Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun APA-ya müsahibəsi
- Sərdar müəllim, Üzeyir Hacıbəyli irsi lazımınca öyrənilibmi?
- Bəlkə də ən çox öyrənilən bəstəkarımız elə Üzeyir Hacıbəylidir. Lakin dahilərin xüsusi bir cəhəti var ki, onları nə qədər öyrənsən də, tədqiqat üçün yenə müəyyən sahələr qalır. Bu gün hər sahədə Üzeyir bəyi öyrənən alimlərimiz var, çünki o, təkcə bəstəkar deyil, həm də pedaqoq, jurnalist, ictimai-siyasi xadim olub. Ancaq bir musiqiçi kimi deyə bilərəm ki, hər il Üzeyir bəyə həsr olunmuş konfranslar keçirilməsinə baxmayaraq, hərdən konfranslardakı mövzularda da yeniliklər görülür. Bu da bizə deməyə əsas verir ki, Üzeyir bəy irsi hələ də öyrənilir, araşdırılır.
- Bunu niyə soruşdum? Müsahibələrinizdən birində şikayət tonuyla deyirsiniz ki, Üzeyir bəyin irsi tam öyrənilməyib.
- Mənim narazılığım onun “Şah Abbas və Xurşud Banu” operası barəsində idi. İstəyirəm ki, böyük hünər sahibi olan bir kimsə çıxsın, həmin operanı tapıb səhnəyə qaytarsın. Axı Üzeyir bəyin neçə-neçə əsəri vaxtilə səhnədə olsa da, sonradan səhnədən çıxarılıb. Bəzi əsərləri o vaxtkı ideologiyaya xoş gəlməyib.
- “Şah Abbas və Xurşud Banu” heç səhnələşdirilməyib?
- 30-cu illərə kimi səhnələşdirilib. Lakin səmum yelləri əsməyə başlayanda, o da, başqa əsərləri də səhnədən götürülüb və bir daha səhnəyə qaytarılmayıb. Bundan sonra həmin əsərlərin notlarının əksəriyyəti itib-batıb. Əlimizdə olan not materialları isə operanı tam olaraq ortaya qoymağa imkan vermir.
- O zaman bərpa prosesində bəstəkar nə etməlidir?
- Artıq bəstəkar özündən nəyisə əlavə etməlidir.
- Siz, deyəsən, “Şeyx Sənan” operasını eyni qayda ilə yenidən işləyib bərpa etmisiniz.
- “Şeyx Sənan”ı bütünlükdə yox, 3 hissəsini işlədim, ondan sonra səsləndirildi. “Şeyx Sənan”dan heç nə yox idi. Tarixçilər yazırdı ki, bu əsər məhv olub.
- Siz o fraqmentləri hardan tapıb bərpa etdiniz?
- Bu da mənim sirrimdir. Əlbəttə, tədqiqatlar apardım. Həm də əsərin librettosu var idi. Artıq ədəbi mətndən şeirin vəzni və bəzi musiqiçilərin şübhəli əsərləri bu əsərlərin Üzeyir bəyə aid ola biləcəyini güman etməyə imkan verdi. Bəziləri gümanımızı doğrultmadı, bəziləri doğrultdu. Mən də onlardan istifadə elədim.
- Üzeyir bəyin daha hansı əsərləri itib?
- Onun “Rüstəm və Söhrab” operası 1910-cu ildə yazılıb. O əsər dəfələrlə səhnələşdirilmişdi. Lakin günümüzə gəlib çatmayıb. Elə şeylər var ki, onu hər adam edə bilməz. Üzeyir bəyin yaradıcılığına dərindən bələd, müəyyən müvəffəqiyyətləri olan bəstəkar o araşdırmaları aparmalı, əsərləri tapıb bərpa etməlidir.
- Siz himnimizi də tapıb aşkara çıxarmısınız.
- Mənə qismət oldu, Üzeyir bəyin 1919-cu ildə yazdığı marşları tapıb üzə çıxardım. Onlardan biri də “Azərbaycan marşı” adlanırdı, həmin marş bu gün himnimizdir. Onun haqqında ilk məqaləni 1989-cu ildə mən yazmışam.
- Siz onu üzə çıxaranda Azərbaycan Demokratik Respublikasının himni olduğunu bilirdiniz?
- Yox, bilmirdim. Əslində, bəzi sənədlər başqa faktları göstərir. O dövrdə ADR-in rəsmi himni olmayıb. Himn müsabiqəsi keçirilmiş və Üzeyir bəyin bu marşı müsabiqədə qalib seçilmiş, amma himn kimi təsdiq olunmamışdı.
- Siz bunu üzə çıxardınız, sonra hərəkat zamanı Azadlıq meydanında səsləndirildi.
- Bəli, bəstəkar dostumuz Aydın Əzimov onu orkestr üçün işlədi və daha sonra ifa olundu.
- Siz onu himn kimi üzə çıxarıb təqdim etmişdiniz?
- Yox, mən onu Üzeyir bəyin naməlum iki musiqisi kimi ortaya çıxarmışdım. O marşın ADR-də himn müsabiqəsindən keçməsi barədə heç bir məlumatım və təsəvvürüm yox idi. Bir şeyi qeyd etmək istəyirəm. Biz tez-tez qeyd edirik ki, bizim indiki himnimiz ADR-in himni olub, ancaq bu sənədlərlə təsdiq olunmayıb. O dövrdə səslənib, amma himn kimi səslənib, yoxsa gözəl musiqi kimi səslənib, bilinmir. Biz hərdən qabağa qaçıb tarixi yazır, möhürünü də vururuq ki, belədir. Ancaq mən lap dəqiq deyim. 1966-cı ildə Türkiyədə “Yüz türk marşı” adlı kitab çıxıb. O kitab həmin illərdə Türkiyədə yaşayan bir azərbaycanlı tərəfindən Bakıya gətirilmiş, muzeyimizin o vaxtkı direktoru Ramazan Xəlilova verilmişdi. Ramazan Xəlilov da ehtiyatlı adam idi, kitabı üzə çıxarmağa tələsmədi. Üstündən bir neçə il keçəndən sonra mənə göstərdi. Mən birinci dəfə o notları görəndə çox sevindim və bir məqalə yazaraq notlarla birlikdə qəzetdə verdim. Sonra bu marş yayıldı və bizim himnimizə çevrildi. Deyim ki, Üzeyir bəyin hər bir əsəri bizim üçün əzizdir.
- Himnimiz barədə bir neçə dəfə tənqidi fikirlər səsləndirilib. Bəziləri deyirlər ki, əksər ölkənin himni major notlar üzərində olduğu halda, bizim himnimiz minor notlar üzərindədir. Bundan başqa, melodiyanın uzun olmağına irad bildirənlər də var.
- Bu bir qədər diletant söhbətdir. Mən bizim himndə kədər hiss etmirəm, əksinə himnimizdə vətənpərvərlik hissi çox güclüdür. Uzunluğuna gəldikdə isə uzun deyil, dünyada bizim himndən uzun himnlər var. Sovet dövründəki himnimiz bundan da uzun idi.
- Sərdar müəllim, muzeyin hazırkı durumu nə vəziyyətdədir?
- Muzeyin binası 2005-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olundu. Ola bilsin ki, binanın harasındasa kosmetik işlərə ehtiyac yaransın, amma ümumilikdə vəziyyəti yaxşıdır. Üzeyir bəy buranı 1915-ci ildə alıb və 27 il burada yaşayıb. Sovet hökuməti qurulanda bir müddət iki otağını Üzeyir bəydən almışdılar, sonradan özünə qaytarıblar.
- Muzey “Sovetski”də yerləşir, burada da müəyyən işlər gedir. Gələcəkdə buranın sökülməsi və ya köçürülməsi kimi bir plan yoxdur ki?
- Yox, elə bir məsələ gündəmdə deyil.
- O illərdə bir bəstəkarın maddi şəraiti belə bir ev almağa imkan verirdi?
- Əvvəla Üzeyir bəy çox zəhmətkeş adam idi. Onun məktublarını oxuyanda ağlına heyran qalırsan ki, yazdığı hər operanı, operettanı səhnəyə qoyarkən ordan nə qədər qazanacağını da unutmurdu. Üzeyir bəy Peterburqa təhsil almağa gedəndə “Nicat” cəmiyyəti ilə müqavilə imzalamışdı. Cəmiyyət ona ayda 250 manat qonorar ödəyirdi. Müslüm Maqomayevi öz vəkili təyin etmişdi, o hər ay həmin qonorarı alıb bir hissəsini Üzeyir bəyə göndərir, digər hissəsini isə ailəsinə çatdırırdı. Bəziləri səhv olaraq yazırlar ki, Üzeyir bəy təhsil almağa gedəndə Müslüm Maqomayev ona maddi yardım edirmiş. Müslüm Maqomayev o vaxtı hələ bəstəkar kimi bir opera belə yazmamışdı, onun o qədər gəliri yox idi. Sadəcə, Üzeyir bəylə yaxın dostu idi, onun əvəzindən pulu alıb bölürdü. Deməyim odur ki, Üzeyir bəyin qazancı ilə bu cür evlərdən birini almaq real idi.
- Yəni o dövrdə bəstəkar normal dolana bilirdi?
- Bəstəkar deyəndə ki, onda bir Üzeyir bəy vardı, bir də qardaşı Zülfüqar Hacıbəyov. Yaxşı dolanırdı və qazancı ilə böyük bir ailə saxlayırdı. Üzeyir bəyin uğurlarının arxasında çox ağır zəhmət dayanır. Sadəcə, Allahın onun üzərində nəzəri o qədər böyük idi, qələmindən çıxan bütün əsərlər gözəl alınırdı. Hər adam gecə-gündüz yaza bilər, amma hamının musiqisi onun musiqisi qədər gözəl ola bilmir.
- Üzeyir bəy Azərbaycan tarixində bəlkə də yeganə şəxsdir ki, təkcə bu xalq üçün elədiklərinə görə deyil, həm də şəxsi keyfiyyətlərinə görə az qala peyğəmbər kimi qəbul edilir.
- Peyğəmbərlər kim olublar? Böyük zəka sahibi, xeyirxah və özlərinə qədər olmayan şeyləri ortaya çıxaran, səmimi və səxavətli şəxslər olublar. İndi Üzeyir bəyə baxaq. Ona qədər Azərbaycan musiqi incəsənəti deyə bir şey olmayıb. Təkcə “Leyli və Məcnun”u yazmaqla həm musiqili teatrı yaratdı, həm operanın əsasını qoydu, həm milli musiqi artistlərimiz yarandı, həm də ilk bəstəkarımız oldu. “Leyli və Məcnun”dan sonra Azərbaycan musiqi mədəniyyətində professional musiqi mərhələsi başladı. Məhəmməd peyğəmbərə qədər də İslam yox idi. Üzeyir bəy musiqi məktəbləri yaratdı. Peyğəmbərlər də məktəb yaradıblar. Muzeyin qarşısında indi Tusi Adına Gimnaziya yerləşir. O vaxt yetimxana idi. Üzeyir bəy hər ay o yetimxanaya yardım göstərirdi. Yaxınlıqda qoca kişilər yaşayırdılar, mən onları görmüşdüm. Danışırdılar ki, hər Novruz bayramında bizim yetimxanaya, ətrafda yaşayan yoxsul insanlara Üzeyir bəy sovqat - paltar, ayaqqabı, pul göndərirdi. Tutduğu böyük vəzifədən asılı olmayaraq, hər adam bunu eləmir. Mən Üzeyir bəyin geyindiyi kostyumlara baxmışam, bir kostyumu beş-altı il, nimdaş hala düşənə qədər geyinirdi. Halbuki hər ay özünə təzə əyin-baş ala bilərdi. Ona görə də Üzeyir bəyi Azərbaycan mədəniyyətində heç kəslə müqayisə etmək olmaz.
- Onun Səməd Vurğun kimi ova getmək və başqa həvəsləri olmayıb?
- Demək olar ki, dünyanın zövq-səfasından uzaq bir həyat yaşayıb. Bəlkə də özünə diqqət eləsəydi 63 il yaşamazdı.
- Yeri gəlmişkən, peyğəmbər də 63 yaşında vəfat edib.
- Bəli.
- Onun həyatı, irsi ilə yaxından tanış bir şəxs kimi deyə bilərsinizmi, heç həyatında hansısa səhvləri olubmu? Məktublarda, sənədlərdə belə bir şeyə rast gəlmisinizmi?
- Yox... Yox. Bunu məndən qabaq muzeyin direktoru olan Ramazan Xəlilov da demişdi. O deyirdi ki, Əfqanıstan kralını, İkinci Nikolayı, Kirovu, Yesenini, kimləri-kimləri görüb. Bütün bunlara rəğmən Üzeyir bəydən yüksək adam görməyib. Bunu 99 il ömür sürmüş Ramazan Xəlilov deyirdi. Üzeyir bəyin əlindən həmişə yaxşılıq gəlib. Pul qazanıbsa da, onu yığmayıb, yetimlərə, imkansızlara xərcləyib. Daha doğrusu, Üzeyir bəyin əlinə demək olar pula dəyməyib. Akademiyadan, Bəstəkarlar İttifaqından, konservatoriyadan onun maaşını bacısı oğlu Camal Paşayev götürürdü və Üzeyir bəyin göstərişinə əsasən paylayırdı.
- Bəstəkarlar İttifaqının fəaliyyəti haqqında danışaq. Sərdar müəllim, bəziləri hesab edir ki, Bəstəkarlar İttifaqının fəaliyyətində durğunluq var. Sovet zamanında da Bəstəkarlar İttifaqının fəaliyyəti bu qədər durğun idi?
- Sovetlər zamanında ölkə böyük idi. Bu böyük ölkədə Azərbaycan bəstəkarlarının da inteqrasiya olunmasına imkan var idi. Azərbaycan bəstəkarları da Moskvada, müxtəlif ölkələrdə çıxış edirdilər. Müəyyən mənada hardasa Bəstəkarlar İttifaqı Moskvanın qarşısında hesabat verirdi. İndi biz azadıq, heç yerə hesabat vermirik. Durğunluq da bəlkə müəyyən qədər ordan yaranır. Azərbaycan Bəstəkarları İttifaqında musiqişünasların sayı bəstəkarlardan çoxdur. Bununla belə musiqişünaslar aktiv deyil. Bu yaxında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət festival keçirildi, amma o qədər musiqişünasın heç biri bunun haqqında təhlil yazıları yazmadılar. Bir-iki nəfərin tərifi ilə isə inkişaf olmur.
- Bu yaxında keçirilən qurultayda hazırkı sədr Firəngiz Əlizadəyə alternativin olmaması da İttifaqdakı durğunluqdan xəbər vermirmi? Bir nəfər namizəd oldu, hamı da yekdilliklə onu sədr seçdi.
- Durğunluğun birinci göstəricisi elə budur. İnsanlarda biganəlik yaranır. Bəlkə də heç kəs nəyinsə dəyişəcəyini gözləmir və inanmır.
- Mən bir neçə gənc bəstəkarla söhbət elədim və gördüm ki, şəraitlə barışıblar, sadəcə, rəsmiyyət xətrinə qurultayda iştirak edirlər. Halbuki ən azı Azərbaycan Yazıçılar Birlində olduğu kimi, gənclərdən kimsə namizədliyini irəli sürə bilərdi.
- Keçən qurultayda da alternativ olmamışdı. Görünür, artıq biz buna öyrəşirik. Nə deyim, vallah. Hər halda düşünməli mövzudur.
- Sizin nə təklifiniz var?
- Mənim heç bir təklifim yoxdur. Çünki mən də bu hadisələrin iştirakçısıyam. Bəlkə də mənim özümün də biganəliklə yanaşmağımın səbəbi yenilik gözləməməyimdir. Yəqin hardasa hiss edirik ki, nəsə etmək əbəsdir, ona görə də sakit oturub biganə kimi baxırıq.
- Axı bunun nəticəsində zərər görən Azərbaycan musiqisi olur.
- Bunu təkcə sıravi bəstəkarlar həll edə bilməz. Özü də təkcə Bəstəkarlar İttifaqının problemi deyil. Ümumiyyətlə, yaradıcı insanlar əslində, “Bu gün nə lazımdır” sualına 100 faiz cavab tapa bilmirlər. Çünki nəsə istəyirsən, o istəyə müəyyən mənada cavab verilməlidir. Ona görə də artıq heç kəs heç nə istəmir, çünki cavabını əvvəldən bilirlər.
- Bayaq dediniz ki, Üzeyir Hacıbəyli o vaxt öz pulu ilə ev alıb. Hazırkı dövrdə bəstəkarlarımızın bu cür prestiji varmı?
- Mən sizə deyim, 50-60-cı illərdə sənət meydanına gələn bəstəkarlar 30 yaşına kimi evlə təmin olunurdular. 70-80-ci illərdə də bu ənənə davam edirdi. Şəxsən mənim taleyim elə gətirdi ki, biz Qorbaçovun dövrünə düşdük, sistem məhv oldu və mən yalnız ev növbəsinə dura bildim. İndiyə kimi də ev növbəsindəyəm. Heç kəs də maraqlanmır ki, 30 ildir ev növbəsinə dayanmışam və müvəqqəti yaşayış yeri kimi Biləcəri qəsəbəsində, heç bir şəraiti olmayan iki otaqlı evdə yaşayıram. Bunu ara-sıra hardasa dilə gətiririk, amma baxan yoxdu.
- O zaman evlə təmin olunmamısınız?
- Baxmayaraq ki, Bəstəkarlar İttifaqının katibi də olmuşam, xalq artistiyəm, bu gün ən pis ev şəraitində yaşayanlardan biri də mənəm.
- Nə əcəb əlaqədar təşkilatlara müraciət etmirsiniz? Hazırda bir çox sənətkar mənzil üçün müraciət edir və təmin olunur.
- Bilirsiniz, mənim üzv olduğum Bəstəkarlar İttifaqı ən yüksək instansiyaya belə müraciət etmişdi. Mədəniyyət Nazirliyi tərəfindən də cavab verildi ki, vaxtı çatanda mənim məsələmə baxılacaq. Biri var insanın iki-üç yerdə evi ola, oğlu, nəvəsi üçün müraciət edə, biri də var, 30 ildir növbədə ola və şəraitsiz evdə yaşaya.
- Prezidentin mədəniyyət xadimləri ilə görüşündə Firəngiz Əlizadə bəstəkar Yaşar İmanova mənzil verilməsi üçün müraciət elədi və Yaşar İmanov qısa müddətdə mənzillə təmin olundu. Bəlkə Siz də müraciət edəsiniz?
- Firəngiz xanım Prezidentlə görüşdə bir yox, bir neçə adamın adını çəkə bilərdi, çəkmədi. Bunun özü də çox şeydən xəbər verir.
- Bəlkə fərdi müraciət edəsiniz?
- Bilmirəm... İllər keçdikcə adam yorulur, həm də laqeydlik bir balaca adama toxunur. 30 il mənzil növbəsində olan adamam, nə deyim?
- Amma mənzil çətinliyi yaradıcılığınıza deyəsən təsir etməyib, əsərlər yaratmağa davam edirsiniz.
- Müəyyən mənada təsir edir. Əlbəttə, sən iki otağın içində yaradıcılıqla rahat şəkildə məşğul ola bilmirsən. Piano çalırsan, qonşu qapını taqqıldadır, yavaş çal. Daş divar deyil, alçipan kimi bir şeydir. Qonşu qapını döyür, bundan sonra da həvəs ölür.
- Belə hallar çox olub?
- Əlbəttə. Qonşu bir dəfə divarı döyəcləyəndən sonra gələn dəfə çalışmağa həvəsin qalmır. “Həvəs gələndə bəstəkar oturub əsər yaradır” məsələsi bizim üçün deyil. Maaşla ev almaq olmaz, ev almaq üçün böyük qonorarlar lazımdır. Odur ki, bəlkə də siz qoyduğunuz problemləri qurultayda qaldırmaq olardı, sədr bəstəkarların yaşayışı ilə bağlı suallar qaldıra bilərdi, ancaq görünür, bunlar onun üçün əhəmiyyətsiz şeydir.
- Siz Xəyyam Mirzəzadənin tələbəsi olmusunuz. O, sözünü deyən insan idi. Nə əcəb qurultayda çıxış edib bu problemləri özünüz dilə gətirmədiniz?
- Axırıncı dəfə bizim gurultulu qurultayımız 2007-ci ildə keçdi. Orda çıxışlar oldu, elə Xəyyam Mirzəzadə, Arif Məlikov, başqa bəstəkarlar da çıxış elədilər. Ancaq çıxışlar elə çıxış kimi də qaldı.
- Problemlər həllini tapmadı?
- Yox.
- Belə anlaşılır ki, problemi dilə gətirsəniz də, həll olunmayacağına görə susursunuz.
- Bəli.
- Yaradıcılığınız nə yerdədir? Yeni əsərlər yaradırsınız?
- Bu yaxınlarda “Cavad xan” baletim səhnələşdirildi. Bu mənim üçün fərəhli bir iş oldu, hər halda bəstəkarlar həmişə balet yazmırlar. Çünki balet ağır janrlardan biridir. Sonra daha bir ağır əsərim - “Sonsuzluq karvanı” adlı oratoriyam ərsəyə gəldi. Bəstəkarlar İttifaqının qurultayqabağı keçirdiyi festivalda onun 3 hissəsi səsləndirildi.
- “Nəsimi ili”nə Siz də töhfə verməyi düşünürsünüz?
- Əvvəl Nəsimi ilə bağlı bir neçə romans yazmaq istədim. Sonra fikirləşdim ki, Nəsimi haqqında opera yazmaq daha yaxşı olardı. Qismət olsa, yazacam. Ancaq hələ ki, masamda bir neçə yarımçıq əsər var. Biri Hüseyn Cavidin “Ana” pyesi haqqında yazılmış “Ana”, digəri “Dədə Qorqud” dastanı mövzusunda yazılmış “Beyrək” operasıdır. Bunların musiqisi demək olar ki, hazırdır, sadəcə, yazmaq şəraitim yaxşı olsaydı, daha sürətlə işləyərdim. Çox istərdim ki, yaxın zamanda “Ana” operasını təqdim edim.
- Səhnələşdirilməsi nə vaxta baş tuta bilər?
- Onu mən deyə bilmərəm. Çünki səhnə əsərinin yazılması və onun səhnə təcəssümü ayrı-ayrı proseslərdir.
- Bəstəkarlarımız irihəcmli musiqi əsərlərinə niyə az müraciət edirlər?
- İndi daha çox mahnı meydanıdır. Hərdən çox istedadlı bəstəkarlarımız kommersiya mahnıları yazırlar. O da lazımdır.
- Siz nə əcəb mahnı yazmırsınız?
- Mən yaşıma görə bunu özümə yaraşdırmıram. Gəncliyimdə də mən ifaçıların dalınca qaçmamışam. O sahədə şərtlər bir az başqa cürdür. Gərək ifaçını yalandan da olsa tərifləyəsən. Mən də bu işlərdən uzağam. Həm də, doğrudan da, fikrimdə irihəcmli əsərlər var, mən ora köklənmişəm, parçalanmaqdan qaçıram. Ancaq istər-istəməz parçalanmağa məhkumuq. Sadəcə, bir şeyi fikirləşirsən ki, illər keçir və sən... Bilirsiniz, əvvəllər mən Üzeyir bəyin yaradıcılığına çox bağlanmışdım, nə mümkündür, eləmişəm. İndi təzədən onun yaradıcılığına qayıtmaqdan qorxuram. Buna vaxtım da, gücüm də azdır. Ona görə fikirləşirəm, məndən sonra kimsə - başqa bir bəstəkar onun yaradıcılığına müraciət edər, qoy, mən bir az da öz yaradıcılığımla məşğul olum.