• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:20 31 yanvar 2023

Qafandakı kilsələrin ermənilərə aidiyyəti yoxdur, hamısı alban dövrünə aiddir - QƏRBİ AZƏRBAYCANI TANI

APA “Qərbi Azərbaycanı tanı” adlı yeni layihəyə başlayır. Layihənin məqsədi Qərbi Azərbaycan bölgəsinin tarixi, coğrafiyası, mədəniyyəti, abidələri, əhalisinin həyat tərzi və məişəti haqqında ətraflı məlumat təqdim etmək, oxuculara, xüsusən gənc nəslə tanıtmaqdır. Layihənin ilk qonağı isə əslən Qafandan olan, AMEA Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi şöbəsi”nin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovdur.

Zəngəzur 7 rayondan ibrətdir: Qarakilsə, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın. Qafan Zəngəzurun tən ortasında yerləşən qədim Azərbaycan torpağıdır. Bütövlükdə götürdükdə, Qərbi Azərbaycan bölgəsində, Zəngəzurun özündə XIX əsr kameral siyahılarında 1832, 1833, 1874-cü illərdə çar Rusiyası işğalına qədərki dövrə qədər burada yaşayan 223 mindən çox əhalinin tam əksəriyyəti azərbaycanlı olub. Qərbi Azərbaycan ərazisində oğuz türklərinin bayandur, qayı, xələc, çəpni tayfaları, xüsusilə qayı türklərinin qacar, baharlı, zəngənə, zülqədər, padar, çoban qəbilələrinin adı ilə bağlı yüzlərlə toponim vardır. Qarakilsə, Qafan və Zəngilanda bir neçə Baharlı kəndinin olmasını məhz eyni adlı tayfanın bu ərazidə geniş yayılması ilə izah etmək mümkündür. Qərbi Azərbaycan bölgəsinin Qafan rayonundakı Qacaran, Avşarlı, Çəpni, Çullu, Xələc, Çobanlı, Dərzili; Gorus rayonundakı Bayandur, Yaycı; Qarakilsə rayonundakı Baharlı, Uz, Murxuz, Burcalar Dərzili, Zabazadur; Qubadlı rayonundakı Xələc, Padar, Dondarlı; Zəngilan rayonundakı Baharlı, Bürünlü, Ördəkli kəndlərinin adları məhz 24 oğuz tayfasının adı ilə bağlıdır. Zəngəzurdakı bəzi yaşayış məntəqələrinin tarixi isə çox qədimdir və bu toponimlərə qədim Urartu mixi yazılarında da rast gəlinir. Qərbi Azərbaycan torpaqlarının Zəngəzur ərazisindəki hidronimlərin də demək olar ki, hamısı (Bazarçay, Bərguşad, Oxçu çayı, Çaundur çayı, Oxdar çayı, Bəsitçay, Əyri çay, Dəli çay, Padarçay, Qazangöl, Qaragöl və s.) Azərbaycan dilindədir. Ümumiyyətlə, demək olar ki, apardığımız ətraflı tarixi, etnoqrafik, linqvistik, toponomik tədqiqatlar tam qətiyyətlə deməyə əsas verir ki, bir neçə kəndi çıxmaqla, Qərbi Azərbaycan ərazisində erməni mənşəli heç bir topomorfant yoxdur. Rusiya imperiyası işğalından sonra həmin ərazi (qərb hissəsi istisna olmaqla) 1813-cü il müqaviləsinə görə, Rusiya İmperiyasının tabeliyinə keçdi. 1828-ci il Türkmənçay müqaviləsinə görə isə, İrəvan, Naxçıvan xanlığı, Qarabağ xanlığının qərb hissəsi də Çar Rusiyasının müstəmləkəsinə çevrildi. Qərbi Azərbaycan əhalisi, əsas etibarilə, təbii coğrafi nöqteyi-nəzərindən əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olub. Hətta sizə deyim ki, Mehri rayonu ərazisində yerləşən Aldərə kəndində yetişən meyvələr orta əsr Avropa və Şərq səyyahlarının əsərlərinə öz əksini tapmışdır. Bu az şey deyil. XX əsr tarixinə baxdıqda görürük ki, orada müəyyən sənaye sahələri yaranıb. Xüsusilə Qafan ərazisində yaradılan mis-molibden kombinatı diqqəti çəkir. Bu, 1937-ci ildən sonraya aiddir. Amma onu da deyim ki, bu cür sənaye obyektlərinin nəticəsinə Qafan və bütövlükdə Zəngəzurun ekologiyasının çirklənməsində, zəhərlənməsində böyük payı olub. Bu, olduqca böyük ekoloji zərbə deməkdir. Məsələ burasındadır ki, bu cür kombinat Mehri rayonu ərazisində də vardır. Hər iki kombinatın çirklənmiş suyu Araz çayına, oradan da Azərbaycan Respublikası ərazisinə axır.

Qərbi Azərbaycan bölgəsinin Qafan rayonunun əhalisinin məişəti və mətbəxi də olduqca zəngindir

Qərbi Azərbaycan ərazisinin Qafan rayonunun əhalisinin məişəti və mətbəxi də olduqca zəngindir. Onlar mayalarının yoğurulduğu torpaqlardan mərhum edilsələr də, hazırda Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşıb özlərinin məişət və mətbəx həyatlarını yaşatmaqdadırlar. Bütövlükdə Zəngəzur mətbəxi Azərbaycan milli mətbəxinin tərkib hissəsidir. Amma elə unikal yeməkləri var ki, başqa yerlərdə ondan yoxdur. Məsələn, “qovurma” adlı ekoloji cəhətdən çox təmiz qidanın Qafan və Zəngəzurda və bütün Qərbi Azərbaycan bölgəsində bir neçə növü var. Onu da deyim ki, Zəngəzur əhalisi və o cümlədən qafanlılar çox uzunömürlüdürlər. Məsələn, mənim babam 94 il yaşayıb, atam 85, onun dayısı 101 il, nənəm 100 il yaşayıb. Bu göstərici təkcə bizim ailəyə aid deyil. Bütün Qərbi Azərbaycan - Qafan və Zəngəzur əhalisinə aiddir. Bu da Qafan və Zəngəzurun təbiəti ilə əlaqədardır. Qafanın dadı ilə seçilən bulaqları var. Hər bulağın, hər kəhrizin suyunun özünəməxsus dadı var. Qafan rayonu ərazində yerləşən Xustub dağının və Mehri rayonunu Ordubaddan ayıran Ələngəz dağının başında həmişə qar olur. Yayın istisində belə qar ərimir.

Məsələn, Mehri stansiyasında sərnişinlərə satılan biletin üstündə yazılırdı: Azərbaycan Dəmir Yolları. Yəni dəhlizin mülkiyyət mənsubiyyəti hüquqi baxımından Azərbaycan Respublikasına aid olmasına şübhə yoxdur

XII-XIII əsr mənbələrində yuxarıda adını hallandırdığım Aldərə kəndinin adı çəkilir. Bu, həmin ərazinin olduqca qədim köklərə malik olması deməkdir. Onu da deyim ki, Avropa səyyah və kartoqrafçılarının, coğrafiya mütəxəssislərinin çəkdikləri xəritələrdə toponimləri Azərbaycan adları formasında veriblər. 1819, 1823, 1830, 1840, 1847, 1856-cı il xəritələrində dediyimiz faktları görə bilərik. Yəni bu onun sübutudur ki, bu torpaqlar Azərbaycan xalqına məxsus torpaqlardır. Qaldı ki, ermənilərin Qərbi Azərbaycan torpaqlarına köçürülməsi, bu həmişə məndə gülüş və təəccüb doğurub. Çünki bu köçürmə işinə rəhbərlik edənlər rus məmurları idi. Başda səfir Qriboyedov olmaqla, Şopen, Verinka, Şavrov kimiləri birmənalı olaraq yazırlar ki, qacarlar İranı ərazisindən 40 min, Osmanlı Türkiyəsi ərazisindən 85 min ermənini dövlət olaraq Çar Rusiyası köçürüb. Məsələ orasındadır ki, istər xanlıqlar dövründə, istər Azərbaycan Səfəvilər İmperiyası, istərsə də Əfşarlar imperiyası dövründə əhalinin yerdəyişməsi prosesi baş verib. O cümlədən, ermənilərdən bir neçə ailə İrəvan yaxınlığında yaşayıb. Amma bu o demək deyil ki, onlar bu torpağın avtoxton əhalisidir. Bu ərazilərin avtoxton əhalisi, birmənalı olaraq, azərbaycanlılardır. Bunu təkcə tarixi mənbələr deyil, arxeoloji materiallar deyil, eyni zamanda, tərtib olunan icmal dəftərləri də deyir. İstanbul sülhündən sonra 1593-cü ildə tərtib olunan Osmanlı hökumətinin İstanbul icmal dəftərində bu kəndlərin adı yazılıb. Doğrudur, orada yaşayan əhalinin milli mənsubiyyəti deyil, dini mənsubiyyəti göstərilir. O cümlədən, Qərbi Azərbaycan bölgəsinin Qafan ərazisi də. Məsələn, orada Yuxarı Girətax kəndi var, o kənd çox məşhur kənddir. O kənddə 1593-cü ildə 4 ailənin yaşadığı qeyd olunub. Amma sonradan bu ailələrin sayı çoxalıb. Qafan ərazisinin tam əksəriyyəti azərbaycanlı əhalidən ibarət olub. Bu, kəndlərin adında da özünü göstərir: Şəhərcik kəndi olsun, yaxud bu dediyimiz Yuxarı Girətax olsun, Eyvazlı, Cığı, Gomaran, Qacaran olsun. Ərəb işğalı dövründə Xürrəmilər hərəkatının əsas mərkəzlərindən biri Zəngəzur və onun Qafan rayonu olub. Bu ərazilərdən hərbi məqsədlər üçün əlverişli şəkildə istifadə edilib. İndi Zəngəzur dəhlizi adı ilə məşhur olan ifadə var, bax o dəhliz boyunca elə tunellər var ki, inanılmaz quruluşa malikdirlər. Özü də bu tunellər SSRİ hökumətinin 1940-cı il 17 may tarixli SSRİ Yollar Nazirliyinin naziri Kaqanoviçin əmri ilə tikilərək dəmiryolu çəkilib. Bu proses üçün 4 idarə təşkil olunub: Culfa, Ordubad, Mehri şəhərlərində və Mincivan qəsəbəsində. Dəmiryolu birmənalı olaraq Azərbaycan SSR DYİ-nə məxsus olub. Məsələn, Mehri stansiyasında sərnişinlərə satılan biletin üstündə yazılırdı: Azərbaycan Dəmir Yolları. Yəni dəhlizin mülkiyyət mənsubiyyəti hüquqi baxımından Azərbaycan Respublikasına aid olmasına şübhə yoxdur.

Qafan ərazisində kilsə və məscidləri müqayisə edəsi olsaq, məscidlərin sayı daha çox idi

Mən Qafan və ümumilikdə Zəngəzurdakı dini abidələrə də toxunmaq istərdim. Qafanın, o cümlədən Qərbi Azərbaycan ərazisinin digər mahallarında İslam dininə aid bir sıra tarixi abidələri var. Buraya məscidlərlə bərabər, pirləri də aid eləmək olar. Məsələn, Qafan rayonunun Yuxarı Girətağ kəndinə yaxın ərazidə yerləşən məşhur Kəkilli piri vardır, bu, bütün Zəngəzurda məşhur idi. İnsanlar dini cərəyanların ifrat dərəcəsinə varmayıblar, yəni dini fanatiklik yoxdur. Səmimi idilər, dini inancları da bu cür səmimi formada təzahür edirdi. Qərbi Azərbaycan torpaqlarında, o cümlədən Qafan ərazisində kilsə və məscidləri müqayisə edəsi olsaq, məscidlərin sayı daha çox idi. Çünki əhali İslam dininə sitayiş edirdi. Yəni əhalinin əksəriyyəti azərbaycanlı idi. Orada alban dövrünə aid olan kilsələr var idi. Memarlıq üslubu etibarilə ermənilərə heç bir aidiyyəti yoxdur. Köçürülən ermənilər həmin kilsələrə sahib çıxaraq, bir növ, özününküləşdirmişdilər. Bu yöndə SSRİ-nin himayədarlığı da var idi. Məsələn, Mehri rayonu ərazisində 10-12-yə qədər kilsə var idi ki, onların içində XIX əsrin ikinci yarısında köçürülən ermənilər üçün tikilən və yarımçıq qalan kilsələr az idi, qalanları hamısı alban kilsələri idi və onlara heç ermənilər ibadətə getmirdilər. Yəni bu özü də o deməkdir ki, o kilsələr onların deyildi.

Fürsət düşmüşkən, hazırda da aktual olan Zəngəzur dəhlizi məsələsinə də diqqət çəkmək istərdim. Zəngəzur dəhlizinin inşası 1987-ci ilin noyabrında dayandırıldı. Aldərə kəndindən 3 km cənubda Cənubi Azərbaycanla sərhəddə SSRİ-nin sərhəd zastavası var idi və dəhliz üçün çəkilən yol oraya qədər davam etdirildi və elə orada da dayandırıldı. Bu dəhlizin çəkilməsi də birbaşa Ulu Öndər Heydər Əliyevin müstəsna rolu ilə əlaqədardır. O zaman Heydər Əliyev Sov.İKP Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi və Heydər Əliyevin nüfuzu bu işdə qarşımıza çıxan əngəlləri dəf etməyimizə imkan yaradırdı. Ermənilər isə SSRİ-nin ermənipərəst rəhbərləri ilə görüşür, çalışırdılar ki, yol çəkilməsin, prosesə mane olsunlar. Buna baxmayaraq, komissiya ciddi təhlillər apararaq, Azərbaycanın təklif etdiyi variantın daha səmərəli olduğu qənaətinə gəldi və yolun çəkilişləri başlanıldı. Dəhliz bütöv Azərbaycan adına çox vacib məsələ idi. Ulu Öndərin dəqiq proqnoz verməsi, əvvəlcədən hər şeyi görməsinin dəfələrlə şahidi olmuşuq. Bu mövzuda da o, olduqca dəqiq qərar vermişdi. Dəhliz ümumilikdə 46 km-dir. Orada 9 tunel var. O yolların coğrafi şəraiti çox mürəkkəbdir. Sıldırım, aşılmaz qayalar... O yolun inşası çox böyük zəhmət tələb edib. Yolun inşası 1940-cı ilin iyununda başlayıb. Qərar 1940-cı ilin mayın 17-də qərar verilib. 1941-ci ilin mayına qədər isə iş başa çatdırılıb. Vaxtilə SSRİ-nin xilas edilməsində o yolun böyük yolu var. Çünki yüklərin böyük hissəsi həmin dəhliz vasitəsilə alınırdı. Bu dəhlizin mülkiyyət mənsubiyyət hüququ Azərbaycan Respublikasına məxsusdur. Bu faktdır. Bu dəhliz bizim üçün çox mühüm strateji əhəmiyyətə malikdir və bütün türk dünyasının birləşməsi baxımından da çox vacibdir.

Onu da əlavə etmək istərdim ki, Qərbi Azərbaycan bölgəsi ilə bağlı müəyyən məsələlər tədqiq olunub. Məsələn, “Zəngəzur tarixi” adlı kitabı hazırlayıb artıq çapa təqdim etmişik, yəni bu iş görülüb və davam etdirilir. İrəvan xanlığı, İrəvan şəhəri ilə bağlı bir xeyli tədqiqatlar var. Ötən il çap olunan “İrəvan necə varsa” əsəri bu qəbildəndir. O cümlədən, Nazim Mustafanın “İrəvan şəhərinin tarixi”, Elçin Qarayevin “İrəvan xanlığının tarixi” ilə bağlı ikicildlik monoqrafiyası, Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” əsəri də buna misaldır. Bizim hazırladığımız atlasda da (2007) bu məqamlar öz əksini tapıb. İndi əsas vəzifə ondan ibarətdir ki, bunu kompleks şəkildə tədqiq edək. Bu çeşidləmə istiqamətində işlər davam etdirilir. AMEA-da Cənab Prezidentin Qərbi Azərbaycan ərazisi ilə bağlı çağırışlarına cavab olaraq üç şöbə yaradılıb. Dilçilik, Folklor və Tarix institutlarında bu məsələlərlə əlaqədar işlər görülməkdədir. Qarşımızda duran məsələ bütün Qərbi Azərbaycan tarixini əsaslı şəkildə hazırlamaq və bunu xalqımıza, dünya ictimaiyyətinə çatdırmaqdır. Həmin əsərləri biz, ən azı, 3 dildə çap etdirməyi düşünürük.

Qafan rayonundan və eləcə də Zəngəzurdan olduqca tanınmış adamlar çıxıb. Ulu Öndər Heydər Əliyevin ata və anası Qarakilsə rayonunun Comərdli və Urud kəndlərindəndir. Comərdli və Məhəmmədli kəndləri Heydər Əliyevin atası Əlirza Əliyevin ulu babaları Comərd və Alagöz Məhəmməd tərəfindən salınıb. Onlar Qarabağ xanı Pənahəli xan Cavanşirin ordusunun sərkərdələri olub. Bu nəslin şəcərəsi Azərbaycan Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsən və Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayıla gedib çıxır.

Cənab Prezidentin Qərbi Azərbaycan İcması ilə bağlı verdiyi tapşırıqlar, yaradılan şərait, o cümlədən çıxışlarında vurğuladığı fikirlərin hər biri məni şəxsən məmnun edir. Bütün bunlar çox böyük mətləblərə xidmət edir.

Məqaləni hazırladı: Nihat Pir

ONA

Teqlər:

SON XƏBƏRLƏR