Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri
Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları
Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü
Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı
Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer
Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ
On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər
On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası
On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək
On dördüncü yazı - Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri
On beşinci yazı - Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri
On altıncı yazı - Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları
On yeddinci yazı - Kəlağayısı ilə məşhur olan, sakinləri torpağın altında yaşayan Azərbaycan şəhəri
APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Ciloluq faciələri - Güney Azərbaycanda erməni cinayətləri” məqaləsini təqdim edir.
Xüsusilə 20-ci əsrin əvvəllərindən Rusiya, Fransa və İngiltərənin maşasına çevrilən ermənilər türklərə qarşı o qədər cinayətlər törədiblər ki, Türkiyə və Azərbaycanda bu cinayətlərdən xəbərsiz adam tapmaq çətindir. Bununla belə, çoxları ermənilərin Güney Azərbaycanda törətdikləri cinayətlərdən xəbərsizdir.
Ciloluq faciələri kimi tanınan faciə isə ermənilərin Quzey Azərbaycanda və Şərqi Anadoluda törətdikləri cinayətlərlə eyni vaxtda baş verib. Əslində, tarixin əksər dövrlərində, xüsusilə 20-ci əsrin əvvəllərində də istər Quzey Azərbaycanda, istər Güney Azərbaycanda, istərsə də Türkiyədə türklərin taleyi bir-birindən fərqlənməyib.
(Cilolar, Güney Azərbaycanda)
Əslində, 1890-cı ildə Tbilisidə radikal ermənilər tərəfindən “Böyük Ermənistan” xülyası ilə “Daşnaksütyun” çətəsi yaradıldıqdan sonra bölgə müsəlmanlarına, xüsusən də azərbaycanlılara qarşı düşmənçilik daha da gücləndi. Bundan sonra isə Azərbaycanın tarixi torpaqlarında, o cümlədən İrəvan, Bakı, Gəncə və digər şəhərlərdə etnik təmizləmə, eləcə də erməni dövləti yaratmaq məqsədi daşıyan böyük cinayətlər baş verdi.
Cilolar
1917-1918-ci illərdə Güney Azərbaycanın qərb bölgələrində ermənilərin və onların müttəfiqlərinin törətdikləri cinayətlər tarixdə “Ciloluq faciələri” adı ilə tanınır. Cilo, Türkiyənin Hakkari bölgəsində Van gölünün güney tərəfində yerləşən dağlıq bir bölgənin adıdır. Birinci Dünya savaşı dönəmində həmin bölgədə yaşayan erməni və assuriyalılar Rusiya, Fransa və İngiltərənin maraqlarına uyğun olaraq arxadan Osmanlı imperiyasına hücum etməyi planlaşdırdılar. Ancaq Osmanlı ordusuna qarşı heç bir şey edə bilmədikdən sonra Azərbaycana qaçdılar. Qaçanların bir qrupu Urmiya (Urmu) şəhərinə gəldilər. Ciloların (erməni və assuriyalı qruplar) Urmiya şəhərinə girdikləri dövrdə bu şəhər hələ rusların işğalı altında olsa da, Azərbaycan türkləri onları qonaqpərvərliklə qarşıladılar. Bəzi tarixi sənədlərdə Urmiyaya daxil olan ciloların tərkibində ermənilər və assuriyalılarla yanaşı, dağlıq Cilo bölgəsində yaşayan xristian kürdlərin də olduğu bildirilir. Osmanlı qaynaqlarına görə, Cilo bölgəsində ermənilər, assuriyalılar və xristianlaşmış kürdlər yaşamaqdaydı.
Ciloları kimlər və niyə dəstəkləyirdilər?
Ermənilər XVII əsrdən etibarən Rusiya tərəfindən dəstəklənirdi. Amma Birinci Dünya savaşı zamanı onlar yeni dəstəkçilər də tapdılar. Həmən günlərdə Rusiyadan başqa, Fransa, İngiltərə, Yunanıstan, hətta Amerika, bir sözlə, Osmanlı imperiyasının bütün düşmənləri ermənilərin dəstəkçiləri arasında idi. Bu dövlətlər Osmanlı imperiyasının torpaqları içində Ermənistan yaratmaq vədi ilə ermənilər və assuriyalıları savaşa təhrik edə bilmişdilər. Amma ermənilərin və assuriyalıların Osmanlı imperiyasına məğlub olub Urmiya şəhərinə qaçdıqlarını gördükdə yenə oxşar vədlər verərək onları bu dəfə Güney Azərbaycan türklərinin canına saldılar. Əslində onların məqsədi yenə də eyni idi. Onlar Anadolu torpaqlarında görə bilmədikləri işi bu dəfə Azərbaycan torpaqlarında gərçəkləşdirmək istəyirdilər. Beləliklə, Azərbaycan ərazisində xristian dövləti yaratmaqla həm Osmanlı imperiyasına təzyiq etmək istəyir, həm də bölgədə tampon hökumət qurmaq niyyətində idilər. Hadisələri qabaqlayaraq təəssüflə deyək ki, bundan da bir nəticə hasil olmayınca, Quzey Azərbaycanın İrəvan və digər tarixi torpaqlarında belə bir dövlət qurdular.
Britaniyalı polkovnik M. H. Donohoe ölkəsinin İran və Azərbaycan torpaqlarındakı əsgəri fəaliyyətlərindən söz açdığı kitabında cilosların ingilis və fransız qüvvələri tərəfindən hərbi təlim keçməsindən və dəstəkləri barədə açıq danışır. 1918-ci ilin yanvar ayından rəsmi olaraq ABŞ-ın Urmiyadakı konsulu, missioner heyətinin rəhbəri doktor Şet Amerika nümayəndəliyinin dini ianə pulunu Cilo müharibəsi xərclərini qarşılamaq üçün istifadə etmişdi. 1917-ci il oktyabr inqilabından sonra ruslar Azərbaycanı tərk etmək məcburiyyətində qaldıqda, silahlarının çoxunu cilolara verdilər.
Ciloların Güney Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər
1917-ci ilin sonunda Urmiyada başlayan münaqişələr 1918-ci ilin əvvəllərində daha da şiddətləndi. Cilolar 1918-ci ilin fevralında Urmiya və ətraf kəndlərdə yaşayan türklərə qarşı kütləvi hücuma keçdilər, tarixi mənbələrə görə təkcə bu hücumda və təkcə Urmiya şəhərində on minə yaxın Azərbaycan türkü öldürüldü. Öldürülən azərbaycanlıların çoxu dinc əhali olub, içində qadın və uşaqlar da yer alıb.
Beləliklə, bir müddət əvvəl Urmiyaya qonaq və qaçqın kimi gələnlər indi ev yiyələrini öldürərək şəhərə nəzarəti ələ keçirdilər. Ciloların sərkərdəsi Marşimon Urmiyada törətdikləri cinayətlərdən sonra bu şəhərin yaxınlarında yerləşən Salmas şəhərinə sarı yola düşdü. Marşimonun əsas hədəfi Salması da Urmiya kimi ələ keçirmək idi. Ancaq o ciloların sayının az olduğunu yaxşı bilirdi. Həmən günlərdə Salmasın Çehriq kəndində dövlət sevdasında olan bir kürd tayfasının başçısı İsmayıl Simko yerləşməkdəydi. Marşimon Salması ələ keçirməzdən qabaq Simkonu öz tərəfinə keçirmək istəyirdi. Lakin Simko onun gələcəkdə qurulacaq dövlətlə bağlı verilən vədlərinə aldanmadı və Marşimonu öldürdü.
(Simko, Güney Azərbaycan türklərinin canını və malını qəsb etmiş cinayətkar, şəkilin ortasında. Cilolara böyük dəstək göstərən amerikalı diplomat Dr. Şet Simkonun sağında durub.)
Bizim Marşimonun Simkoya nələr vəd etdiyindən xəbərimiz yoxdur. Həmən dövrün tanınmış tarixçisi Əhməd Kəsrəvi yalan-doğru Simkonun dilindən belə yazır: “İndi Kürdüstan adlanan bu torpaqlar (?!) hamımızın vətəni olub. Amma dindəki ayrılıq bizi parçalayıb, belə hala qoyub. İndi biz əlbir olub bu torpağı ələ keçirib birlikdə yaşamalıyıq. Biz ordu səfərbər etmişik, amma atlılarımız yoxdur. Bizimlə olsanız, atlılarınızın çox olduğuna görə, Təbrizə gedib oranı da alarıq”.
Simko həmən vaxt əlavə edir ki, assuriyalılar əslində xristianlaşmış kürdlərdir. Buna görə də Marşimon Simko ilə öz arasındakı fərqi sadəcə din ayrılığında görür. Hər nə olursa-olsun, Simko Marşimona inanmır və öldürülür.
Marşimonun öldürülməsi xəbəri cilolara İlaxır çərşənbə gecəsi Urmiyada çatdı. Minlərlə əzizini itirən Azərbaycan türkləri qara bayrama hazırlaşırdılar. Ancaq bu xəbər onların qara bayramlarını da matəmə çevirdi. Cilolar Simkonun acığını Güney Azərbaycan türklərindən çıxdılar. Elə həmin gecə ciloların başçıları döyüşçülərinə Urmiyada qətliam törətmək və qarət üçün 12 saat vaxt verdilər. Lakin qətliam 24 saat çəkdi.
Marşimon öldürüldükdən sonra Petros xristian qüvvələrinin komandanlığını öz üzərinə götürdü. Petros Marşimonun qisasını almaq bəhanəsi ilə öz qüvvələri ilə Salmas şəhərinə hücum etdi. Lakin Simko dağlara qaçdı və Marşimonun qisası da Güney Azərbaycanın Salmas şəhərindəki türklərdən alındı! Həmin gün Təbriz, Xoy və Qaradağdan olan dəstələr Salmas əhalisinin dadına çatmaq istəsələr də, bu dəstələr cilo düşərgəsindən açılan atəşin qarşısında geri çəkilməyə məcbur oldu.
Ciloluq faciələri, Güney Azərbaycan tarixinin ən acı səhifələrini təşkil edir. Ancaq o gecə qaniçən ermənilərin əlindən canını götürüb ayaqyalın, başaçıq Xoya qaçan Salmas türklərinin çoxunun Simkonun çətəsi tərəfindən qarət edilməsi tariximizin ən acı səhifəsidir.
Beləliklə, Cilolar Salmas şəhərini də ələ keçirtdikdən sonra Xoy və Təsuc şəhərlərinə də hücum etməyi düşünsələr də, yetərincə adamları və gücləri yox idi. Erməni daşnakları ilə birlikdə hərəkət edən cilolar Xoyun işğalını Andranikə həvalə edib, özləri Təsuc şəhərinə doğru hərəkət etməyə qərar verdilər.
Məhz belə bir vəziyyətdə erməni daşnaklarının ən qaniçən başçılarından biri Andranik müxtəlif qaynaqlara görə, 6-12 min nəfərlik qüvvə ilə Araz çayını keçərək Xoy istiqamətində hərəkət etdi. Andranikin Quzey Azərbaycanda törətdikləri cinayətlər hər kəsə məlumdur. 1918-ci il iyunun 23-də Andranik Araz çayını keçərək Quzey Azərbaycanda törətdiyi cinayətləri Güney Azərbaycanda da təkrarlamağa çalışırdı.
Ancaq Xoy şəhərinin əhalisi ciloların Urmiyada və Salmasda törətdikləri cinayətlərdən xəbərdar idilər və müqavimət göstərməyə də qərarlıydılar. Xoyun ətrafındakı divar da onlara yardımçı oldu. Beləliklə, xoylular şəhərin qapılarını bağlayıb şəhəri əhatələyən hündür divarların üstündə yer aldılar. Cilolar şəhəri mühasirəyə aldılar. Həmən gün xoylular canları bahasına şəhəri müdafiə edərək erməniləri geri oturtdular.
(Daşnak-ermənilərin qarşısında xoyluların müqavimətinin canlı şahidi Qala Qapısı. O zamanlar şəhərin divarının eşik tərəfində dərin xəndək də vardı. Yazılanlara görə, ermənilər xoyluların müqavimətini qıra və şəhərin qapılarını aça bilmədikləri üçün hiyləyə əl atırlar. Belə ki, 2 erməni özlərini Osmanlı əsgərləri qılığına salaraq qapıya yaxınlaşır və içəri girmək üçün qapının açılmasını istəyir. Ancaq xoylular daha tədbirli davranırlar. Bir nəfəri iplə aşağı sallayırlar. Həmən xoylu gələnlərin erməni olduqlarını, üstəlik özləri ilə qapını partlatmaq üçün partlayıcı maddə gətirdiklərini görür və dərhal onlara sarılaraq xəndəyə dığırladır və ucadan bağırır: Üçümüzü də vurun! Qapını partlatmaq istəyirlər! Lakin qaladakılar xoyluya bir zərər yetirmədən hər iki ermənini vururlar)
Ermənilər xoyluların ciddi müqavimət göstərəcəklərini düşünməmişdilər. Əslində, ermənilərin düşünmədikləri başqa bir məsələ də vardı. Dar gündə Azərbaycan türklərinin imdadına çatan Türk-Osmanlı ordusu! Xoy şəhərinin mühasirəsi Osmanlının Urmiya yürüşü ilə eyni vaxta təsadüf edirdi və Urmiyanı ciloların əlindən qurtarmağa gedən Türk-Osmanlı ordusu mühasirədən xəbər tutanda yolunu Xoy istiqamətindən saldı. Beləliklə, qardaşın imdadına qardaş çatdı. Xoy mühasirədən qurtuldu. İşğalçı ermənilər darmadağın oldu. Qalanları da gəldikləri yerlərə döndülər.
Osmanlı ordusu Xoydan sonra Salmas və Urmiyanı da qəddar ciloların əlindən qurtardı və beləliklə, Güney Azərbaycan tarixinin ən acı, amma eyni anda uğurlu səhifələrindən biri də bağlanmış oldu. Təəssüf ki, ciloların bu ağır və acı cinayətləri haqqında yetərincə çalışma aparılmayıb. Ermənilərlə dostluğu öz daxili və xarici siyasətində prioritet hesab edən İran dövləti də bu cinayətləri ört-bas etmək məqsədi ilə bu mövzuda ciddi akademik çalışmalara izn vermir. Ancaq, tariximizi bilmək və bildirmək bizim haqqımızdır.
Məhəmməd Rəhmanifər