“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və "Yüksək Texnologiyalar Parkı" tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə “Hackathon” müsabiqəsi təşkil olunub.
Nazirlikdən ONA-ya verilən məlumata görə, bu gün Yüksək Texnologiyalar Parkında müsabiqəyə start verilib.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin (IDS üçün skript, modul və ya proqram həlli) təqdim edilməsidir.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov deyib ki, mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin bildirib ki, bu gün Beynəlxalq Telekommunikasiya İttifaqı “Hackathon” müsabiqələrinin keçirilməsinə böyük önəm verir. “Azərbaycanın bu sahədə artıq müəyyən təcrübəsi var. Bu dəfə kibertəhlükəsizlik həllərinə həsr olunan müsabiqə qloballaşan dünya üçün olduqca əhəmiyyətlidir. Texnologiyalar hər birimizin həyatına nüfuz edib, bu, kifayət qədər müsbət tendensiya olsa da, hər birimizi kibertəhdidlərə qarşı ayıq-sayıq olmağa sövq edir. Bu baxımdan, Azərbaycanda belə bir beynəlxalq həftənin keçirilməsini təqdirəlayiq hesab edirik” - deyə K.Oparin əlavə edib.
24 saat ərzində davam edəcək müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edir.
İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.
Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” kriteriləri əsasında qiymətləndirəcək.
I yer üzrə 4 000 AZN, II yer üzrə 2 000 AZN, III yer üzrə isə 1 000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.