.
Həyata keçirilmiş investisiya layihələri çərçivəsində 30 yeni müasir ATS istismara verilib, 45 ATS-də genişləndirmə işləri aparılıb, sabit şəbəkə üzrə internet portların tutumu (ADSL və GPON texnologiyası birlikdə) 128 min, telefon şəbəkəsinin tutumu 18,8 min nömrə artırılıb, 1011,0 km fiber-optik kabel xətləri çəkilib.
İqtisadiyyat Nazirliyi tərəfindən sürətli poçt xidməti üzrə 14 yeni lisenziya verilib, telefon (simli) rabitə xidməti üzrə 2, radiotrank və simsiz telefon rabitə xidməti üzrə 1, məlumatların ötürülməsi (DATA) rabitə xidməti üzrə 2, İP-telefoniya xidməti üzrə 1, beynəlxalq telekommunikasiya kanallarının təşkili xidməti üzrə 1, ölkədaxili telekommunikasiya kanalların təşkili xidməti üzrə 1 və sürətli poçt rabitə xidməti üzrə 5 lisenziya müddətsiz lisenziya ilə əvəz edilib.
Eyni zamanda nazirlik tərəfindən fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi fəaliyyəti növü üzrə 3 yeni lisenziya, həmçinin müraciətlər əsasında müxtəlif tiplin avadanlıqların mülki dövriyyəsinə 289 xüsusi icazə, habelə 2378 adda telekommunikasiya vasitə və qurğularına “Uyğunluq sertifikatı” verilib.