• MƏDƏNİYYƏT

    13:23 25 aprel 2019

Koreyalı professor: "Azərbaycan mədəniyyətinin Koreyada tanıdılması istiqamətində işləri davam etdirəcəyəm" - MÜSAHİBƏ

Koreya Universitetinin Rus dili və ədəbiyyatı departamentinin professoru Hur Seung dünya ölkələrinin məşhur yazıçılarının şeirlərini Koreya dilinə tərcümə edərək kitab çap edib. Kitabda Azərbaycan yazıçılarının da şeirlərinə geniş yer verilib. Müəllifin bu kitabın ərsəyə gəlməsi ilə bağlı ONA-ya müsahibəsini təqdim edirik.

- Bu günlərdə eşitdik ki, Azərbaycan ədiblərinin şerlərini Koreya dilində nəşr etdirərək oxuculara təqdim etmisiniz. Bilmək istərdik ki, Avrasiya qitəsinin ucqar Şərqi Asiya ölkəsi olan Koreya Respublikasında Azərbaycan ədiblərinin şerlərinin Koreya dilində çap olunması ideyası sizdə necə yarandı?

- Azərbaycan yazıçılarını Koreya oxucularına təqdim etmək ideyası uzun illərdir dostluq etdiyim azərbaycanlı tanışlarımla birgə yarandı. Keçən yay mən ilk dəfə Azərbaycanda oldum. 2006-cı ildən 2008-ci ilə qədər mən ölkəmin Ukrayna və Gürcüstandakı səfiri olmuşam və o zamanlardan Qafqaz barədə maraqlanırdım. Mən Gürcüstan tarixini və Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərini Koreya dilinə tərcümə etdim. Həmçinin uzun müddət Azərbaycan tarixini və ədəbiyyatını tərcümə etmək barədə düşünürdüm, lakin bu ölkəyə səfər etmədən buna cəsarət etmirdim.

Azərbaycanın indiki xarici işlər naziri Elmar Məmmədyarov mənim köhnə dostumdur. O zaman cənab Məmmədyarov Sovet Diplomatiya Akademiyasında təhsil alan gənc diplomat idi. O, ABŞ-la Sovet İttifaqı arasında ilk mübadilə proqramının iştirakçısı kimi Braun Universitetində Xarici Siyasi İnkişaf Mərkəzinə gəlmişdi. Həmin vaxt mən Braun Universitetində və Harvard Universitetindəki Rusiya araşdırmaları üzrə Devis Mərkəzində araşdırmaçı idim. Biz onunla çox yaxşı dost olduq. 2018-ci ilin iyulunda ADA Universitetində Koreya-Azərbaycan Diplomatik Forumunda çıxış etmək üçün Azərbaycana dəvət olundum. Bakıda olarkən Xınalıq kimi Azərbaycan bölgələrinə səfər etmək imkanı qazandım.

Seula qayıtdıqdan sonra Azərbaycan ədəbiyyatını Koreya xalqına təqdim etməkdən çəkinməmək qərarına gəldim və böyük Azərbaycan şairlərinin yazdığı şeirləri tərcümə etməyə başladım. Mən Azərbaycan dilini bilmirdim, ona görə də şeirlərin ingilis və rus tərcümələrindən istifadə edərək Koreya dilinə çevirdim. Koreya Universitetində təhsil alan azərbaycanlı tələbə Gülnar Aslanlı daha düzgün tərcümədə mənə kömək etdi.

- Cənab Hur, diqqət çəkən məqamlardan biri də budur ki, kitabınızda Nizami Gəncəvi, Məhəmməd Fizuli, Mizə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Səməd Vurğun, Almas İldırım, Əhməd Cavad, Abdulla Şaiq, Süleyman Rüstəm, Məhəmmədhüseyn Şəhriyar, Mirvari Dilbazi kimi tanınmış Azərbaycan ədiblərinin şerləri ilə bərabər dünyanın 30-dan çox dillərinə tərcümə olunmuş “Əli və Nino” əsərinə də geniş yer ayırmısınız. Bilmək istərdik, Azərbaycan-Koreya ədiblərinin əsərlərini müqayisə edərkən xalqlarımız arasında hansı tarixi, mədəni, dil kimi bənzərlikləri müşahidə edə bilmisiniz?

- 2018-ci ilin yayında məni ADA Universitetində İctimai Diplomatiya Forumuna dəvət edən Koreyanın Azərbaycandakı səfiri Kim Şang Yu mənə Azərbaycanın ədəbiyyat nümunəsi olan “Əli və Nino”nu oxumağı tövsiyə etdi. Kitabın içindəkilərlə bağlı internetdə məlumatlar oxuduqda düşündüm ki, Seula döndükdən sonra mütləq bu kitabı Koreya dilinə tərcümə etməliyəm. Seula gələndə məlum oldu ki, Rusiya dili üzrə mütəxəssis Park San Von 10 il əvvəl kitabı tərcümə edib. Bu kitabda 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının xaotik dövründə azərbaycanlı gənc oğlanın və gürcü qızın acıları, Azərbaycan vətənpərvərlərinin müstəqillik qazanmaq cəhdləri və bolşeviklərin işğalı çox gözəl təsvir olunur. Mən Azərbaycan və Qafqaz mədəniyyəti ilə maraqlanan koreyalı oxucuları bu kitabı oxumağa həvəsləndirdim. Bu kitab əsasında Azərbaycan və Türkiyə istehsalçıları tərəfindən birgə ərsəyə gəlmiş film çox məşhurdur. Hesab edirəm ki, “Əli və Nino” əsəri bizə 100 əvvəl Azərbaycanın milli müstəqillik üçün nələr etdiyi və necə acılar çəkdiyini anlamağa imkan yaradır.

Azərbaycanı qədim dövrdən XX əsrə kimi təmsil edən yazıcıları seçmək üçün mən xeyli axtarışlar apardım və azərbaycanlı dostlarımdan kömək aldım. Bu seçilmiş şairlər Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh, Molla Vəli Vidadi, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Səməd Vurğun, Almas İldırım, Əhməd Cavad, Süleyman Rüstəm, Məhəmmədhüseyn Şəhriyar, Mirvarid Dilbazi və başqalarıdır. Mən fərdi düşüncələr və emosiyaları deyil, Azərbaycanın milli şüurunu təsvir edən şeirləri seçdim. Mən Azərbaycan dilini bilmirəm, lakin bir dilçi alim kimi eyni emosiyaları hiss edə Azərbaycan və Koreya dilləri arasında dil və nitq struktur oxşarlığını anlaya bilərəm. Hər ikisi Altay dil ailəsinə məxsusdur. Ona görə də tərcümə zamanı böyük çətinlik hiss etmədim.

Koreya dili və tarixi üzrə mütəxəssis, Azərbaycanın Koreyadakı səfirliyinin konsulu Vaqif Cəfərov tərcümənin keyfiyyəti və seçilən şeirlərlə bağlı işimə yüksək qiymət verdi və bu məni çox sevindirdi. Hesab edirəm ki, şeir tərcüməsi ilə bağlı işimi davam etdirəcəyəm və bu, hələ kiçik bir başlanğıcdır. İnanıram ki, Azərbaycan dilini yaxşı bilən koreyalı alimlər və Koreya dilində danışa bilən azərbaycanlılar daha çox mükəmməl Azərbaycan şeirlərini Koreya dilinə tərcümə edəcəklər. Eyni zamanda ümid edirəm ki, mükəmməl Koreya şeir və hekayələri Azərbaycan dilinə tərcümə olunacaq və Azərbaycan oxucularına təqdim ediləcək.

- Bildiyimiz kimi, kitabınız 2019-cu ilin yanvar ayından etibarən Koreya oxucularının istifadəsi üçün satışa buraxılıb. Bilmək istərdik ki, kitabsevərlər bu müddətdə sizinlə hər hansı təəssüratlarını paylaşıbmı? Gələcəkdə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fəaliyyətinizi davam etdirmək niyyətindəsinizmi?

- Hesab edirəm ki, bir çox insanlar Koreya və Azərbaycan arasında əməkdaşlıq və mədəni mübadiləyə töhfə vermək üçün birlikdə işləməlidir. Mən həmçinin Azərbaycan mədəniyyətinin Koreyada tanıdılması istiqamətində işləri davam etdirməyi planlaşdırıram. Mən Azərbaycan tarixini yazmaq üçün neçə illərdir ki, materiallar toplayıram. Hər il Azərbaycanı 10 minlərlə koreyalı turist ziyarət etdiyi üçün “Azərbaycanı tanımaq” adı altında Azərbaycan tarixi, dili, folkloru, dini və cəmiyyətinə dair “cib dəftəri” dərc olunacaq. Mən Koreya Universitetinin Rusi dili və ədəbiyyatı departamentində 3 Qafqaz ölkəsinin, o cümlədən Azərbaycanın tarixi və mədəniyyətinə dair mühazirə deyəcəyəm.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR