• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:33 15 mart 2021

“Ermənistanda respublikanı tərk etmək əhval-ruhiyyəsi üstünlük təşkil edir” - AiF-in İrəvandan reportajı

“1991-ci ildən bu günə kimi Ermənistanı 1 milyona yaxın (bəzi ehtimallara görə 1.5 milyon) insan tərk edib. Bu, Ermənistan əhalisinin 1/3-i deməkdir. Bu gün ermənilər özlərinin gələcəyini Ermənistanda görmürlər və ölkədə hazırda bu əhval-ruhiyyə üstünlük təşkil edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalist Georgi Zotovun Ermənistandan hazırladığı, Rusiyanın “Arqumentı i faktı” (AiF) qəzetində dərc olunan növbəti reportajda deyilir.

““Qorxu filminin komediyası”. Ermənistan SSRİ-nin dağılmasından sonra 30 il necə yaşayıb?” adlı reportajda müəllif Ermənistan əhalisinin ağır sosial-iqtisadi vəziyyətdə yaşadığını, müstəqillik illəri ərzində heç bir hökumətin insanların yaşayışının yaxşılaşması istiqamətində heç bir iş görmədiyini yazıb.

Müəllif qeyd edir ki, İT firmasının əməkdaşı Riçi Qriqoryan professional jurnalist olan həyat yoldaşı ilə İrəvandan Moskvaya köçməyə hazırlaşır: “Mən Ermənistanı çox sevirəm, amma burada nə özüm üçün, nə də uşaqlarım üçün gələcək görürəm. Hətta mənim yüksək məvacib alan tanışlarım da respublikanı tərk etməyə hazırlaşırlar. Hazırda ölkədə bu əhval-ruhiyyə üstünlük təşkil edir”, - deyə Qriqoryan bildirib.

Müəllif yazır: “Perestroykadan sonra Ermənistan Sovet İttifaqından ayrılmağı həvəslə dəstəklədi, SSRİ-nin qorunub saxlanmasına dair referendumda iştirak etməkdən qəti şəkildə imtina etdi: 1991-ci il sentyabrın 21-də ermənilərin 99,51%-i respublikanın müstəqilliyinə səs verdi. Bu 30 ildə nə baş verdi? Burada fərqli fikirlər var, baxmayaraq ki, bu fikirlər bir nöqtədə üst-üstə düşür: müstəqil həyat əvvəldən təsəvvür edildiyinin əksinə olaraq şirin-şəkərdən uzaq oldu.

Biznesmen Vladimir Mirzoyan deyir ki, Azərbaycanla müharibə zamanı Ermənistan Türkiyə tərəfindən blokadaya alınıb, elektrik stansiyaları mazut və qazsız qalıb, ərzaq təchizatı kəsilib, benzin yoxa çıxıb: “1992-ci ilin noyabrından bəri evlərə elektrik enerjisi gündə 1 saat verilirdi. Şamlar dəhşətli dərəcədə bahalaşdı, ermənilər bazarlarda qədim kerosin lampaları almaq məcburiyyətində qalmışdı. Mənzilə elektrik yalnız kimsə öləndə verilirdi. Həmin dövrlərin bir erməni zarafatı vardı: "İşığı yandırmaq istəyirik, ölünüzü bir günlük borc verməzsiniz?" Belə təəssürat vardı ki, ermənilər qorxu filmindədirlər, lakin biz ora bir az komediya əlavə etmişdik”.

Jurnalist yazır ki, İrəvanda olan zaman şəhərin mərkəzində 32 il öncə Leninakanda (indiki Gümrü) baş vermiş zəlzələdən əziyyət çəkənlərin piket keçirdiyinin şahidi olub: “Onlar hökumət binasının önündə aksiya keçirib, mənzil verilməsini tələb edirdilər. 7 dekabr 1988-ci ildə Leninakan və Kirovakanı praktiki olaraq məhv edən dəhşətli zəlzələdən 32 il keçib. Təbii fəlakət zamanı 25 000 sakin həlak oldu. Sovet İttifaqı daha sonra bütün respublikalardan ora işçi qüvvəsi göndərdi və üç ildə on min mənzil sürətli bir templə inşa edildi. SSRİ-nin dağılmasından sonra isə tikinti dayandı - artıq vahid dövlət yox idi. Beləliklə, təsəvvür edin - Leninakanda evlərini itirənlər arasından 5 min nəfər hələ də şifer və fanerlərdən tikilmiş "müvəqqəti evlərdə" (Bombeyın məşhur gecəqondularını xatırladan) və əvvəllər inşaatçıların yaşadıqları kiçik vaqonlarda yaşayır”.

“Onlar deyirlər ki, pul yoxdur. Hər cəfəngiyyata pul var, amma insanları tövlələrdən normal mənzillərə köçürməyə pul tapılmır. Bütün prezidentlər və baş nazirlərin dövründə eyni şeyi eşidirəm. Onlara tüpürmək istəyirəm”, - deyə Gümrü sakini Astine Saribeqyan bildirir.

Ermənistanda rus dilinin tədrisi səviyyəsindən danışan müəllif qeyd edir ki, 1993-cü ildə milliyyətçi eks-prezident Levon Ter-Petrosyanın əmri ilə rus məktəbləri bağlanıb, təhsil ancaq erməni dilində aparılıb. İndi vəziyyət dəyişib. Orta məktəblərin 2-ci sinfindən başlayaraq uşaqlara rus dili tədris olunur.

Rusiyalı jurnalist məqaləsində Ermənistanda faşist Qaregin Njdenin qəhrəmanlaşdırılması barədə də yazıb: “Milliyyətçilər əvvəlcə 9 May - Qələbə gününün qeyd edilməsini də ləğv etmişdilər. İrəvanda mənim üçün çox xoşagəlməz bir yer var - Qaregin Njdenin bürünc abidəsi. Aidə “rusiyapərəst” prezident Serj Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ildə ucaldılıb. Njde Hitlerə sədaqətlə xidmət edib, Vermaxtın erməni legionunu yaradıb. Sovet hərbi əsirlərini nasist Almaniyası tərəfində döyüşmək üçün təşviq edib. 1944-cü ildə Qızıl Ordu tərəfindən Bolqarıstanda həbs edilib və 1955-ci ildə məşhur “Vladimirski sentral” həbsxanasında ölüb. Njdenin abidəsinə çiçək gətirən 69 yaşlı Aşot Baqdasaryan “O Ermənistana pərəstiş edirdi” deyə abidənin qoyulmasına haqq qazandırmağa çalışır. Ona “Hitlerə pərəstiş etdiyini düşünürəm. Bilirsiniz, ataman Krasnov və general Vlasov da Rusiyaya qarşı nəcib hisslər bəsləyirdilər. Lakin milyonların qatili ilə qucaqlaşdıqdan sonra bunun heç bir əhəmiyyəti yoxdur”- deyə onun sözünü kəsirəm”.

G. Zotov yazır ki, Ermənistanın Sovetlər İttifaqının tərkibindən çıxmaq üçün bu qədər həvəsli olduğuna 30 il sonra ümumiyyətlə inanmaq olmur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR