• İQTİSADİYYAT

    14:11 1 mart 2019

Ötən il Azərbaycanda özəl sektorun ÜDM-də payı 84 faiz olub

Azərbaycanda 2018-ci ildə özəl sektorun ÜDM-də payı 84 faizə yaxın, məşğulluqda payı isə 76 faiz olub.

ONA-nın xəbərinə görə, bunu elektron satınalma modelinə keçid istiqamətində yaradılan vahid internet portalının (esatinalma.gov.az) təqdimetmə mərasimində çıxış edərkən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlər, ölkədə yeni istehsal və xidmət sahələrinin yaradılmasına təkan verib, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasında şərait yaradıb: "Azərbaycanda yaradılmış əlverişli və biznes mühiti, beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da müsbət qiymətləndirilib. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkənin siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında 1-ci yerdə qərarlaşıb", - deyə nazir müavini bildirib.

N.Səfərov qeyd edib ki, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə, “Kredit büroları haqqında” və “Daşınan əmlakın yüklülüyü haqqında” qanunlara uyğun olaraq, 2018-ci ilin fevral ayında Azərbaycanda Kredit Bürosu, mart ayında isə Daşınan Əmlakın Yüklülüyü Reyestri fəaliyyətə başlayıb: "Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq edilib. Ölkə prezidentinin 25 dekabr 2018-ci il tarixli fərmanına əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qaz, su təchizatı şəbəkələrinə və tullantı sularının axıdılması sistemlərinə qoşulması ilə bağlı texniki şərtlərin ödənişsiz verilməsi, qoşulma haqqının, sifarişlə sistemlərin gücləndirilməsi ilə əlaqədar ödənişin tələb edilməməsi müəyyən edilib və prosedurlar sadələşdirilib. Eyni zamanda ölkə başçısının 28 dekabr 2018-ci il tarixli fərmanı ilə sahibkarların ekspertizadan keçirilməsi, tikinti obyektlərinin layihələndirilməsi, tikintisinə icazə verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismara icazə verilməsini sadələşdirilmiş qaydaları da təsdiq edilib. Həmçinin yerli istehsalın dəstəklənməsi məqsədilə, dövlət satınalmalarında yerli istehsala üstünlük verilib, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması üçün dəstək tədbirləri genişləndirilib".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR