• MƏDƏNİYYƏT

    11:12 19 aprel 2019

Azərbaycanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Aprelin 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel Baku”da Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.

ONA xəbər verir ki, tədbir çərçivəsində nazirliyin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi və “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür: “Abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır”.

Zakir Sultanov vurğulayıb ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür: “Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Ötən müddət ərzində Dövlət Xidməti ölkəmizdə bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirib, hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Təkcə ötən il ərzində Şamaxının Dəmirçi kəndində XVII əsr məscidi bərpa və Dəmirçi-Lahıc yolunda nekpopolun və qala divarlarının konservasiyası başa çatdırılıb, Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyində yenidənqurma, Bakıda Azərbaycan Milli İncəsənət muzeyi, Bərdədə “Allah-Allah” türbəsi, Şuşa Dövlət Dram teatrında bərpa işləri aparılıb. Arxeoloji irsin qorunması sahəsində də il ərzində tarixi ərazilərdə 30-dan çox elmi ekspedisiya fəaliyyət göstərib. Yerli mütəxəssislərlə yanaşı, əcnəbi alimlər də arxeoloji qazıntılarda iştirak ediblər”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur: “Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir”.

Vaqif Əliyev söyləyib ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək: “Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Ümumdünya İrs və Qeyri-maddi irs üzrə reprezentativ siyahılarına daxil edilib. 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir”.

“İRS Publishing House”un rəhbəri Musa Mərcanlı “Daş keşikçilər” kitabının ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən “PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov qeyd edib ki, tarixi abidələrin mühafizəsinə diqqət göstərmək hər bir vətəndaşın borcudur.

Çıxışlarda tarix və mədəniyyət abidələrinin qorunması sahəsində həyata keçirilən layihələrdən bəhs edilib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki ölkə arasında əlaqələrdən danışaraq digər sahələrdə olduğu kimi mədəniyyət səviyyəsində də uğurla inkişaf etdiyini deyib: “Bunun bariz nümunəsi kimi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası həyata keçiriləcək”.

Sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası haqqında Niyyət Məktubu imzalanıb.

Tədbirdə daha sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı olub. “Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, “Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyası üzrə əməkdar memar, memarlıq üzrə elmlər doktoru Zahidə Məmmədova, “Azərbaycan irsinin təbliğindəki xidmətlərinə görə” nominasiyası üzrə “Azerbaijan Airlines” bort jurnalının redaksiyası “Milli irs mükafatı”na layiq görülüb.

Bundan əlavə, mədəni irsin qorunması və təbliğində xidmətlərinə görə Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”nin kollektivi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov, Qobustan Milli Tarix-Bədii Qoruğunun ekskursiya kütləvi şöbəsinin müdiri Sənan Umuyev, Astara rayonu üzrə abidə mühafizəçisi Nadirə Dadaşova, Yardımlı rayonu üzrə abidə mühafizəçisi Səbrəli Musayev və Qazax rayonu üzrə abidə mühafizəçisi Səadət Əliyeva Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

Tədbirdə ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı videoçarx nümayiş olunub.

Həmçinin tədbir çərçivəsində “Azərbaycan fotolarda” və “Azərbaycanın rəngləri” layihəsinin müəllifi gənc fotoqraf Etibar Cəfərovun fotolarından ibarət ölkəmizin memarlıq irsini əks etdirən slayd təqdim edilib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR