Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç yola salınıb.
ONA xəbər verir ki, bu gün 28 ailə (110 nəfər) Sarıcalı kəndinə köçürülüb.
Bərdə rayonundan – 11 ailə (39 nəfər), Bakı şəhərindən – 9 ailə (41 nəfər), Mingəçevir şəhərindən – 3 ailə (13 nəfər), Ağcabədi rayonundan – 1 ailə (4 nəfər), Ağdam rayonundan – 1 ailə (4 nəfər), Ucar rayonundan – 1 ailə (4 nəfər), Gədəbəy rayonundan – 1 ailə (3 nəfər) və Yevlax şəhərindən – 1 ailə (2 nəfər) Sarıcalıya yola salınıb.
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 28 ailə - 110 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Daha sonra sakinlərə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Sarıcalı kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.