• İQTİSADİYYAT

    17:32 7 mart 2019

Zirə limanında gəmilərin hərəkətinə dair məhdudiyyətlər müəyyənləşib

Nəqliyyat, Rabitvə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası “Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”ını təsdiq edib.

ONA-nın məlumatına görə, mart ayından qüvvəyə minən bu Qaydalar liman akvatoriyasında gəmilərin təhlükəsiz hərəkəti, onların liman körpüsündə dayanması üzrə tələbləri müəyyən edir.

Liman akvatoriyasında limana giriş kanalı mövcuddur. Liman akvatoriyasında gəmilərin icazə olunan maksimal suya oturumu 6,5 metrdir. Limanın körpülərinin ümumi uzunluğu 1231 metrdir və uzunluğu 150 metrədək olan gəmiləri qəbul etmək imkanına malikdir. Limana giriş kanalının uzunluğu 1,52 dəniz mili (2815 metr), eni 0,23 dəniz mili (426 metr), dərinliyi isə 7-8 metr təşkil edir. Limanın akvatoriyasında mövcud olan dərinliklər 8-9 metr təşkil edir və dibdərinləşdirmə işlərinin həyata keçirilməsi ilə təmin olunur.

Liman akvatoriyasında və dəniz ərazisində gəmilərin hərəkətinin idarə olunmasını Dövlət Dəniz Agentliyinin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Gəmilərin Hərəkətini İdarəetmə Xidməti (GHİX) həyata keçirir. Dar keçidlərdə xüsusi və ya dibdərinləşdirici işlərlə məşğul olan gəmilərdən sovuşmaq üçün sürət azaldılmalı və onlardan sərbəst keçid haqqında əvvəlcədən razılıq alınmalıdır. Razılıq alınmadığı təqdirdə, bu gəmilərdən sovuşmaq qəti qadağandır. Radiolokasiya stansiyası və ultraqısa dalğalı (UQD) rabitə avadanlığı ilə təchiz olunmayan və ya bu avadanlıqları nasaz olan gəmilərin məhdud görmə şəraitində və gecə vaxtı hərəkəti qadağandır.

İstənilən istiqamətli küləyin sürəti 20 m/san-dən artıq olduğu hallarda gəmilərin liman akvatoriyasında üzməsi qadağandır. Liman akvatoriyasında, limanın girişində və kanalda gəmilərin sürəti yerli şərait nəzərə alınmaqla, liman kapitanı ilə razılaşdırılmaqla GHİX tərəfindən təyin olunur. Liman akvatoriyasında gəmi hərəkətinin sürəti 6 uzeldən artıq olmamalıdır. Limanın hidrotexniki qurğularının yanında üzmə, liman körpülərinə yanalma və ya onlardan aralanma əməliyyatları gəminin idarə olunması üçün kifayət edən minimal sürətlə həyata keçirilməlidir. İstənilən istiqamətli küləyin sürəti 14 m/san-dək olduqda liman akvatoriyasında, limanın girişində və liman kanalında dəniz obyektlərinin yedəklənməsinə icazə verilir. Küləyin sürəti 7 m/san-dən artıq olduqda, avarlı qayıqların üzməsi qadağandır.

Yük əməliyyatları zamanı gəminin yana meyli (kren) 5 dərəcədən artıq olmamalıdır. Körpünün uzunluğu boyunca yerdəyişmə 50 metr məsafədən çox olmadığı halda, əməliyyat yanalma kəndirlərinin çəkilib dartılma üsulu ilə həyata keçirilə bilər. Yerdəyişmə 50 metr məsafədən çox olduğu halda, əməliyyat yalnız yedəkçi gəmilərin köməyi ilə aparılmalıdır. Kəndirlər vasitəsilə xarici gəminin körpü boyu yerdəyişməsi liman kapitanının icazəsi ilə bələdçisiz həyata keçirilə bilər.

Liman ərazisində və akvatoriyasında hər bir növ gəmi tullantılarının dənizə boşaldılması qadağandır. Liman ərazisində və akvatoriyasında gəmi tullantılarının yandırılması (inseneratorlarda) qadağandır. Gəmi tullantılarını təhvil verməmiş gəmilərin limandan çıxışı qadağandır. Gəminin təsadüfi və ya nəzərdə tutulmuş tullantıların atıla biləcəyi klapanları bağlı saxlanılmalı və plomblanmalıdır. Limanın akvatoriyasında bunker əməliyyatlarının həyata keçirilməsi yalnız ətraf mühitin qorunmasına dair bütün müvafiq tədbirlərin həyata keçirilməsi şərti ilə həyata keçirilə bilər. Liman kapitanının icazəsi olmadan liman ərazisində və akvatoriyasında gəmi gövdəsinin rənglənməsi qadağandır. Liman ərazisində və akvatoriyasında neft məhsulları və ya yük qalıqları ilə çirkləndirilmiş suyun dənizə boşaldılmasına səbəb ola biləcək gəmi gövdəsinin və anbarların yuyulması qadağandır.

Liman ərazisində və akvatoriyasında UQD rabitə radiotelefon avadanlığı ilə təchiz olunmayan gəmilərin üzməsi qadağandır. Liman akvatoriyasında və limanın reydində duran gəmilərdə UQD radiotelefonunun 16-cı kanalında rabitə növbəti daima həyata keçirilməlidir. Yüksək tezlikli rejimli rabitə cihazlarının işi liman ərazisində qadağandır.

Liman girişinin akvatoriyasında dərinliklər 8-9 metr təşkil edir. Liman və onun girişinin akvatoriyasının dərinliyi suya oturumu 6-7 metrədək olan gəmilər üçün təhlükəsizdir. Liman akvatoriyasında dərinliklərin tələb olunun səviyyədə saxlanılması məqsədi ilə liman idarəsi tərəfindən mütəmadi şəkildə dibdərinləşdirmə işləri həyata keçirilir. Davamlı (bir neçə gün ərzində) əsən küləklərin nəticəsində su səviyyəsinin dəyişilməsi müşahidə oluna bilər, lakin bu, dərinliklərə əhəmiyyətli təsir göstərmir. Şimal istiqamətdən əsən küləkli günlərdə dərinliklər 30–40 santimetrədək azala bilər. Cənub istiqamətdən əsən küləklər zamanı əksinə suyun səviyyəsi 20-30 santimetrədək arta bilər. Limanın akvatoriyasında lövbərə dayanmaq qadağandır. Limana giriş üçün icazəsini və ya fırtınalı havada daha yaxşı şəraiti gözləyən gəmilər lövbərdə dayanması üçün Türkan reydindən istifadə edə bilərlər. Türkan reydi 50°10' E və 050°17' E meridianlar arasında yerləşir. Qeyd olunan rayonda dərinliklər 7-11 metr təşkil edir.

Türkan reydi şimal və şərq istiqamətli küləklərdən bağlı və gəmilərin lövbərdə təhlükəsiz dayanması üçün əlverişli və rahatdır. Güclü cənub, cənub-qərb istiqamətli küləklər zamanı hündürlüyü 2 metrədək olan dalğalar müşahidə olunur. Dəniz dibi qumdan və lildən ibarətdir və lövbəri möhkəm saxlaması ilə əlaqədar, gəmilərin lövbərdə dayanmaq üçün əlverişlidir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR